Xatirələrin işığında

 

Əhməd Ağdamski-130

Bizim şəcərəmiz Azərbaycanın incisi, mədəniyyət və mənəviyyat beşiyi Şuşa şəhəri ilə bağlıdır. Bu nəsil iki əsrdən artıqdır ki, xalqımıza bir çox görkəmli elm, maarif, mədəniyyət, incəsənət xadimləri bəxş etmişdir. Mənim ulu babam (atamın ana tərəfdən babası) Kərbəlayı Ələkbər bəy Əliverdibəyov Xan qızı Natəvanın sarayında işləmiş, dövrünün tanınmış ziyalılarından olmuşdur.

Babamın övladları çox idi. Onlardan üçünü göstərmək istərdim. Qızları Şirinbəyimi, Əzizə xanımı və oğlu Ağalar bəyi. Şirinbəyim xanımın övladları Zülfüqar, Üzeyir və Ceyhun Hacıbəyliləri, Əzizə xanımın (mənim nənəmin) övladları Bədəl, Mahmud və Əhməd Bədəlbəyliləri. Ağalar bəyin övladları bəstəkar Nazim Əliverdibəyov və dirijor Kazım Əliverdibəyovdur. Nəslə musiqi istedadı ana tərəfdən gələn istedad kimi qəbul edilməlidir. Ona görə ki, bir bacının (Şirinbəyim xanımın) oğlu Üzeyir Hacıbəyli milli professional musiqimizin, opera və operettanın banisi və yaradıcısıdır. İkinci bacının (Əzizə xanımın) nəvəsi Əfrasiyab Bədəlbəyli ilk milli baletimizin banisidir. Məlum olduğu kimi, Üzeyir Hacıbəyli Azərbaycanda ilk ali musiqi təhsili verən konservatoriyanın yaradıcısı və ömrünün sonuna qədər onun rektoru olmuşdur. Əzizə xanımın nəticəsi Fərhad Bədəlbəyli isə uzun illərdir ki, Musiqi Akademiyasının rektoru vəzifəsində uğurla çalışır.

Atam Əhməd Bəşir oğlu Bədəlbəyli həyatın hər üzünü görmüş, minbir əziyyətə mərdliklə sinə gərmiş, Azərbaycan teatrının, musiqisinin, mədəniyyətinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq üzündən bir çox arzularına çata bilməyən, lakin özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş, neçə-neçə sənət fədaisindən biri olmuşdur.

O, 1884-cü il yanvar ayında Şuşada anadan olmuş, üç yaşında ikən atasını itirmişdi. Atamın böyük qardaşı Bədəl bəy 1895-ci ildə Qori Müəllimlər Seminariyasını bitirərək Şuşada müəllim işləmiş və ailənin bütün ağırlığı onun üzərinə düşmüşdür. Ona görə də məcburiyyət qarşısında Bakıya köçür və keçən əsrin əvvəllərində burada məktəb açaraq ömrünün sonuna qədər müəllim və direktor işləmişdir. Atam isə "Realnı" məktəbə daxil olmuşdur.

XX əsrin əvvəllərində Azərbaycanda mədəniyyətin, incəsənətin vəziyyəti olduqca ağır idi. Milli intibah, milli mücadilə istiqbal hissləri yenicə baş qaldırırdı. İnsan və sənətkar taleyinin bilavsitə bağlı olduğu uğurlu-uğursuz, kəşməkəşli, ictimai-siyasi sarsıntılar şəxsi faciələrlə dolu tariximizin mənzərəsi hökm sürürdü.

XX əsrin əvvəllərində Rusiya əhalisinin dörddə üç hissəsi savadsız idi. Əhalinin maarifləndirilməsi üçün çəkilən xərcdə Bakıda hər adama cəmi 79 qəpik düşürdü. Ucqarlarda yaşayan xalqların öz ana dilində təhsil almasına imkan verilmirdi. Azərbaycanda 1908-ci ildə 1731 dini müəssisə olduğu halda, cəmi 331 məktəb var idi. Üzeyir Hacıbəyli yazırdı ki, bu dövrdə Azərbaycanda mədəniyyət axtarmaq, min buğdanın içərisindən bir darı axtarıb tapmaq kimi çətin bir iş idi. Azərbaycan əhalisinin geniş təbəqələri arasında musiqiyə maraq getdikcə artırdı. Bu dövrün ən mühüm hadisəsi 1908-ci ilin yanvarında "Leyli və Məcnun" operasının tamaşaya qoyulması idi.

