Azərbaycan və İordaniya arasında parlamentlərarası

 əlaqələrin inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Yanvarın 15-də Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Sabir Ağabəyov və İordaniya Parlamentinin Aşağı Palatasının spikeri Atef Taravneh arasında görüş keçirilmişdir.

Səfirliyin təşəbbüsü ilə baş tutmuş tanışlıq xarakterli görüşdə hər iki ölkənin qanunverici orqanları və digər sahələrdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılmışdır.

Səfir Sabir Ağabəyov Atef Taravnehə İordaniya Parlamentinin Aşağı Palatasının spikeri seçilməsi münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov tərəfindən ünvanlanmış təbrik məktubunu təqdim edərək, ona vəzifə səlahiyyətlərinin icrasında müvəffəqiyyətlər diləmişdir.

Diplomat Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyi barədə məlumatı qarşı tərəfin diqqətinə çatdıraraq, İordaniya Parlamentinin Aşağı Palatasında da belə bir qrupun yaxın vaxtlarda formalaşdırılacağına ümidini ifadə etmişdir.

Daha sonra səfir Sabir Ağabəyov İordaniya Senatı tərəfindən Xocalı soyqırımını pisləyən qətnamənin qəbul edildiyini və yaxın vaxtlarda parlamentin Aşağı Palatası tərəfindən də müvafiq qərarın qəbul ediləcəyinə ümidvar olduğunu bildirmişdir.

Atef Taravneh təbrik məktubuna görə təşəkkürünü bildirərək, yaxın vaxtlarda parlamentin Aşağı Palatasında İordaniya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibinin təsdiq ediləcəyini bildirmişdir.

Xocalı soyqırımı ilə bağlı qərarın qəbul edilməsi məsələsinə münasibət bildirən A.Taravneh, ölkəsinin daim ədalət prinsipini üstün tutduğunubu məsələdə İordaniya Parlamentinin Aşağı Palatası tərəfindən müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırmışdır.

Sonda tərəflər iki dövlət arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf tempindən məmnunluqlarını ifadə edərək Prezident İlham Əliyev və Kral II Abdullah İbn Əl-Hüseynin bu əlaqələrin inkişafındakı rollarını xüsusilə vurğulamışlar. 

Qarşılıqlı səmimiyyət şəraitində keçən görüşdə İordaniya tərəfinə məlumat-təbliğat xarakterli əyani vəsait, ölkəmizin mədəni irsini təbliğ edən qiymətli hədiyyələr təqdim edilmişdir.

Görüşdə parlamentin Aşağı Palatasının üzvləri Hazem Qaşu, Fələk Camali, parlament aparatının üzvləri iştirak etmişlər.

 

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Əmman

Azərbaycan.-2014.- 16 yanvar.- S.4.