Azərbaycanlı redaktor «Liçnosti» jurnalının

redaksiya heyətinin üzvü seçilmişdir

 

"Azərnəşr" nəşriyyatının baş redaktoru Əlövsət Ağalarov Ukraynada nəşr edilən "Liçnosti" jurnalının redaksiya heyətinin üzvü seçilmişdir. Bu barədə qərar jurnalın redaksiya heyətinin 2013-cü il 19 dekabr tarixli iclasında qəbul edilmişdir.

Bununla əlaqədar Əlövsət Ağalarova ünvanlanmış məktubda deyilir: "Liçnosti" nəşriyyat evi adından Sizə "Liçnosti" jurnalının redaksiya heyətinin tərkibində əməkdaşlıq təklif etməyi özümüzə şərəf sayırıq. Əminik ki, sizin zəngin təcrübəniz, geniş erudisiyanız və parlaq ədəbi istedadınız "Liçnosti" ədəbi-tarixi layihəsinin uğurla inkişaf etdirilməsi və Azərbaycanla Ukrayna arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün əsasdır.

Xatırladaq ki, "Liçnosti" nəşriyyat evi 2013-cü ilin dekabr ayında "Liçnosti" jurnalının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş xüsusi buraxılışının təqdimatını keçirmişdir.

Nəşrin mətbuat xidmətində AzərTAc-a bildirmişlər ki, "Liçnosti" jurnalı Rusiya Federasiyasında, Belarus Respublikasında və başqa ölkələrdə çap olunur.

Tarixi-bioqrafik nəşr olan "Liçnosti" jurnalının səhifələrində hər birinin həyatı xronoloji çərçivələrdən daha geniş əhatəli olan yüzlərlə insanın taleləri öz əksini tapmışdır. Bu qəhrəmanlar cəmiyyətin müxtəlif sosial təbəqələrini, müxtəlif ölkələri və dövrləri təmsil edir. Lakin onları birləşdirən bir əlamət var - bu insanlar tarixi dəyişmişlər və onların təsiri ilə dünya başqalaşmışdır. Axı şəxsiyyət elə insana deyilir ki, o, dünyasını dəyişəndən sonra da yeganə əbədi sığınacaq olan ictimai şüurda yaşamaqda davam edir.

Jurnalın formatı rusdilli oxucu üçün xüsusi maraq doğurur, çünki burada keçmiş SSRİ məkanı və bütün dünya sakinləri üçün ümumi sayılan bir sıra görkəmli simaların bioqrafiyaları əks olunmuşdur. Nəşrin dili onu rusiyalı oxucu üçün əlyetərli edir, beləliklə də, Ukrayna nəşriyyatlarını xaricdə populyarlaşdırmağa xidmət edir, həm Ukrayna dövlətinin ərazisində, həm də onun hüdudlarından kənarda Ukrayna məhsullarına maraq oyadır. Rəngli formatda, yüksək keyfiyyətlə çap edildiyinə görə kitabsevərlər və kolleksiyaçılar üçün daha qiymətli olan "Liçnosti" jurnalı müntəzəm olaraq xüsusi buraxılışlarla, həmçinin jurnalın ən populyaruğurlu nömrələrindən ibarət ayrıca məcmuələr hesabına daha da zənginləşir.

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.8.