Azərbaycanın və Qırğızıstanın fövqəladə hallar nazirlikləri

 arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Yanvarın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Kəmaləddin Heydərov Azərbaycan və Qırğız respublikalarının dostluq əlaqələrinin sürətli inkişafından söhbət açaraq hər iki ölkənin müvafiq dövlət qurumları arasında mövcud əməkdaşlığın perspektivləri haqqında danışmışdır.

Nazir həmçinin respublikamızda fövqəladə halların idarə olunması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronov ölkələrimizin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonra qonaq Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin, İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzinin, Mülki Müdafiə Qoşunları Komandanlığının və Xüsusi Riskli Xilasetmə Xidmətinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Qırğız Respublikasının fövqəladə hallar naziri Kubatbek Boronovun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 

Azərbaycan.-2014.- 16 yanvar.- S.3.