Milli-mənəvi dəyərlərimizi qoruyaqyaşadaq

 

Dədə Qorquda əbədi abidə

 

 

Xalq öz milli ruhunu, mənəvi dəyərlərini, əxlaqi keyfiyyətlərini qoruyub yaşadanda, inkişaf etdirib gələcək nəsillərə çatdıranda böyük və qüdrətli olur. Milli ruhumuzu və mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən şifahi ədəbiyyatımızı-dastanlarımızı, nağıllarımızı, bayatılarımızı, laylalarımızı və s. toplayıb çap etdirmək, onlara yeni həyat vermək, təbliğ etmək ən böyük xeyirxahlıqdır, vətəndaşlıq borcudur.

Bu baxımdan xalqımızın qan və gen yaddaşı hesab olunan "Kitabi-Dədə Qorqud" dastanına verilən qiymət, Dədə Qorquda bəslənilən hörmət və ehtiram, bu möhtəşəm əsərin çap olunmasına, geniş təbliğinə göstərilən qayğı və diqqət çox önəmli və təqdirəlayiqdir

Əlbəttə, "Kitabi-Dədə Qorqud" dastanının taleyi həmişə bugünkü kimi uğurlu olmamışdır. Bu əsər sovetlər dövründə çox ciddi maneələrlə üz-üzə qalmış, əllinci illərə qədər onun təbliği, çap olunması qadağan edilmişdir. Hətta  bu dastanın xalqımıza mənsubluğuna  şübhə ilə yanaşanlar da olmuş, əsər barədə müxtəlif yanlış mülahizələr, fikirlər söylənilmişdir.

Ancaq alimlərimiz öz dəyərli araşdırmaları, cəsarətli fəaliyyətləri ilə bütün yanlış meyilləri qətiyyətlə dəf etmiş, əllinci illərdən sonra əsər təbliğ edilməyə başlanmışdır.

"Kitabi-Dədə Qorqud" dastanının tədqiqi, təbliği və beynəlxalq aləmdə tanıdılması sahəsində ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. 1970-1980-ci illərdə ümummilli liderin bilavasitə tapşırığı ilə "Kitabi-Dədə Qorqud"un təbliğinə geniş start verilmiş, onun dünya ictimaiyyətinə  çatdırılması, bəşəri amallara xidmət etdiyinin elmi faktlarla araşdırılması, üzə çıxarılması və dəyərləndirilməsi ilə bağlı sanballı əsərlər yaradılmış, konkret qərarlar qəbul edilmişdir.

Bu illərdə "Dədə Qorqud" jurnalı işiq üzü görmüş, dastanın boylarına həsr olunmuş film çəkilmiş, eposla bağlı bir çox elmi və bədii əsərlər yazılmışdır.

Ulu öndər Heydər Əliyev eposu son dərəcə yüksək qiymətləndirir, "Kitabi-Dədə Qorqud"u Azərbaycan xalqının tarixinin, etnik yaddaşının, arxaik təfəkkürünün güzgüsü, nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi" adlandırırdı. Məhz buna görə müstəqillik dövründə - 1993-2003-cü illərdə də dastanın təbliği ilə əlaqədar tədbirlər mütəmadi və ardıcıl olaraq həyata keçirilmişdir. Bu əsərə olan sonsuz məhəbbətin nəticəsidir ki, 2000-ci ildə Bakı şəhərində abidənin 1300 illik yubileyi UNESCO  xətti ilə beynəlxalq səviyyədə təntənəli qeyd edilmiş, "Dədə Qorqud" ensiklopediyası nəşr edilmiş, Dədə Qorqudun heykəlinin ucaldılması haqqında sərəncam verilmişdir.

"Kitabi-Dədə Qorqud" dastanı ümummilli lider Heydər Əliyevin qayğısı və diqqəti sayəsində özünün layiqli yerini tutmuş və qiymətini almışdır.

Sevindirici haldır ki, dastana olan münasibət, maraq bu gün nəinki azalmış, əksinə, qat-qat artmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin ölməz ideyalarına sadiqliyini bütün sahələrdə olduğu kimi, Dədə Qorquda münasibətdə də aydın nümayiş etdirmiş, Bakının mərkəzi küçələrinin birində möhtəşəm "Kitabi-Dədə Qorqud" abidəsi ucaldılmış və Dədə Qorqud parkı açılmışdır.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti  abidənin ucaldılması və parkın salınmasının təşəbbüskarı kimi ulu öndərin xidmətlərini xatırladaraq demişdir ki, "sadəcə olaraq biz  ulu öndərin siyasətinə sadiq qalaraq bu işləri başa çatdırdıq".