Məlum olduğu kimi, ilk tamaşada Qeys rolunda H.Sarabski, Leyli rolunda isə Ə.Fərəcov çıxış edirdi. Həyatını təhlükə altında qoymaq istəməyən Ə.Fərəcov sonralar səhnəyə çıxmaqdan birdəfəlik imtina edir.

Atam danışırdı ki, Üzeyir çox həyəcan keçirirdi. Eyni zamanda bilirdi ki, mənim yaxşı səsim var və tamaşanın hazırlanmasında yaxından iştirak edir və xorda oxuyurdum. Demək olar ki, mən hər gün dərsdən sonra Üzeyir, Zülfüqar və Ağalar dayım ilə bir yerdə olardıq, musiqi, teatr və digər məsələlər üzrə məsləhətləşərdik. Bakının ictimai və mədəni həyatında fəal iştirak edərdik.

Operamızın taleyinin ağır olduğunu nəzər alaraq mən qadın rollarında çıxış etməyim barədə tərəddüd etmədən razılıq verdim. Heç bir hədə-qorxu, təhqir və tədbirlərdən qorxmadığımı bildirdim. Elə o vaxtdan Üzeyirlə qohumluqla yanaşı, dostluq etməyə başladıq, necə deyərlər, bir yolun yoldaşı olduq. Bütün fəaliyyətimizi milli operanın yaranması və inkişafına yönəltdik. Mən ilk dəfə səhnəyə çıxdığım zaman çox həyəcan keçirdim. Görəsən, tamaşaçılar məni necə qarşılayacaq. Sənət dostlarımı, xüsusilə Üzeyiri ifam ilə razı sala biləcəyəmmi? Beləliklə, "Leyli və Məcnun"un ikinci tamaşasına ciddi hazırlığa başladıq. H.Sarabski ilə ayrılıqda məşq edirdik. Əvvəllər Leyli rolunun kişi tərəfindən oynanılması mənə çox çətin gəlirdi. Bu halı Hüseynqulu da yaxşı qəbul edə bilmirdi. Çünki o əsərin məzmununa uyğun olaraq öz məhəbbətini Leyliyə çatdırmalı idi. Lakin tərəf-müqabili isə kişi olurdu. Bu barədə H.Sarabski "Bir aktyorun xatirəsi" kitabında yazırdı ki, mən Əhmədlə səhnədə olarkən çalışırdım ki, ona az baxım və ya heç baxmayım, üzümü tamaşaçılara tutum. Atam xatirələrində danışırdı ki, mən artıq ikinci tamaşaya hazır idim. Əlbəttə, mənim səhnəyə gəlməyimə Üzeyir ilə yanaşı, qardaşım Bədəlin, dayım Ağaların da böyük xidmətləri olmuşdu.

Onu qeyd etmək istərdim ki, atam Leyli rolunda çıxış edən zaman güclü təzyiqlərə məruz qalmışdı. Hətta o dövrün bəzi qəzetləri və teatrı başa düşməyənlər tanınmış aktyorları lağa qoyurdular. "Tuti" qəzetində yazılırdı ki, kimdi bu "ağdivarski" aktyorluğa gəlib? Sarabskini isə "ağedovski" adlandırırdılar.

Elə bu səbəbdən də atam istəməyib ki, adını, familiyasını tamaşaçılar bilsinlər, ona görə bir müddət afişalarda Leyli rolunda "Miri" yazdırıb. Bu barədə "Kaspi" qəzeti 1909-cu il 4 yanvar tarixli nömrəsində yazırdı: "Məsuliyyətli Qeys rolunda H.Sarabski çıxış etdi. O öz rolunu parlaq surətdə ifa etdi. Artist sevdiyi "Segah"ı son dərəcə gözəl oxudu...

Leyli rolunda onun yaxşı oyundaşı Miri idi. Gənc Miri qadın rolunu çox qəşəng bacardı, artistin şirin, gur məlahətli səsi dinləyicilərə dərin və güclü təsir bağışladı. Atam "Miri" adını təsadüfi seçməmişdi. Miri Qarabağda bizim uzaq qohumlarımızdan olub. Olduqca hazırcavab bir şəxsiyyət idi.

