Dövlət Baytarlıq Xidmətində 20 Yanvar faciəsinin 24-cü

 ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir

 

Yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində (DBX) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.

DBX-nin mətbuat mərkəzindən AzərTAc-a bildirmişlər ki, tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova 20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq mübarizəsi haqqında danışmışdır. Bildirilmişdir ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə ilk növbədə milli azadlıq hərəkatını boğmağa, xalqımızı nəyin bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan DBX-nin rəisi qeyd etmişdir ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verilmişdir.

S.Rüstəmova 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin uca tutulduğunu, şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu insanlara daim diqqət göstərildiyini vurğulamışdır.

Tədbirdə çıxış edənlər də 20 Yanvar hadisələrindən ətraflı söhbət açmış və faciənin dünya müstəvisində geniş işıqlandırılmasının vacibliyini qeyd etmişlər.

Sonda bir daha vurğulanmışdır ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 16 yanvar.- S.5.