Şəhidlərimizin əziz xatirəsi ehtiramla anılmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 20 Yanvar hadisələrinin 24-cü ildönümü münasibətilə şəhidlərin xatirəsini anma tədbiri keçirilmişdir.

İnstitutun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,  əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq bildirmişdir ki, 1990-cı ilin 20 Yanvar faciəsi azadlıq mücadiləmizin şanlı səhifəsi kimi Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır. Həmin gün nə qədər hüznlə anılsa da, bir o qədər də xalqımızın şərəf tarixi kimi yada salınır. Çünki həmin hadisələr azadlıq toxumlarının səpilməsi və sonradan cücərməsi ilə nəticələnmişdir.

Akademik qeyd etmişdir ki, uzun müddət 20 Yanvar hadisələrinə siyasi qiymət verilməmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən ilk dəfə həmin hadisələrə siyasi qiymət vermiş, sovet imperiyası tərəfindən təpədən-dırnağadək silahlanmış ordunun əliyalın insanların üstünə yeridilməsini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bildirilmişdir ki, qanlı hadisələrin dünya miqyasında pislənməsi üçün bu, birinci addım olmuşdur. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən ümummilli lider Heydər Əliyev bu hadisələrə siyasi qiymət vermiş, hüquqi qiymət verilməsi üçün şərait yaratmışdır.

Akademik İsa Həbibbəyli 20 Yanvar hadisələrinin xalqımızın azadlıq uğrunda mübarizə tarixində şərəfli yer tutduğunu xüsusi vurğulamışdır.

Sonra institutun direktor müavini, filologiya üzrə elmlər doktoru Məhərrəm Qasımlı "20 Yanvar: tarixmüasirlik" mövzusunda məruzə ilə çıxış etmişdir. Natiq 20 Yanvar hadisələrinin təfərrüatlarından bəhs edərək Azərbaycan xalqının qəhrəmanlıq tarixində bu faciənin əhəmiyyətli yer tutduğunu bildirmişdir.

Mərasimdə 20 Yanvar hadisələrini əhatə edəcək tədqiqatların aparılması, elmi işlərin yazılması, monoqrafiyaların çap olunması tövsiyə edilmişdir.

 

 

Azərbaycan.-2014.- 17 yanvar.- S.6.