Miri qadın rolu oynadığından öz ad və familiyasını gizli saxlamaqçın artistin kim olması tamaşaçılara qaranlıq qalır. Operanın 1909-cu il mayın 15-də tamaşası barədə verilən yazıda göstərilir ki, Sarabski (Məcnun) və Miri Ağdamski (Leyli) öz rollarını gözəl ifa etmişlər. "Ağdamski ləqəbini qəbul etmiş artistin adı yenə də qaranlıq qalır". Günlər, aylar keçir, tamaşadan-tamaşaya müvəffəqiyyət qazanan atam sonrakı tamaşalarda adını bildirir: Əhməd Bəşir oğlu Bədəlbəyli.

Bəzən mən özümə sual verirəm ki, atam da bu işdən imtina etsəydi, o zaman operanın taleyi necə olardı? Lakin o təhqirləri, məzəmmətləri eşidə-eşidə 12 il səhnədən bir-birindən fərqli, mürəkkəb qadın rollarını oynamışdı. Onun səsinin tenor və məlahətli, güclü olması dünya teatr təcrübəsində görünməyən bir-birindən mürəkkəb opera və operettalardakı qadın obrazlarındakı muğam parçalarını, ariyaları məharətlə qadın səsinə oxşatmağı bacarmağı göstərir ki, onun səsi olduqca xoşagəlimli, məlahətli, təsirli olmuşdu. Bu səbəbdən Ü.Hacıbəyli onun səsini bəyənmişdir. Dövri mətbuatdakı yazılar da göstərir ki, Azərbaycanda təhsilin, musiqinin, incəsənətin inkişafında müstəsna xidmətləri olan xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ən sevimli aktyorlarından biri Əhməd Ağdamski olmuşdur.

Dövri mətbuatın yazdığına görə, atamda başqalaşmaq məharəti daha güclü idi. Onun oynadığı qadın rollarına nəzər salsaq, bu halı aydın şəkildə görmək olar. "Ər-arvad" operettasında Minnət xanım diribaş, dünyagörmüş qadın, "O olmasın, bu olsun"da Gülnar məsum bir qız, "Şah Abbas və Xurşud Banu" operasında Xurşud Banu iradəli kəndli qızı, "Rüstəm və Zöhrab"da Təhminə yaşlı, təmkinli bir obrazdır və s.

Atamın dediyinə görə, 1917-ci ildə səsini vala yazdırıb, lakin o vaxtlar Bakıda baş verən erməni-müsəlman davası bu işin sona çatdırılmasına mane olub. Elə bu il də "Arşın mal alan" filmində Gülçöhrə rolunda çəkilib.

Bütün ömrünü teatrın, musiqinin, mədəniyyətin inkişafına həsr etmiş Əhməd Ağdamskinin həyat yolu və yaradıcılığını iki dövrə ayırmaq olar. İnqilabdan əvvəlki dövr və sovet dövrü. İnqilabdan əvvəlki dövrdəki fəaliyyəti mətbuatda, teatr tarixinə dair tədqiqatlarda, kitablarda öz əksini tapıb. Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov kimi ədiblərlə yaxınlıq edib, Ü.Hacıbəyli, M.Maqomayev, M.A.Əliyev, H.Sarabski kimi sənətkarlarla birlikdə fəaliyyət göstərib.

