Xalqımızın qəhrəmanlıq salnaməsi

 

Tarixin qan yaddaşı:

 20 yanvar faciəsindən 24 il keçir

 

Vətən yolunda şəhidlik ən ali bir zirvədir. Əsl qeyrət, hünər və mərdanəlik, şərəf, ləyaqət zirvəsidir. 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazandı 24 ildən bəri Dağüstü parkdakı Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş qan qardaşlarımız. Onların fədakarlığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: "Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarında hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlıq və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin yanvarında Azərbaycanın azadlıq və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazdılar. Bu gün xalqımız öz milli mənliyini qorumaq üçün canlarından keçməyə hazır olan övladları ilə fəxr edir". Bəli, o mərdanə insanlar həqiqətən də xalqımızın qürur mənbəyidir. Çünki onlar vətənin 70 illik imperiya əsarətindən xilası, xalqın uzun illər boyu arzuladığı azadlıq və müstəqilliyinə qovuşması, millətin öz "Mən"ini dünya qarşısında nümayiş etdirməsi naminə şəhid olublar.

20 Yanvardan bir neçə gün öncə Mixail Qorbaçovun göstərişi ilə Bakıya  təpədən-dırnağacan silahlandırılmış 66 min 500 nəfərlik ordu yeridilmişdi. Hətta onlara möhkəm psixoloji hazırlıq da keçmişdilər. Güya həmin ordu Azərbaycana "yerli ekstremist qruplar tərəfindən ağır işgəncələrə məruz qalan və qətlə yetirilən rusları müdafiə etmək üçün gətirilib". Əslində isə bu,   yalan idi. Sovet rəhbərliyinin bu riyakar yalanı həqiqətə uyğun olsaydı belə, Bakıya belə bir ordu göndərməyə qətiyyən ehtiyac yox idi. Çünki onsuz da o vaxt Azərbaycanda daxili qoşunların minlərlə əsgəri, SSRİ Müdafiə Nazirliyinin tabeliyində olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. Hətta 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Onun verdiyi fərman SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozmaqla bərabər, həm də xalqımıza qarşı bəşəri bir cinayət idi. Onlar qırğından 3 gün əvvəl Azərbaycan televiziyası mərkəzinin enerji blokunu partlatmış, respublika radiosunu susdurmuş, qəzet və jurnalların çapına embarqo qoymuş, ölkə ərazisindən kənara çıxışı dayandırmaq üçün dəmir yolunu və təyyarə limanını nəzarətə götürmüşdülər. Məqsəd dünya ölkələri ilə Azərbaycan arasındakı əlaqələri qırmaq, əhalini öz içinə qapanıb qalmaq məcburiyyətində qoymaq, öz suverenliyi naminə mübarizəyə qalxmış xalqın haqq səsini boğmaq idi. 70 illik əsarət boyunduruğundan xilas olub öz müstəqilliyinə qovuşmaq naminə ayağa qalxmış xalqın qarşısında aciz qalmış respublika rəhbərliyi paytaxtda baş verən hadisələrə nəzarət edə bilmədiyindən həm ittifaq mərkəzindəki, həm də respublika daxilindəki qaragüruhçu qüvvələr və yerli erməni şovinistləri öz çirkin niyyətlərini həyata keçirmək üçün bütün cinayətkar aksiyalardan məharətlə istifadə edirdilər. O vaxt digər respublikalar kimi, Azərbaycan da SSRİ-nin tərkibində idiMoskva zəngin sərvətlər beşiyi olan belə bir məmləkətin əldən çıxmasına heç cür imkan verməzdi. Buna görə yanvarın 19-dan 20-nə keçən gecə əsas aparıcı qüvvələri "Alfa" və SSRİ DTK-sının "A" təxribat qrupları olan, əsgər və zabitlərinin əksəriyyəti spirtli içkilər qəbul etmiş krasnodarlı və stavropollu ermənilərdən ibarət vəhşiləri dinc əhaliyə divan tutdu. Onlar həmin gecə qan gölündə üzdürdülər paytaxtımızı. İmperiya tanklarının tırtılları altında nə qədər yurddaşımız qaldı. Güllələrdən deşik-deşik oldu nəhəng binaların beton sinələri. 70 illik imperiya zülmətindən sıyrılıb öz işıqlı gələcəyinə, müstəqilliyinə doğru addımlayan büllur mənəviyyatlı bir xalqın azadlıq arzularına güllələr atıldı. O faciəli gecədə imperiya güllələri son nöqtə qoydu 137 nəfər günahsız yurddaşımızın hələ doğulmamış sabahlarına. Xəstəxanalarda əzab burulğanına düşdü bədənləri düşmən güllələrindən deşik-deşik olmuş 700-dək qan qardaşımız. Həbs olunub qaranlıq zindan divarları arasına atıldı 800 nəfərdən çox vətəndaşımız. Həlak olanlar arasında yetkinlik yaşına çatmamış uşaqlar, əldən düşmüş qocalar, şikəstlər və qadınlar da var idi. Bu idimi Kreml rəhbərliyinin "millətçi ekstremist" adlandırdığı insanlar? 1937-ci ildə Azərbaycanın minlərlə ağıl korifeyinı qarlı Sibir düzlərində dondurub buz heykəllərə döndərən, Nargin adalarında güllə yağmuruna tuş edən, yüz minlərlə yurddaşımızı öz doğma ata-baba torpaqlarından didərgin salıb Orta Asiyanın və Qazaxıstanın qızmar səhralarına sürgün edən, yaraları bugünədək qan verən Dağlıq Qarabağımızın və digər 7 rayonumuzun ermənilər tərəfindən işğalına imkan yaratmaqla 1 milyon 200 min azərbaycanlını uzun illərdən bəri vətəndə vətənsizlik əzabına düçar edən imperiyadan bundan artıq nə gözləmək olardı ki?

