36 rayon və şəhərə səfər, 131 sosial obyektin açılışı

 

Prezident İlham Əliyevin regional inkişaf siyasəti

 ötən il də uğurlu nəticələr verib

 

 

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aparılan siyasət inkişafın Azərbaycan modelinin əsas tərkib hissələrindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafını müəyyən edən birinci və ikinci dövlət proqramları ilə bağlı həyata keçirilən uğurlu islahatların, yenidənqurma işlərinin nəticəsidir ki, hazırda ölkəmizin bütün bölgələrində inkişafa nail olunub, regionların siması, insanların sosial həyatı əhəmiyyətli dərəcədə dəyişib.

İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə sosial-iqtisadi sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə respublikamızın yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifi olmuşdur. Ölkə başçısında olan bir sıra yüksək keyfiyyətlər - qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı Azərbaycanın inkişafını və müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdəndir.

Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir ki, regionların sosial-iqtisadi inkişafına dair proqramların qəbul edilməsi bölgələrdə mövcud vəziyyətin yaxşılaşdırılmasında müstəsna rol oynamışdır: "İş yerlərinin açılması, yeni sənaye müəssisələrinin yaradılması, bölgələrdə infrastruktur layihələrin icrası, o cümlədən sosial infrastrukturun yaradılması bir neçə ciddi məsələnin həllinə gətirib çıxarmışdır. Bölgələrdə iş yerləri açıldı. Rayonlardan böyük şəhərlərə, xüsusilə Bakıya miqrasiya meylləri bir qədər azaldı. Əlbəttə ki, ölkəmizin hərtərəfli inkişafı təmin edildi. Çünki Azərbaycan əhalisinin əksəriyyəti bölgələrdə yaşayır. Bölgələrdə normal şəraitin yaradılması bizim üçün daim prioritet məsələ olaraq qalır. İki dövlət proqramının icrası da hesab edirəm ki, bu sahədə atılmış ən ciddi addım olmuşdur".

Hələ 10 il öncə "qara qızıl"ın insan kapitalına çevrilməsinin vacibliyini bildirən dövlət başçısının fikirləri demək olar ki, reallaşmışdır. Dekabrın 23-də "2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammı"nın icrasının yekunlarına həsr olunmuş konfransda çıxış edən Prezident İlham Əliyev son 10 ildə ölkəmizdə görülən işlərə və qazanılan uğurlara bir daha nəzər yetirmişdir: "Bütövlükdə bu il 2003-2013-cü illəri əhatə edən bir dövr başa çatır. Bu dövr ölkəmiz üçün çox uğurlu olmuşdur. Deyə bilərəm ki, son on il ərzində dünyada iqtisadi cəhətdən Azərbaycan qədər inkişaf edən ikinci ölkə yoxdur. Bütün statistik məlumatlar bunu təsdiqləyir. İqtisadiyyatımız 300 faizdən çox-3,4 dəfə artmışdır. Yoxsulluq şəraitində yaşayanların sayı xeyli azalmışdır. İndi Azərbaycanda yoxsulluğun səviyyəsi 5 faizdən bir qədər çoxdur. Yəni, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Biz hətta inkişaf etmiş bir neçə ölkəni qabaqlayırıq. İşsizliklə bağlı məsələlər həllini tapır. İşsizlik 5 faiz səviyyəsindədir. Bakı şəhərində isə məncə, bütövlükdə bu məsələ öz həllini tapmışdır".

Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın iqtisadi islahatları dünyanın aparıcı iqtisadi və maliyyə qurumları tərəfindən də təqdirlə qarşılanır. Dünyanın bir nömrəli iqtisadi qurumu olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görüb. Yəni, bunların təməlində düşünülmüş siyasət, Azərbaycanda 1990-cı illərin ortalarında başlamış islahatlar, ulu öndər Heydər Əliyevin siyasəti dayanır.

