Sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi 20 Yanvar

 faciəsi haqqında əsl həqiqətlər Dubay ictimaiyyətinin

 diqqətinə çatdırılmışdır

 

Birləşmiş Ərəb Əmirliklərindəki Azərbaycan diasporunun rəhbəri Samir İmanov 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Dubay Əmirliyinin dövlət və hökumətinin məsul şəxsləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə S.İmanov 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat vermiş, bu faciənin sovet imperiyası tərəfindən həyata keçirilməsində əsas məqsədin ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətini dəstəkləmək olduğunu bildirmişdir.

Azərbaycan diasporunun rəhbəri diqqətə çatdırmışdır ki, 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilən Xocalı soyqırımı, ümumilikdə, torpaqlarımızın 20 faizinin işğalı Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış insanlığa sığmayan çirkin siyasətin davamı idi. O bildirmişdir ki, həmin dövrdə sovet dövlətinə rəhbərlik edən Mixail Qorbaçov və müdafiə naziri Dmitri Yazov bu faciənin həyata keçirilməsində bilavasitə günahkar şəxslərdir.

Lakin bütün bu çətinliklərə baxmayaraq Azərbaycan xalqı sovet imperiyasının və erməni daşnak qüvvələrinin məkrli planlarının nəticəsi olan 20 Yanvar faciəsindən nəinki sarsılmadı, əksinə, azadlığı və suverenliyi uğrunda daha əzmlə mübarizəyə qalxaraq 70 il əvvəl itirdiyi müstəqilliyini bərpa etdi.

S.İmanov keçirdiyi görüşlərdə diqqətə çatdırmışdır ki, qanlı şənbə gecəsinin ertəsi günü, yəni 1990-cı il yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və övladlarının həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın sovet imperiyasının paytaxtı Moskvada yerləşən nümayəndəliyinə gəlmiş, burada mətbuat konfransı keçirmişdir. Ulu öndər Heydər Əliyev mətbuat konfransında bu qanlı aksiyanı qətiyyətlə pisləmiş və günahkarların öz vəhşi əməllərinə görə mütləq cavab verəcəklərini bəyan etmişdir.

Görüşlər zamanı S.İmanov Dubay rəsmilərinə Azərbaycan Respublikası Diasporla üzrə Dövlət Komitəsi tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin bu şəhərində yerləşən "Azərbaycan" Cəmiyyətinə göndərilən müxtəlif kitabları və digər çap məhsullarını təqdim etmişdir.

Görüşlərdə qarşı tərəf Azərbaycan xalqının başına gətirilmiş 20 Yanvar faciəsi və Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlı olduğunu bildirmişbu qanlı hadisələrin dünya xalqlarına çatdırılmasının zəruriliyini vurğulamışdır.

Qeyd edilmişdir ki, Azərbaycan diasporunun rəhbəri S.İmanovun üç il bundan əvvəl Dubayın xeyriyyə və islam məsələləri üzrə naziri ilə ilk görüşündən sonra hər il müxtəlif layihələr çərçivəsində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə bir milyon dollardan artıq yardım edilir.

Azərbaycan diasporunun rəhbəri, eyni zamanda, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Dubay Dövlət Kitabxanasının rəhbərliyi ilə də görüşmüş, onlarla bu məsələ ilə bağlı müzakirələr aparmışdır. O, kitabxanaya Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "Qarabağ həqiqətləri", "Erməni terroru" kitabları da daxil olmaqla çoxlu kitab, jurnalbroşür təqdim etmişdir.

Kitabxananın rəhbərliyi artıq burada "Azərbaycan" Cəmiyyəti tərəfindən təqdim olunan ölkəmizlə bağlı müxtəlif kitablardan ibarət xüsusi guşənin yaradıldığını və həmin nəşrlərin Birləşmiş Ərəb Əmirliklərinin oxucularına çatdırıldığını bildirmişdir. Əminliklə vurğulanmışdır ki, bu istiqamətdə işlər fəal surətdə davam etdiriləcəkdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 16 yanvar.- S.4.