Lerikin ilk müəllimi yad edildi

 

Bütün həyatını elinin-obasının maariflənməsinə həsr edən insanları gələcək nəsillərə tanıtdırmaq şərəfli işdir. Onların ləyaqətli ömrü örnəkdir, tərbiyə məktəbidir. Elə bir məktəb ki, burada şagirdlərə təhsillə yanaşı, xeyirxahlıq və məhəbbət də təbliğ olunur. Bu baxımdan Lerik Rayon Ağsaqqallar Şurasının son illər həyata keçirdiyi tədbirlər diqqətəlayiqdir. Ağsaqqalların təşəbbüsü ilə müharibə və əmək veteranlarının, ziyalıların yubileylərini keçirmək ənənəyə çevrilmişdir.

Bu günlər ağsaqqallar Lerikin ilk ali təhsilli ziyalısı, 86 illik ömrünün 65 ilini dağ kəndlərində savadsızlığın ləğvinə, maarif ziyasının yayılmasına həsr etmiş Əli Vəliyevin 100 illik yubileyini onun ilk dəfə pedaqoji fəaliyyətə başladığı Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü liseyində keçirmişlər. Tədbirdə çıxış edən İkinci dünya müharibəsinin veteranı Daşdəmir Paşayev, Prezident təqaüdçüsü Musa Bədəlov, ehtiyatda olan polis polkovniki Özübəy Quliyev, əmək veteranı Ataxan Şiriyev, Lerik Şəhər Ağsaqqallar Şurasının sədri Vəliağa Şahpələngov, müəllim Zakir Vəliyev, rayon icra hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova Əli müəllimin şərəfli ömür yolundan söhbət açmış, xatirələrini danışmışlar.

Əli Vəliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmiş ilk lerikli ziyalı olub. O, uzun illər müəllim, tədris hissə müdiri, məktəb direktoru işləyib, gənc nəslə tariximizi öyrədib. İkinci dünya müharibəsi illərində rayon maarif şöbəsində inspektor, şöbə müdiri vəzifələrində çalışmış Əli Vəliyev məktəblərin pedaqoji kadrlarla möhkəmləndirilməsində, yeni təhsil ocaqlarının yaradılmasında əsl fədakarlıq göstərib. Əməyi layiqincə qiymətləndirilib, ordenmedallarla təltif olunub. O, "Qabaqcıl maarif xadimi" idi.

Əli müəllimin vaxtilə dərs dediyi şagirdlər arasında əməkdar elm xadimləri, elmlər doktorları və elmlər namizədləri, həkimlər, mühəndislər, adlı-sanlı adamları vardır. Onlar müəllimlərini ehtiramla və hörmətlə xatırlayır,  doğma diyara yolları düşəndə məzarını ziyarət edirlər.

Təcrübəli pedaqoq Əli Vəliyev həm də böyük bir ailənin başçısı, 13 övlad atası idi. Qızı Elmira Vəliyeva şəhid anasıdır, atasının dərs dediyi məktəbin müəllimidir. O, tədbirdə atası ilə bağlı xatirələrindən danışdı, yubiley iştirakçılarına Əli müəllimin ailəsi adından minnətdarlığını bildirdi.

 

 

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

Azərbaycan.-2013.-15 yanvar.-7.