Bu gün həqiqətən regionların sosial-iqtisadi inkişafı ilə bağlı müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Bu tədbirlər sırasında regionların sosial-iqtisadi inkişafı naminə görülən işlər, xüsusilə də konkret zamana və məkana hesablanmış dövlət proqramlarının uğurlu icrası ölkə əhalisinin təkcə maddi və sosial deyil, həm də mədəni və mənəvi inkişafına birbaşa təsir göstərir. Təkcə ölkə paytaxtının və iri sənaye şəhərlərinin deyil, respublikanın bütün şəhər və rayonlarının, o cümlədən qəsəbə və kəndlərinin inkişafına təkan verən infrastruktur layihələrin icrası, iqtisadiyyatın ildən-ilə artan gücündən səmərəli istifadə, insan kapitalının inkişafına yönəlik addımlar, dövlət üçün prioritet olan bütün istiqamətlərdə icra olunan layihələr Azərbaycanın simasını dəyişmişdir. Regionların inkişafına hesablanmış bu kimi addımlar kənd və qəsəbələrlə rayon mərkəzləri arasında, rayonlarla şəhərlər arasında təkcə infrastruktur fərqlərini deyil, həm də sosial-iqtisadi və mədəni-siyasi fərqi minumuma endirmişdir. Bu nailiyyətlərin əldə olunmasında təbii ki, Azərbaycan Prezidentinin təsdiq etdiyi dövlət proqramlarının icrası mühüm rol oynamışdır.

Regionların sosial-iqtisadi inkişafını müəyyən edən birinci və ikinci dövlət proqramlarının həyata keçirilmə prosesi, icrası daim Prezident İlham Əliyevin diqqətindədir. Bunu dövlət başçısının regionlara etdiyi səfərlər də bir daha təsdiq edir. 2013-cü ildə Prezident İlham Əliyev Qəbələ (2 dəfə), Hacıqabul, Mingəçevir, Qobustan, Sumqayıt (2 dəfə), Şirvan, Tovuz, Qazax, Ağstafa, Siyəzən, Xaçmaz, Şabran, Kürdəmir, İsmayıllı, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Sabirabad, Saatlı, Ağcabədi, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Astara, Lənkəran, Yevlax, Bərdə, Naftalan, Şəmkir, Gədəbəy, Quba (2 dəfə) və Qusarda səfərdə olub. Ümumilikdə götürdükdə isə dövlət başçısı bölgələrə 39 dəfə səfər edib.

Prezident İlham Əliyevin rayonlara sistemli və davamlı xarakter alan səfərləri regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin müəyyən olunmasını və həyata keçirilməsini təmin edir. Dövlət başçısı regionlardakı kənd və qəsəbələrin, ölkənin hər bir yaşayış məntəqəsinin sosial infrastrukturunun yaxşılaşdırılması üçün maliyyə vəsaitlərinin ayrılmasını təmin edir. Ölkə üzrə aparılan yenidənqurma işlərinin və inkişaf proqramlarının həyata keçirilməsinə dövlət büdcəsindən ayrılan xərclərlə yanaşı, Prezidentin Ehtiyat Fondundan da əlavə maliyyə vəsaitləri yönəldilir ki, bu da insanların rahatlığına, firavan yaşamasına səbəb olur.

Dövlət başçısı ötən il şəhər və rayonlara etdiyi səfərlər zamanı mühüm sosial obyektlərin açılışında, habelə bir sıra sosial obyektlərin təməlqoyma mərasimlərində iştirak etmişdir. Ümumilikdə Prezident şəhər və rayonlara etdiyi 39 səfəri zamanı 131 sosial obyektin açılışında iştirak etmiş, 43 mərkəzdə aparılan təmir - tikinti, əsaslı bərpa və yenidənqurma işləri və yaradılan şəraitlə tanış olmuşdur. Dövlət başçısının açılışlarında iştirak etdiyi obyektlərin statistikasına nəzər saldıqda görərik ki, 1 ildə bölgələrdə 15 Heydər Əliyev Mərkəzi, 17 istehsal müəssisəsi, 7 Gənclər Mərkəzi, 7 istirahət kompleksi və park, 6 Bayraq Meydanı, 6 hotel kompleksi, 6 Mədəniyyət Mərkəzi, 4 Olimpiya İdman Kompleksi, 5 İdman Mərkəzi (2 Atıcılıq klubu, 2 Regonal Boks Mərkəzi, 1 Milli Qolf Klubu) 5 Mərkəzi Xəstəxana, 3 körpələr evi - uşaq baxçası, 2 muzey, 2 Elektrik Stansiyası, 1 hava limanı tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, dövlət başçısı səfər etdiyi 36 rayon və şəhərin 17-də içməli suyun verilməsi, su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində, eləcə də, 16 rayonda avtomobil yolunun açılışında iştirak etmişdir. Eyni zamanda Prezident İlham Əliyev 3 rayonda 4 yeni körpünün açılışı mərasiminə qatılmış, Azərbaycan Silahlı Qüvvələrinin bölgələrdə yerləşən hərbi hissələrindəki vəziyyətlə tanış olmuşdur.

