Azərbaycan ilə İsveç arasında miqrasiya sahəsində

 əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Yanvarın 16-da Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov bu ölkənin miqrasiya məsələləri və sığınacaq siyasəti üzrə naziri Tobias Bilström ilə görüşmüşdür.

Səfirlikdən bildirmişlər ki, görüşdə A.Məmmədov Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışmış, bunun nəticəsində ölkəmizə digər dövlətlərdən işçi miqrantların gəlmələrini və daxili bazarda fəaliyyət göstərmələrini qeyd etmişdir. İsveç əhalisinin 15 faizini miqrantların təşkil etdiyini deyən səfir ölkənin bu istiqamətdə böyük təcrübəyə malik olduğunu bildirmişdir. Diplomat əlavə etmişdir ki, Azərbaycan İsveçin bu təcrübəsini öyrənməkdə maraqlıdır.

Tobias Bilström İsveçə gələn miqrantların sayının ildən-ilə artdığını söyləmiş, hökumətin işçi qüvvəsi kimi onları qəbul və sığınacaq statusu ilə təmin etdiyini bildirmişdir. Diqqətə çatdırılmışdır ki, İsveç hökuməti sığınacaq alan şəxslərin müxtəlif mədəniyyətlərin və adət-ənənələrin daşıyıcıları olduqlarını nəzərə alaraq onların yerli mühitə inteqrasiyası üzrə müvafiq humanitar layihələr həyata keçirir.

A.Məmmədov İsveçdəki azərbaycanlı miqrantların problemləri ilə maraqlanmış, səfirliyin bu məsələdə ölkənin Miqrasiya Nazirliyinə kömək etməyə hazır olduğunu bildirmişdir.   

Nazir T.Bilström demişdir ki, İsveç hökuməti miqrasiya və sığınacaq verilməsi üzrə təcrübəsini Azərbaycanın müvafiq dövlət qurumları ilə bölüşməyə hazırdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 17 yanvar.- S.3.