Ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Meksika

 əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur

 

Yanvarın 14-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  ölkəmizdə səfərdə olan Meksika Senatının xarici məsələlər komissiyasının sədri Qabriela Kuevas Barronun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, H.Hüseynova qonaqlara ölkəmizdə həyata keçirilən dövlət qadın siyasəti haqqında məlumat vermişdir. Bildirmişdir ki, ailə, qadın və uşaq hüquqlarının müdafiəsinin reallaşdırılması üçün 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında  Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı ildə bu sahədə vahid dövlət siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ölkəmizdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində hüquqi islahatlar aparılmışdır.

H.Hüseynova Azərbaycanda həyata keçirilən gender siyasəti, qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışmış, müvafiq istiqamətlər üzrə xarici ölkələr, o cümlədən Meksika ilə əməkdaşlığın inkişafının xüsusi əhəmiyyətini qeyd etmişdir.

Qonaqlar Azərbaycanda reallaşdırılan dövlət qadın siyasətini, habelə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində toplanmış təcrübəni yüksək qiymətləndirmişlər.

Qeyd olunmuşdur ki, son illərdə Meksika qanunvericiliyində bu sahədə müsbət dəyişikliklər əldə olunmuş, qadınların siyasi fəallığı artmışdır.

Görüşdə ailə, qadın və uşaq problemlərinin həlli sahəsində Azərbaycan-Meksika əməkdaşlığının perspektivlərindən bəhs olunmuş, bu sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bildirilmişdir.

Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış və qonaqları maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.

 

Azərbaycan.-2013.-15 yanvar.-6.