2013-cü ildə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunmuşdur, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqrammı"nın icrasının yekunlarına həsr olunmuş konfransda dövlət başçısı deyib: "2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramı qəbul olunarkən biz bir neçə məqsədi qarşımıza qoymuşduq. İlk növbədə, qarşıya bölgələri inkişaf etdirmək, bölgələrdə iş yerlərinin açılmasına, yerli sahibkarlığın inkişafına nail olmaq, idxaldan asılılığımızı azaltmaq, infrastruktur layihələri yaratmaq məqsədləri qoyulmuşdu ki, insanlar bölgələrdən böyük şəhərlərə miqrasiya etməsinlər. Nəticə etibarilə qarşıya məsələ qoyulmuşdur ki, bölgələrlə Bakı arasındakı fərqi azaltmaq lazım idi. Biz son on il ərzində iki regional proqram icra edilibdir - buna nail ola bilmişik".

Bəli, iki regional proqramın icrası bölgələrdə çox böyük dəyişiklik yaratmışdır. Bu proqramlar çərçivəsində regionlarda yeni-yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin isifadəyə verilməsi, ölkəmizin turizim imkanlarının ildən-ilə genişlənməsi və bu sahəyə sərmayə yatırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların, gənc ailələrə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, xaricdə təhsil alan tələbələrə dövlət qayğısının artırılması və bu kimi digər əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi bütövlükdə ölkəmizin, eləcədə regionların inkişafını şərtləndirən başlıca amillərdəndir. Məhz, bu inkişaf xətti Azərbaycan insanının sosial rifah halının günü-gündən yüksələn səviyyəsini şərtləndirir. Eyni zamanda qeyd etməliyik ki, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondu da regionların sosial-iqtisadi inkişafında yaxından iştirak edir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb", "Uşaq evləri və internat məktəblərinin inkişafı", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Respublikamızın bölgələrində fondun xətti ilə sosial, infrastuktur, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, idman, mədəniyyət və digər sahələri əhatə edən yüzlərlə layihələr, çoxlu sayda xoşməramlı tədbirlər keçirilib.

İqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi və əhalinin sosial həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin qarşısında yenə də vacib vəzifə kimi durur. Hələ ötən ilin fevral ayında Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqrammı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni dövlət proqramının hazırlanacağını bəyan etmişdir. Prezident İlham Əliyevin sözlərinə görə, 2009-2013-cü illərə dair regional inkişaf proqramının icrası başa çatdıqdan sonra yeni proqram hazırlanacaq: "Əlbəttə ki, bu il ikinci Dövlət Proqramı başa çatandan sonra yeni proqramlar ortaya qoyulacaqdır. Yəni, dövlət üzərinə düşən vəzifələri icra edir. Gələcək planlarımızla bağlı deyim ki, bu ilin sonunda ikinci dövlət proqramı başa çatır. Yenə də demək istəyirəm, əminəm proqram uğurla başa çatacaqdır. Ancaq biz gələcəyə baxmalıyıq və baxırıq. Hesab edirəm ki, artıq üçüncü dövlət proqramının hazırlanması ilə bağlı işlər başlamalıdır. Əminəm ki, 2014-cü ildə üçüncü dövlət proqramı - beşillik proqram qəbul ediləcəkdir. O proqramda edə bilmədiyimiz, yəni çatdıra bilmədiyimiz məsələlər əksini tapacaqdır və beləliklə, ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin ediləcəkdir".

Bunlar onu göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2013.-15 yanvar.-S.2.