Akademik Zərifə Əliyeva adına Liseydə innovativ İKT

 əsaslı tədris otağı istifadəyə verilmişdir

 

Yanvarın 14-də Akademik Zərifə Əliyeva adına Liseydə informasiya-kommunikasiya texnologiyaları (İKT) avadanlığı ilə təchiz olunmuş innovativ İKT əsaslı tədris otağının açılışı olmuşdur.

İnnovativ İKT əsaslı tədris otağı "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsi çərçivəsində Koreya Respublikası hökumətinin dəstəyi ilə yaradılmışdır.

Müəllim və şagirdlərin iştirak etdikləri açılış mərasimində Azərbaycan Respublikası təhsil nazirinin müavini Ceyhun Bayramov  Prezident İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətindən danışmışdır.

Qeyd olunmuşdur ki, müvafiq Dövlət Strategiyasında təhsildə İKT-nin inkişafı strateji hədəflərdən biri kimi nəzərdə tutulur.

Nazir müavini müvafiq sahədə İKT-nin inkişafı ilə bağlı fikirlərini də diqqətə çatdırmışdır.

Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn ölkələrimiz arasında təhsil əlaqələrinin əhəmiyyətindən bəhs etmişdir.

Səfir qeyd etmişdir ki, "İnnovativ informasiya-kommunikasiya texnologiyaları əsaslı pilot tədris otağı" layihəsinin məqsədi təhsilin informasiyalaşdırılması sahəsində öz ölkəsinin təcrübəsini və bacarıqlarını Azərbaycan ilə bölüşməkdən ibarətdir.

Koreya Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Vu-Jung Kim innovativ liseydə İKT əsaslı tədris otağının təşkil olunmasının  əhəmiyyətini və ondan səmərəli istifadə ediləcəyinə əminliyini vurğulamışdır.

İnnovativ İKT əsaslı tədris otağı 42 noutbuk, 4 monitor, 11 planşet, 1 dəst elektron interaktiv lövhə və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığı ilə təchiz olunmuşdur. Eyni zamanda, layihə çərçivəsində məktəbin 40 nəfərlik pedaqoji heyətinə İKT-nin tədrisə tətbiqi ilə bağlı təlim keçirilməsi nəzərdə tutulmuşdur. 

Sonra tədbir iştirakçıları innovativ İKT əsaslı tədris otağında  açıq dərslə tanış olmuşlar.  

 

 

 

AzərTAc

Azərbaycan.-2013.-15 yanvar.-6.