«Nargis» nəşrlər evi jurnalistlər üçün «Açıq qapı günü» keçirmişdir

 

Yanvarın 17-də Bakı Biznes Mərkəzində jurnalistlər üçün "Açıq qapı günü" keçirilmişdir. Tədbir "Nargis" nəşrlər evi tərəfindən təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, mətbuat konfransı formatında keçirilən təqdimatda bu nəşrin nümayəndələri jurnalistikanın problemləri və jurnalistlərin ixtisas səviyyəsinin artırılması üsulları barədə açıq dialoq aparmışlar.

"Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova qeyd etmişdir ki, bu tədbirin məqsədi həmkarları nəşriyyatın layihələri, əməkdaşlıq perspektivləri ilə tanış etməkdir. Bu məqsədlə nəşrlər evi layihələr üzərində işə daha çox media nümayəndəsi cəlb etməyi planlaşdırır. Onların arasında başqa nəşrlərin və onlayn-portalların təcrübəli əməkdaşları ilə yanaşı, yazıları mətbu və ya onlayn nəşrlərdə dərc edilmiş gənc müəlliflər də ola bilər.

Ü.Rəhmanova sonda demişdir: "Layihənin məqsədi ölkədə azərbaycandilli və rusdilli jurnalistikanın ümumi səviyyəsini artırmaqdır. Nəşrlər evi il ərzində müəlliflərlə əməkdaşlıq edəcək, onların fəaliyyətini izləyəcəkdir. Bundan əlavə, ilin yekunlarına əsasən Azərbaycanın hüdudlarından kənarda keçirilən treninqlərdə iştirak etmək üçün beş jurnalistpublisistin daxil olduğu qrup yaradılması planlaşdırılır".

 

Azərbaycan.-2014.- 18 yanvar.- S.5.