20 Yanvar gününün səhəri Bakı küçələrində 70 il başımız üstə dalğalanan qan rəngli SSRİ bayraqlarının ayaqlar altına atılması və yandırılması başlandı. Minlərlə azərbaycanlı Sov.İKP sıralarından çıxdığını bəyan etdi. Partiya biletlərindən nəhəng tonqallar qalandı. Millətimizin qəzəb və nifrət atəşiydi həmin tonqalları alovlandıran. Bizi "ikinci növ xalq" adlandıranlar qarşısında öz məğrurluq və mərdanəliyimizı sübuta yetirdik.

İki gün sonra, yanvarın 22-də şəhidlərin dəfn mərasimi başlandı. Qədirbilən xalqımız Azadlıq meydanından Dağüstü parkadək növbə ilə çiyinlərində daşıyırdı azadlıq və müstəqilliyi yolunda həlak olmuş mərdanə övladlarımızın qırmızı örpəkli tabutlarını. Lakin təəssüflər olsun ki, həmin ümumxalq matəmində respublikamızı bu ağır faciələrə düçar etmişiqtidar, nə də müxalifət liderlərindən bir nəfər belə gözə dəymədi. Əgər bu günahsız millətin qanının tökülməsində günahları yox idisə, niyə xalqın gözünə görünməkdən qorxurdu onlar? "Los-Anceles Tayms" qəzeti 1990-cı il 23 yanvar tarixli nömrəsində yazırdı: "Yanvarın 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə açıqca meydan oxumaqdır. Şəhidlərin dəfn mərasimi "Moskva" mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş adamlar və snayperlər tərəfindən diqqətlə izlənir və nəzarət altında saxlanılırdı. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasimi keçirilməsinə nail oldular".

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan SSR Ali Sovetinin yanvarın 20-də öz işinə başlayan fövqəladə sessiyasında və Azərbaycan KP MK-nın yanvarın 22-də keçirilən yığıncağında dünyanın ən böyük faciələrindən biri olan 20 Yanvar qırğınlarına birtərəfli qiymət verilməsi öz vəzifə kürsülərini xalqın taleyindən üstün tutanların xəyanətinə əyani sübut idi. 20 Yanvar qırğınlarına vaxtında və dolğun qiymət verilməməsi xalqı məyus etdi. Həmin vaxt xalqı vahid bir əqidə bayrağı altında birləşdirib düşmənə qarşı mübarizəyə səfərbər edəsi bir qüvvə olmadığından sonralar məmləkətimizin faciələr dastanına Xocalı soyqırımı, Şuşa, Laçın, Qubadlı, Kəlbəcər, Zəngilan, Ağdam, Cəbrayıl, Füzuli və Dağlıq Qarabağın işğalı kimi qanlı səhifələr də əlavə olundu. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il 29 avqust sessiyasındakı çıxışında qətiyyətlə deyirdi: "Artıq dağıdılmış Sov.İKP-nin tərkib hissəsi olan Azərbaycan KP dərhal hakimiyyətdən getməlidir. Onun bütün strukturları ləğv olunmalı, əmlakı milliləşdirilməlidir. Onun mətbu orqanlarının fəaliyyəti dayandırılmalıdır. Azərbaycan KP MK-nın xunta ilə əməkdaşlıq edib-etməməsini aydınlaşdırmaq üçün parlament komissiyası yaradılmalıdır. Hərbi təcavüzün bütün günahkarları aydınlaşdırılıb məsuliyyətə cəlb olunmalıdır". Bu, 20 Yanvar faciəsinin törədicilərinə qarşı ən sərt ittiham idi.

Əgər o vaxt respublikanın ali vəzifə kürsülərində əyləşənlər öz yerlərini möhkəmləndirmək naminə müti qullar kimi mərkəzin əmr və göstərişlərini danışıqsız yerinə yetirmək əvəzinə iqtidarlı-müxalifətli vahid bir əqidə bayrağı altında birləşməklə Kremlin cinayətkar hərəkətlərinə qarşı haqq mücadiləsinə qalxıb bütün dünya boyu öz etiraz səslərini ucaltsaydılar, nə 20 Yanvar qırğınları baş verər, nə də bu qədər torpaqlarımız düşmən tapdağına məruz qalardı.

20 Yanvar qırğınlarına yalnız ümummilli lider Heydər Əliyev xalqın arzusu və təkidli tələbi ilə yenidən hakimiyyətə gəldikdən bir il sonra qətiyyətli və obyektiv qiymət verildibu dəhşətli faciənin əsl günahkarlarının adları açıqlandı.

Gündən-günə gözəlləşən, abadlaşan paytaxtımızın ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı ücün müqəddəs and yerinə çevrilmiş bir məkan var. Bu, 20 Yanvar qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş igidlərimizin dəfn edildiyi müqəddəs Şəhidlər xiyabanıdır. Orada əbədiyyət yuxusuna getmiş övladlarımızın məzarları önündə səcdəyə durmaq, onların xatirəsini hörmət və ehtiramla yad etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki onlar vətənin və xalqın 70 illik imperiya köləliyindən xilası, bugünkü azadlığımız və müstəqilliyimiz naminə həlak olublar. Bu cür müqəddəs amallar uğrunda həlak olanların isə ömrü vətənin və xalqın ömrü qədərdir.

 

 

 

Zeynal VƏFA,

Azərbaycan.-2014.- 16 yanvar.- S.5.