Davamlı inkişaf, yüksələn sosial rifah və qüdrətlənən Azərbaycan

 

2013-cü il respublikamız üçün məhz bu uğurlarla yadda qaldı

 

 Respublikamızda ardıcıl həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2013-cü ildə də ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət nəticələr əldə edilməsini şərtləndirib. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, dövlətin xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatları ölkəmizin qüdrətini və imicini daha da artırıb, perspektiv inkişafa, xalqın rifahının durmadan yaxşılaşdırılmasına münbit şərait yaradıb.

 

 

 

İqtisadi artım sürətinə görə ön sıralarda gedən ölkə

 

 

Bu gün Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsəd və vəzifələrdən biri son illərdə qazanılan sosial-iqtisadi uğurların miqyasını daha da genişləndirməkdir. Fərəhlə qeyd etməliyik ki, müxtəlif dövlət proqramlarının icra edilməsi artıq neçə illərdir ki, Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs verməklə yanaşı, bu istiqamətdə dövlət siyasətinin yeni müstəviyə qədəm qoymasını təmin edib. Bunun nəticəsidir ki, ötən 10 il ərzində bir neçə dəfə artan milli iqtisadiyyatımız inkişaf səviyyəsinə görə dünyada öncül yerlərdən birini tutur.

Xüsusilə qeyd etməliyik ki, bir neçə il əvvəl iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik, sosialyönümlü və diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb, dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Ən əsası Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi  yüksəlişinə böyük töhfələr verərək, onu daha sürətli hala gətirib. Bütün bunlar göstərir ki, respublikamızda sosial-iqtisadi modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası uğurlu nəticəsini verir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedən ölkə kimi tanınır.

Fərəhlə qeyd etməliyik ki, Azərbaycan daim irəliyə baxan və daha böyük hədəflərə çatmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan ölkə olduğundan inkişaf tempini davamlı şəkildə  mütəhərrik hala gətirir. Bu mənada tamamilə təbiidir ki, ölkəmizin əldə etdiyi uğur və nailiyyətlərin miqyası mütəmadi şəkildə genişlənir, Azərbaycan daha qüdrətli dövlətə çevrilir. Ölkəmizin inkişaf prosesinin kompleks xarakter daşıması, ən müxtəlif sferaları özündə ehtiva etməsi, innovativ və novatorçu xarakter daşıması artıq beynəlxalq miqyasda təqdir olunur. Elə bunun nəticəsidir ki, dünyanın ən nüfuzlu iqtisadi institutlarının araşdırmalarında, hesabatlarında Azərbaycana böyük diqqət yetirilir, ölkəmizlə bağlı göstəricilər mütəmadi olaraq yaxşılaşır. Beynəlxalq iqtisadi təşkilatların, reytinq agentliklərinin hesabatları da bunu təsdiqləyən növbəti mühüm sənəd kimi çıxış edir. Məsələn, Dünya İqtisadi Forumunun son hesabatına əsasən Azərbaycan qlobal rəqabət qabiliyyətlilik indeksinə görə 7 pillə irəliləmiş, rəqabətlilik reytinqinə görə 148 dövlət arasında 39-cu yerdə qərarlaşmışdır.

 

 

 

2013-cü ilin makroiqtisadi göstəriciləri davamlı inkişafın təsdiqidir

 

 

Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin  ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı respublikamızdakı iqtisadi və siyasi vəziyyəti dərindən təhlil etdi, əldə edilmiş uğurları qiymətləndirdi, qarşıda duran vəzifələr və onların həlli yollarını dəqiq müəyyən etdi. Dövlət başçısının vurğuladığı kimi, ötən il ölkəmizin uğurlu inkişafı davam edib: "Keçən il bütövlükdə ölkəmiz üçün uğurlu il olmuşdur. Azərbaycanda böyük işlər görülmüşdür. Bu işlərin hamısını sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Biz bu gün əsas məsələlər ətrafında fikir mübadiləsi aparacağıq. Ancaq bir daha demək istəyirəm ki, 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmişdir. Azərbaycanda böyük layihələr icra edilmişdir, ölkəmizin beynəlxalq nüfuzu artmışdır. Ölkədə aparılan islahatlar daha da dərinləşmişdir. Bir sözlə, biz ölkəmizin uğurlu inkişafını təmin edə bildik".

