Qafqaz Müsəlmanları İdarəsinin sədri Həzrət Məhəmməd

 Peyğəmbərin Mövludu münasibətilə Azərbaycan

 xalqını təbrik etmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Həzrət Məhəmməd Peyğəmbərin Mövludu münasibətilə bütün xalqımızı və dindarları təbrik etmişdir.

QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, təbrikdə deyilir: "Bismillahir-rəhmanir-rəhim!

Bəşərə mükəmməl əxlaq nümunəsi və hidayətin çırağı kimi göndərilən Xatəmül-Ənbiya Peyğəmbərimiz Həzrət Məhəmmədin mübarək Mövludu münasibətilə bütün xalqımızı və müsəlman dindarlarımızı təbrik edirəm.

Aləmlərin Rəbbi yer üzünə göndərdiyi bütün peyğəmbərlərini əxlaqi vəzifələrlə mükəlləf etmiş və onlara öz cəmiyyətlərini islah etmək vəzifəsi vermişdir. Fəqət sonuncu Peyğəmbərimiz Həzrət Məhəmmədin mənəvi üstünlüyü onun təkcə mənsub olduğu cəmiyyətə deyil, bütün aləmlərə rəhmət olaraq göndərilməsindədir: "Ya Rəsulum! Biz səni (təkcə öz qövmünə deyil), bütün insanlara (Cənnətlə) müjdə verən və (cəhənnəm əzabı ilə) qorxudan bir Peyğəmbər olaraq göndərdik..." (Səba, 28).

Bu gün İslam Peyğəmbərinin məfkurəvi möhtəşəmliyi onun təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül və bütün bəşəriyyətin mənəvi islahı ideyalarındadır. Bu ideyalar həm müsəlman ümməti, həm bütün qeyri-müsəlmanlar üçün hələ də aktualdır, çünki onun təməlində müasir dünyamızın ziddiyyətli problemlərinin mənəvi islahatlar yolu ilə həlli dayanır.

Biz, Azərbaycan müsəlmanları, hər şeydən əvvəl, mübarək Mövludun ölkəmizin dini ictimaiyyəti tərəfindən tədbirlər silsiləsi şəklində qeyd olunmasını dövlət müstəqilliyimizin dindarlara bəxş etdiyi etiqad azadlığının bariz nümunəsi kimi dəyərləndiririk. Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev Təzəpir məscidində Həzrət Məhəmməd Peyğəmbərimizin mübarək Mövludunda iştirak edən və islam dəyərlərinə müstəsna qiymət verən ilk dövlət rəhbərimiz olmuşdur. Şükürlər olsun ki, bu ənənəyə sadiqlik hissi bu gün də vardır və Həzrət Məhəmmədin xatirəsinə layiq olan həm din-dövlət vəhdətinin, həm də məzhəbi vəhdətin nadir nümunəsini ölkəmizdə yaşamaq və bəyan etmək imkanımız mövcuddur.

Bir daha mübarək Mövlud həftəsi münasibətilə dindarlarımızı təbrik edir, bu müəzzəm günlərdə hər kəsi Xatəmül-Ənbiyanın aləmlərə örnək olan əxlaqından bəhrələnməyə, onun kamillik məktəbinin davamçıları olmağa dəvət edirəm. Allah-təala hər birimizin yardımçısı olsun, dövlətimizi baqi, ümmətimizi əbədi etsin, inşallah!

Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu!"

 

Azərbaycan.-2014.-15 yanvar.-S.3.