Atamın arzularından biri və ən başlıcası teatr sənətinin inkişafı, xalqımızın gerilikdən, cəhalətdən qurtulması, səhnəyə qadınların gəlməsi olub. Hansı kişi istəyərdi ki, qadın səsi çıxarsın və bu səslə muğam, ariya oxusun, qadına məxsus hərəkətlər etsin. Ona görə də o, 1917-1918-ci illərdə ilk dəfə kişi rollarında oynayıb. Bu da böyük sensasiyaya səbəb olub. Mətbuat yazır ki, nəhayət, Əhməd Ağdamski Kərəm rolunda çıxış edəcək. O, Əsgər rolunda çıxış etməsindən danışırdı. Çox istəyirdi ki, səhnəyə qadın aktrisalar gəlsin və tamaşaya qoyulan əsərlərin təsir gücü aşağı düşməsin, tamaşaçıların marağına səbəb olsun. Atamın aktyorluq sənətinə gətirdiyi aktrisalardan biri Mariya Yermakova idi. Onun teatra gəlməsi belə baş vermişdi. Bakı şəhər bələdiyyə idarəsində mühəndis işləyən Frol Yermakov atamla dostluq edirmiş və bir gün o, atamı evlərinə şam yeməyinə dəvət edir. Atam bu dəvəti qəbul edib, ona təşəkkürünü bildirir. Frol atamı həyat yoldaşı Anisiya Andreyevna, qızları Mariya və Nina ilə tanış edir. Qızlarının yaxşı səsi olması barədə atama məlumat verir. Atam çox sevinir, qızların səsini yoxlayır, məlum olur ki, Mariyanın səsi opera üçün yararlı ola bilər. Ertəsi gün bu barədə Üzeyir bəyə məlumat verir və həmin gündən məşqlər başlayır. Atam Mariyaya Azərbaycan dilini, musiqisini və aktyorluq sənətini tədricən öyrədir. Üzeyir bəylə məsləhətləşərək Mariyanın adını - Məxfurə adı ilə əvəz olunması qərarına gəlirlər.1917-ci il dekabr ayının 12-də Məxfurə Yermakovna "Arşın mal alan" operettasında Gülçöhrə rolu ilə səhnəyə çıxır. Sonralar o, gənc tamaşaçılar teatrının aparıcı aktyorlarından biri olur, respublikanın əməkdar artisti adına layiq görülür. Məxfurə xanım həmişə deyərdi ki, Ə.Ağdamski olmasaydı, mən aktrisa olmazdım. Atam öz qastrol səfərlərindən, bu zaman baş verən hadisələrdən daha çox danışardı. Adətən, yay aylarında Qarabağa, Şuşaya qastrol səfərlərinə gedər, yerli həvəskar aktyorlarla birlikdə tamaşalar göstərərdi. Tamaşaların birində H.Sarabski atama deyir ki, mən bu gün oynamayacağam, ağlamayacağam, lakin sən oxumalısan. Belə də olur, tamaşa böyük uğurla keçir. Yerli əhali həmişə bu tamaşaları böyük maraqla qarşılamışlar və hər dəfə qiymətli hədiyyələr bəxş etmişlər. 1913-cü ildə atama bağışlanan gümüş çay dəstinin bəzi nümunələri evimizdə saxlanılır.

Atamın həyat və yaradıcılığının ikinci dövrü Ağdam və daha sonra Ağdaş rayonları ilə bağlıdır. Ağdamda teatr truppası yaradır. Bir çox istedadlı teatr həvəskarlarını bura cəlb edir. Qaflan Muradovun, Xosrov Mamayevin, Heydər Şəmsizadənin, Nəriman Axundovun fəaliyyətləri və istedadları barədə çox danışardı. Qısa bir müddətdə N.Nərimanovun "Nadir şah", Ə.Haqverdiyevin "Dağılan tifaq", S.S.Axundovun "Laçın yuvası" əsərlərini tamaşaya qoyur. Bu tamaşalarda özü də müxtəlif rollarda çıxış edir.

1934-cü ildə ailəmiz Ağdaş rayonuna köçür. O, Qarabağın musiqi mədəniyyətini, incəsənətini, musiqi səsini özü ilə bərabər bura gətirir. O illərdə Ağdaş rayonunda musiqi ilə maraqlananlar az deyildi. Ona görə də o, xeyli düşünmüş, götür-qoy etmişdi. Nə üçün respublikamızın gözəl guşəsində musiqiyə həvəs az olsun! Elə buna görə də o, istedadları üzə çıxarmaq üçün yollar axtarır. Onun bu sahədə ilk təşəbbüsü Üzeyir bəyin köməyi ilə Ağdaşda musiqi məktəbi açması olur. 1934-cü ildən ömrünün sonuna qədər məktəbin tədris hissə müdiri vəzifəsində çalışır. O vaxtlar musiqi tədrisinə dair proqramların, notların, metodik vəsaitin olmamasına baxmayaraq, o, tədrisi yaxşı təşkil edir. Bu vaxtdan başlayaraq Ağdaşın musiqi həyatında canlanma yaranır, neçə-neçə gənc onun təşəbbüsü ilə musiqi məktəbinə gəlir. Bu rayonda atamı çox sevirdilər, hörmətini tuturdular və böyükdən-kiçiyə kimi ona "Əhməd əmi" deyə müraciət edirdilər. Hətta musiqi məktəbini də "Əhməd əminin tar məktəbi" adlandırırdılar. Bunun da əsas səbəbi onun tarı məharətli, şirin çalması ilə camaata sevdirməsi olmuşdur.

