Milli Qürur mənbəyi

 

Tarixin qan yaddaşı

20 yanvar faciəsindən 24 il keçir

 

20 Yanvar hadisələrindən 24 il keçir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gün keçmiş sovet dövlətinin xalqımıza qarşı həyata keçirdiyi vəhşi terror aktı, insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi yazıldı. Azadlığı uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha nümayiş etdirdi.

Bakıya yeridilən sovet ordusunun xüsusi təyinatlı bölmələrin və daxili qoşunların əsgərləri görünməmiş qəddarlıq və vəhşiliklər törədirdilər. Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni o zamankı sovet ittifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinməyən kommunust diktaturası sankı süqutunun heyifini alırdı.

Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmüş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Krasnodardan, StavropoldanRostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, hətta erməni kursantları da daxil etmişdi. Bakıya yeridilmiş qoşuna xüsusi döyüş tapşırığı verilmiş və əməliyyatı yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər.

Guya qoşun Bakıya hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər" tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində bu riyakarlıq idi. Çünki sovet rəhbərliyinin dedikləri həqiqət olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt Bakıda daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Hətta 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat əhaliyə yalnız yanvarın 20-də, səhər saat 7-də çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.

Bakı küçələrində hərəkət edən tanklar və BTR-lər qarşısına çıxan hər şeyi əzir, dağıdır, hərbçilər şəhəri güllə yağışına tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım" maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 140-dək insan öldürüldü, 700 nəfərədək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

20 Yanvar şəhidləri Dağüstü Parkda dəfn olundu. Tarıxə nəzər salanda görürük ki, 20 Yanvar faciəsindən neçə illər öncə də bura qəbiristanlıq olub. Vaxtilə Çəmbərəkənd qəbiristanlığı kimi tanınan bu yer sovetlər dönəmində yox edilərək yerində Dağüstü Park salınmışdı. Parkın ən görkəmli yerində isə bolşevik liderlərindən sayılan, əli yüzlərlə insanın qanına batmış S.M.Kirovun heykəli ucaldılmışdı. Həmin şəhidlərin narahat ruhu onların məzarları üzərində ucaldılmış bir cəlladın heykəlindən xilas edildi. 1990-cı ilin 20 Yanvar faciəsi şəhidlərinin bu yerdə dəfn olunmasi ilə bu müqəddəs yerin əzəli statusu özünə qaytarıldı.

Şəhidlər Xiyabanına girərkən bizi ilk qarşılayan 20 Yanvar şəhidləri İlham və Fərizənin qəbridir. Onlar Azərbaycanın milli mücadilə rəmzi, sevgi, sədaqət rəmzidir bizim üçün. 20 Yanvar gecəsi İlham rus işğalçıları tərəfindən qətlə yetirilərək şəhid oldu. Bu xəbəri eşidən sevgilisi Fərizə isə "İlhamsız yaşamaqdansa ölmək yaxşıdır" deyib intihar etdi. İyirminci əsrin yeni məhəbbət dastanı yarandı - İlham və Fərizə dastanı. Leyli və Məcnun, Fərhad və Şirin kimi məhəbbət dastanlarının sırasına bir dastan da əlavə edildi. Ancaq digər məhəbbət dastanlarından fərqli olaraq bu dastanın qəhrəmanlarını çoxlarımız tanıyırdıq. 2003-cü ildən başlayaraq İlhamla Fərizənin toy günü - 30 iyun isə Azərbaycanda "Sevgililər Günü" kimi qeyd edilməyə başladı.

Azərbaycanın müstəqilliyi uğrunda bızə bəxş olunan bugünkü firavan və gözəl həyat namınə canlarından keçən insanları nədən məhz doğum günlərində və ya ölüm günlərində xatırlayırıq?! Axı, daim qəlbimizdə yaşamağa haqqı olan bu qəhrəmanları vaxtaşırı xatırlamaq, yada salmaq bizim hər birimizin mənəvı borcudur. İnanın ki, bu həm də gənc nəslin vətənpərvər ruhda böyüməsinə müsbət təsirini göstərər. Televiziya kanallarında gərəksiz və əxlaqa zidd olan verilişlərdən, söhbətlərdən, sou proqramlardansa gözünü qırpmadan vətən, bu xalq üçün canından keçən insanlarla bağlı verilişlər hazırlamaq, onları xatırlamaq, yada salmaq daha məqsədəuyğun və faydalıdır. Bu həm də onların ruhları qarşısında yerinə yetirməli olduğumuz mənəvi borcdur.

Şəhid ailələri həmişə ölkə rəhbərinin diqqətində olub. Ulu öndər hər zaman şəhid ailələrini dövlət qayğısı ilə əhatə edirdi. 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı dövlət başçısının diqqətində olub. 1993-ci ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülübbu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına "20 Yanvar şəhidi" fəxri adı verilib, "1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında" 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən əlil olmuş şəxslərə verilən aylıq müavinət artırıldı və bu davamlı olaraq həyata keçirilir.

Prezident İlham Əliyev də müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük işlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

2006-cı il yanvarın 19-da dövlət başçısının " 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Prezident təqaüdü təsis edildi. Bütün bunlar ölkə rəhbərinin 20 Yanvar şəhidlərinə, bütövlükdə Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda canından keçmiş şəhidlərimizə, onların ailələrinə gösrərilən qayğı və diqqətin təzahürüdür. Bizim də üzərimizə düşən vəzifə hər zaman onları xatırlamaq və qəlbimizdə yaşatmaqdır. 

 

 

 

Valeh RƏHİMLİ,

Azərbaycan.-2013.-15 yanvar.-4.