Makroiqtisadi göstəricilərə nəzər yetirsək, 2013-cü ildə Azərbaycan iqtisadiyyatının inkişafının şahidi olarıq. Ötən il ən mühüm makroiqtisadi göstərici olan ümumi daxili məhsul təxminən 6 faiz artıb. Bu gün dünyanın inkişaf etmiş ölkələrində ÜDM-in ən çox 1,5 faiz artığını nəzərə alsaq, bu, çox böyük göstəricidir. Adambaşına düşən ümumi daxili məhsulun həcmi isə 4,4 faiz artaraq 6 min 132 manata (təxminən 8 min ABŞ dollarına) çatıb. Digər mühüm göstərici ondan ibarətdir ki, ötən il Azərbaycanda qeyri-neft sektoru təxminən 10 faiz artıb. Bu da son illərdə ölkəmizdə  qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan uğurlu islahatların nəticəsində mümkün olub. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Bu, rekord göstəricidir. Çünki indiyədək heç vaxt il ərzində iqtisadiyyata bu qədər sərmayə qoyulmayıb. Ötən il Azərbaycanın valyuta ehtiyatı da artaraq 50 milyard dollara çatıb. Son illərdə çoxsaylı investisiya layihələrinin icra edilməsinə baxmayaraq valyuta ehtiyatlarının artması olduqca müsbət haldır. Hazırda bu rəqəm Azərbaycanda ümumi daxili məhsulun 70 faizinə bərabərdir. Dünya miqyasında bu göstəriciyə görə Azərbaycan ən qabaqcıl yerlərdədir.

Keçən il əhalinin rifah halının göstəricilərində də müsbət dinamika müşahidə olunub. Belə ki, 2012-ci illə müqayisədə işləyənlərin orta aylıq əməkhaqqı 6,2 faiz artaraq 423 manat, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manat olub. Təbii ki, buna inflyasiyanın səviyyəsinin az olması da mühüm təsir edib. 2013-cü il ərzində manatın dəyəri sabit qalıb, inflyasiya 2,4 faiz təşkil edib və əhalinin pul gəlirlərinin artımından xeyli aşağı olub. Əhalinin banklarda olan əmanətlərinin məbləği 6,8 milyard manata çataraq 34 faiz artım əldə edilib.

Ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət başçısının məqsədyönlü kursunun davamı olaraq ötən il minimum əməkhaqqının 13 faiz, əmək pensiyasının baza hissəsinin 17,6 faiz artımı təmin edilib. Dövlət sektorunda çalışanların əməkhaqları isə ən azı 10 faiz həcmində artırılıb. Tətbiq olunmuş artımlar təxminən 3 milyon nəfərdən çox insanın yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradıb.

2013-cü ildə ən mühüm sosial məsələlərdən olan işsizliklə də bağlı problemlər öz həllini tapıb. İl ərzində 110 min yeni iş yeri açılıb ki, onlardan 80 mini daimidir. Bunun da nəticəsində ölkə üzrə işsizliyin səviyyəsi 5 faizə düşüb. Bununla yanaşı, yoxsulluğun da səviyyəsi azalaraq, 5,3 faiz təşkil edib. Bütün bunlar bir daha təsdiq edir ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi, yoxsulluğun aradan qaldırılması Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

2013-cü il sosial-iqtisadi uğurlarla yanaşı Azəraycanın güclənməsinə və beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edən digər hadisələrlə də əlamətdar olub. Belə ki, fevral ayında Azərbaycanın ilk peyki - "Azərspace-1" orbitə buraxıldı. Bu mənada 2013-cü il Azərbaycan kosmik sənayenin inkişafının yeni mərhələsi oldu. Azərbaycan peykinin orbitə buraxılması müstəqillik tariximizin ən möhtəşəm nailiyyətlərindən biridir. İndi müstəqil Azərbaycan kosmik klubun üzvüdür.

 

 

 

Uğurlarımız həm də qlobaldır

 

 

Ötən ilin digər möhtəşəm hadisəsi Bakıda "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsinə dair yekun investisiya qərarının imzalanmasıdır. "Şahdəniz-2" dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə TANAP və TAP qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq.

2013-cü ildə də Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzvlüyünü uğurla davam etdirərək başa vurdu. Ümumiyyətlə, Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı. Digər tərəfdən Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordan və işğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

Dinamik inkişaf edərək regionun lider dövləti statusunu təmin edən Azərbaycan artıq müxtəlif xarakterli - idman, səhiyyə, iqtisadiyyat və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Bütün bunlar ölkəmizin artan gücündən və nüfuzundan xəbər verir. Artıq Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. 2013-cü il də Azərbaycan üçün bu baxımdan yaddaqalan oldu. Bu dövrdə Bakıda III Beynəlxalq Humanitar Forum, İkinci Mədəniyyətlərarası Dialoq Forumu, Dünya İqtisadi Forumu kimi möhtəşəm tədbirlər, o cümlədən mötəbər idman yarışları keçirilib. Bütün bu tədbirlər ölkəmizin önəmini artırıb, beynəlxalq imicini möhkəmləndirib və Azərbaycanı dinamik, müasir dövlət kimi bir daha dünya ictimaiyyətinə təqdim edib.