Ağdaş rayonunda musiqi məktəbinin, teatrın yaranması Ağdaşın mədəni həyatında böyük dəyişikliyə səbəb olmuşdu. Onlarla gənc tar, kamança, skripka, fortepiano siniflərinə böyük həvəslə gəlirdi. Məktəbin təşkili və fəaliyyətində o dövrün rayon ziyalılarından Ağabala Şıxıyevin, Musa Əfəndiyevin, Ağəli Məmmədovun və başqalarının rolu olmuşdu.

Hər bir təhsil ocağı hazırladığı mütəxəssislərlə fəxr edir. Ağdaş musiqi kollektivi də öz məzunları ilə həmçinin. Belə məzunların ən yüksək zirvəsində ustad sənətkarımız Habil Əliyev durur. Uzun illər məktəbdə fəaliyyət göstərən tar müəllimi Qəhrəman Osmanovu, kamança müəllimləri Fazil Osmanovu, Şahid Məmmədovu respublikanın əməkdar artisti Munis Şərifovu göstərmək olar. Məzunu olduğum Ağdaş musiqi məktəbində atamın dəvəti ilə görkəmli sənətkarlar - müğənnilər, bəstəkarlar, aktyorlar gəlmiş, yerli əhali qarşısında dəfələrlə çıxış etmiş və toy məclislərində olmuşlar. Yaxın qohumlarımız Hacıbəyli qardaşları, maestro Niyazi, Şəmsi Bədəlbəyli, atamın yaxın dostları Seyid Şuşinski, İsmayıl Dağıstanlı, Əhməd Bakıxanov, Qaflan Muradov, Yavər Kələntərli, Cahan Talışınskaya bizim evdə dəfələrlə olublar. O dövrdə ağdaşlıların toy məclislərinin əksəriyyətinə atam Ağanı (Seyid Şuşinskini) və Cahan xanım Talışınskayanı dəvət edərdi. Çox təəssüf ki, mənim uşaqlıq çağlarımızın beş ili Böyük Vətən müharibəsi illərinə düşmüşdü. Şəraitin ağır olmasına baxmayaraq, məktəb fəaliyyət göstərirdi. Ağdaşlı gənclər məktəbin həyətindən musiqi sədaları altında ordu sıralarına yola salınırdı.

Atam ağdaşlı gənclərə xüsusi hörmət və diqqətlə yanaşır, onlara inqilabdan əvvəlki Bakı mühiti, mədəniyyət və incəsənətin inkişafı, teatrın yaranması tarixindən, özü ilə təmasda olan görkəmli şəxsiyyətlərdən danışar, təhsilə mütaliyə etməyə xüsusi fikir vermələrini tövsiyə edərdi. Ağdaş Musiqi məktəbinin şagirdlərindən də müharibəyə gedib-qayıtmayan və ya əlil olanları da olmuşdur. Onun tar sinfində oxuyan şagirdlərdən Akif Əfəndiyev və Çingiz Qədirov da müharibəyə gedib, lakin yaralanaraq qayıtmışlar. Biri sağ, ikincisi isə sol qolundan zədə almışdı. Sonra onlar Əhməd müəllimin yanına gələrək musiqi təhsillərini davam etdirməyi xahiş ediblər. Atam məsləhət verərək, ikisinin bir tarda çalmasının mümkün olmasını məsləhət bilmişdir. Sonra onlarla xüsusi dərs keçərək bir müddətdən sonra tarda muğam və xalq mahnıları çalmalarına nail olmuşdur.