Ölkə rəhbəri "Kitabi-Dədə Qorqud" dastanının bəşəri dəyərlərini yüksək qiymətləndirərək qeyd etmişdir ki, bu əsər  Azərbaycan xalqının qəlbində daim yaşamışdır və yaşayır. O, türk dünyasını daha çox birləşdirməyə xidmət edir.

Azərbaycan Prezidenti türk dünyasında gedən  inkişafdan, qarşılıqlı əməkdaşlıqdan, müsbət  demoqrafik dinamikadan, türkdilli dövlətlərin bir-birinə olan dəstəyindən danışarkən onu da bildirmişdir ki, "bizim dövlətlərimizi, əlbəttə, siyasi maraqlar, iqtisadi sahədəki əməkdaşlıq bağlayır. Ancaq əməkdaşlığımızın təməlində ortaq tarix, tarixi köklər dayanır, o cümlədən "Kitabi-Dədə Qorqud" dastanı burada çox böyük rol oynayır".

Prezident İlham Əliyev bu dastana yüksək qiymət verir. Ölkə başçısının 28 dekabr 2013-cü il tarixdə imzaladığı "Dədə Qorqud dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında" sərəncam da bunun əyani ifadəsidir.

Sərəncamda deyilir: "Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində "Kitabi-Dədə Qorqud" özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq dolu keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət "Kitabi-Dədə Qorqud" ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monumental epos xalqımıza məxsus qədim adət-ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir".

"Kitabi-Dədə Qorqud"un elm aləminə tanıdılmasının 200 illiyi ərəfəsində bu sərəncamın imzalanması onun təsir gücünü daha da artırır və əsərin təbliğinin genişləndirilməsinə yeni imkanlar yaradır, ona əbədi abidə ucaldır.

Əlbəttə ki, bu əsər bütün dünyada yayılmağa və geniş təbliğ olunmağa layiqdır. O, nəinki  Azərbaycan xalqının, bütövlükdə bütün türkdilli xalqların ümumi mənəvi-əxlaqi dəyərlərini, qəhrəmanlıq ənənələrini, fikir, düşüncə tərzini bədii vasitələrlə özündə əks etdirən bir dastandır.

Ədəbiyyatşünas alimlərimiz haqlı olaraq göstərirlər ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan mentalitetinin, bütün türk dünyasının yaradıcı dühasının əldə olan ilk ən böyük və ən mükəmməl bədii ifadəsidir.

Tədqiqatçılar, ziyalılar bu dastanın milli ədəbi düşüncənin, milli ədəbiyyatın inkişafına etdiyi təsiri bədii-estetik baxımdan yüksək dəyərlərə malik fikirlərlə ümumiləşdirmişlər. Xalq yazıçısı Anar göstərir ki, "hər hansı xalq - ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə kitab xalqın mənliyini, mənşəyini və məskənini təsdiq edir, keçmişini və gələcəyini müəyyənləşdirir, özlüyünü, bənzərsizliyini, fəlsəfi və əxlaqi baxışlarını, dünyagörüşünüdünyaduyumunu, etikestetik dəyərlərini göstərir, xasiyyətinin, məcazının, davranışının ən incə psixoloji çalarlarını açır, torpağın ətrini və rənglərini, dağlarının əzəmətini, meşələrinin, çaylarının, bulaqlarının sərinliyini, çöllərinin, düzlərinin genişliyini canlandırır... Azərbaycan xalqının şah əsəri, Ana kitabı "Dədə Qorqud dastanı"dır".

"Kitabi-Dədə Qorqud" dastanı xalqımızın mənəvi xəzinəsi olmaqla bərabər, həm də dünya  bədii təfəkkürünün incilərindən biridir. Əsərin dəyəri, kamilliyi onun bəşəri amallara sahibliyində, milliyyətindən, dinindən asılı olmayaraq hər bir insana yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılamasındadır.

Xalqımızın əxlaq və mənəviyyatı, davranış mədəniyyəti, insani keyfiyyətləri, sevgi və məhəbbət hissləri bu kitabda insanın deyil, sanki Tanrının dili ilə ifadə olunmuşdur.  Müqəddəslik, alilik ruhu bu dastanın hər bir sətrində duyulduğu üçün onu müqəddəs kitabların cərgəsində görənlər haqlıdırlar.

Bizim hər birimiz də müqəddəslik qazanmış dastanımıza ali amallarla yanaşmalı, onun aşıladığı milli və bəşəri dəyərləri qoruyub yaşatmalı, geniş təbliğ etməliyik.

 

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2014.- 17 yanvar.- S.7.