Bütün bu uğurlarla yanaşı, Azərbaycanda keçirilən prezident seçkiləri ölkəmizin demokratiya yoluna sadiqliyinin növbəti təntənəsi oldu. Bu seçki bütün parametrləri ilə Azərbaycanın siyasi tarixinə ən demokratik, ən şəffaf, ədalətli və azad seçkilər kimi düşdü. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti özünün tarixi və ən doğru seçimini edərək səslərini cənab İlham Əliyevə verdilər. Seçkilərin nəticələri bütün beynəlxalq siyasi dairələr tərəfindən yüksək qiymətləndirildi. Xarici müşahidəçilər öz rəylərində, açıqlamalarında seçkinin şəffaf keçirildiyini və ölkəmizin demokratiya yolu ilə inkişaf etməsinin şahidi olduqlarını birmənalı şəkildə bəyan etdilər.

 

 

 

Bölgələrimiz də dinamik inkişaf yolundadır

 

 

Azərbaycanda əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, hər bir rayonun, şəhər və kəndlərin inkişaf yoluna  çıxarılmasıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi dövlət proqramlarının uğurlu icrası sayəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Azərbaycanın sürətli inkişafının, gündən-günə dəyişərək gözəlləşən simasının konkret ünvanlarından biri də Milli Məclisdə təmsil etdiyim İsmayıllı rayonudur. Bu rayon da inkişaf və quruculuq meydanını xatırladır. Təkcə 2013-cü ildə İsmayıllıda sosial-iqtisadi sahədə xeyli irəliləyiş olub. Xüsusən, rayona yeni rəhbərliyin təyin edilməsi insanları narahat edən problemlərin aradan qaldırılması və Prezident İlham Əliyevin elan etdiyi inkişaf siyasətindən irəli gələrək başlanan islahatlar rayonun həyatında yeni keyfiyyət dəyişikliklərinə yol açıb.

2013-cü il avqustun 14-də Prezident İlham Əliyevin İsmayıllıya səfəri təsdiq etdi ki, bu rayon da dövlət başçısının xüsusi qayğısı əhatəsindədir. Bu qayğının nəticəsi olaraq İsmayıllı sürətli inkişafda, sosial-iqtisadi yüksəlişdədir. İş, biznes qurmaq istəyənlər üçün  İsmayıllıda səmərəli mühit və şərait var. Bu sahədə  mövcud olmuş maneələr tamamilə  aradan  qaldırılıb. Səfər zamanı Prezident İlham Əliyev avtovağzalın açılışında, İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində, tikiş fabrikinin, İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etdi. Prezidentin bu səfəri İsmayıllının sosial-iqtisadi inkişafında həm də yeni mərhələnin başlanması oldu.

Prezident İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində  dedi: "Hər bir vəzifə sahibi, hər bir rəhbər işçi, ilk növbədə, insanlara qulluq etməlidir, onların qayğıları ilə yaşamalıdır, insanların rahat yaşaması üçün əlindən gələni etməlidir. Bu bizim siyasətimizdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Bəli, hər bir məmur, rəhbər şəxs ona həvalə edilən vəzifənin öhdəsindən gəlməyi bacarmalıdır. Prezident İlham Əliyevin fəaliyyəti hər birimiz üçün gözəl nümunədir. 86 saylı İsmayıllı seçki dairəsindən seçilmiş deputat kimi mən də fəaliyyətimdə insanlara xidmət prinsipini rəhbər tuturam. 2010-cu ildən indiyədək ünvanıma seçicilərdən 881 müraciət daxil olub. Müraciətlərə əsasən tərəfimdən müvafiq addımlar atılıb. Tez-tez rayona səfər edib öz seçicilərimlə görüşlər keçirirəm. Hər il deputatlıq fəaliyyətim barədə "Hesabat" jurnalı çap etdirərək mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, səfirliklərə, ictimaiyyət nümayəndələrinə, o cümlədən də jurnalistlərə təqdim edirəm.

Hər bir məmur, hər bir səlahiyyət sahibi vəzifəsini layiqincə icra etsə, cənab Prezidentin inkişaf siyasətinə daha böyük töhfələr vermiş olar. Qarşımızda duran əsas məqsədimiz də Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrinin cərgəsinə düşməsinə nail olmaqdır. Əminik və inanırıq ki, Azərbaycan Prezidentinin düşünülmüş siyasəti nəticəsində qarşıya qoyulan bu hədəfə də çox tezliklə çatacağıq.

 

 

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 16 yanvar.- S.3.