Atam bir valideyn kimi həssas, qayğıkeş ailə başçısı idi. Övladlarının müxtəlif ixtisaslar üzrə təhsil alması üçün ciddi səy göstərirdi. Onun həkimlik sənətinə çox böyük hörməti və marağı var idi. Çünki dayısı Bahadur bəy Xarkovda təhsil almış, Ağdamda tanınmış həkim olmuşdu. Ona görə də böyük bacım Cəmilə bu istiqamətə yönəlmiş və o, Tibb İnstitutunu bitirərək uzun illər Ağdaş rayon xəstəxanasında həkim işləmişdir. Bu yaxınlarda dünyasını dəyişmiş və öz vəsiyyətinə görə atasının yanında dəfn olunmuşdur. Atamın böyük qardaşı Bədəl bəy Azərbaycanın ilk maarifçilərindən biri olmuşdur. Bu səbəbdən də kiçik bacım Kamilə ADU-nun şərqşünaslıq fakültəsini bitirərək ömrünün sonuna qədər Sumqayıtda qabaqcıl ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Atamın o biri dayısı Ağalar bəy Əliverdibəyov Varşavada təhsil alaraq mühəndis olmuşdur. Odur ki, oğlanlarını mühəndis görmək istəyirdi. Böyük qardaşı Məmməd Ağdamski Neft İnstitutunu bitirmiş, uzun illər Balaxanı Neft və Qazçıxarma İdarəsində baş geoloq vəzifəsində çalışmışdır. Respublikanın əməkdar geoloqudur, hazırda təqaüddədir. Bu sətirlərin müəllifi, ailənin kiçiyi kimyaçı ixtisasını seçmiş və hazırda bu sahədə fəaliyyət göstərir. Mən 1953-cü ildə Ağdaş rayonunda orta məktəbi bitirib, qəbul imtahanlarına gələn zaman atam rayon xəstəxanasında yatırdı. Onun yanına gəlib, xeyli söhbət etdik. İlk növbədə, mənə uğurlar arzuladı. İmtahan verərkən aydın danışmağımı, hər hansı suala fikirləşib tam cavab verməyimi tövsiyə etdi. Atam xeyirxah əməlləri, işləri, xoş rəftarı, sadəliyi, mədəni davranışı, dostluğa sadiqliyi ilə fərqlənirdi və bu keyfiyyətləri özündə cəmləşdirmişdi. Bir sözlə, böyük fəzilət sahibi idi. Evdə biz dörd nəfər idik, hamımız atamızla səmimi və mehriban idik. Ailədə çox mədəni davranırdı, bununla belə, olduqca ciddi və tələbkar idi. Bizim təhsilimizlə daim maraqlanır, nəzarət edir, nöqsanlarımızı izah edərək qarşısını alırdı.

O, səsinin məlahətini və təsirini ömrünün sonuna qədər saxlamışdı. Biz ailədə onun səsini, oxumasını eşitməmişik. Xalq musiqisini və xüsusilə muğamlarımızı dərindən bildiyinə görə ifaçılara tənqidi yanaşırdı. Xanəndələrdən bir çoxları onun yanında oxumağa cürət etməzdilər. Yalnız bir dəfə onun oxumağının şahidi olmuşam. Bu, 1951-ci ilə təsadüf edir. Həmin il böyük bacım Cəmilənin Tibb İnstitutunu bitirməsi ilə əlaqədar evimizdə ziyafət oldu. Ağdaş ziyalılarının da iştirak etdiyi bu ziyafətdə atam həzin tar çalaraq sevdiyi muğamlardan birini ifa etdi. O, o qədər təsirli, yanıqlı oxudu ki, qonaqların bəziləri göz yaşlarını saxlaya bilmədi.

Atam astma xəstəliyindən əziyyət çəkirdi. Xəstəliyi getdikcə şiddətlənirdi. 1954-cü ilə qış imtahan sessiyası qurtardıqdan sonra mən qardaşım Məmmədlə Ağdaşa gəldik. Yanvar ayında ailədə onun 70 illik yubileyini qeyd etdik. Təhsilimizi davam etdirmək üçün Bakıya qayıtdıq. Lakin atam bundan sonra çox yaşamadı. Həyatımda ən ağır günlərdən biri baş verdi. O, 1954-cü il aprel ayının 1-də vəfat etdi və Ağdaş rayonunda dəfn olundu. Çox təəssüf ki, onun ömrünün son günlərini görə və vəsiyyətlərini eşidə bilmədik. Ona görə ki, o bizim təhsildən qalmağımıza razı olmurdu.

Atamızın keçdiyi olduqca mürəkkəb, eyni zamanda şərəfli həyat və yaradıcılıq yoluna nəzər salarkən biz övladları fəxr edirik ki, o, Azərbaycan teatr salnaməsinə opera və operetta janrının yaradıcılarından biri kimi daxil olmuşdur.

 

 

Telman AĞDAMSKİ,

ADPU-nun professoru,

kimya elmləri doktoru, əməkdar müəllim

Azərbaycan.-2014.- 16 yanvar.- S.6.