Dönüş günü - 20 YANVAR

 

1990-cı il 20 Yanvar günü hər bir azərbaycanlının yaddaşına hopub. Hansı proseslər 20 Yanvara apardı? Bu hadisə necə baş verdi? 20 Yanvar tariximizdə hansı rolu oynadı?

 

 

Məlum olduğu kimi, 1990-cı il yanvarın 20-də sovet rəhbərliyi Azərbaycanın paytaxtı Bakıya qoşun yeridərək dinc əhaliyə divan tutmqla neçə-neçə günahsız insanı amansızlıqla öldürdü. Bu hadisə nə üçün baş verdi? Onun səbəbləri hansılar idi?

Tarixi mənbələr sübut edir ki, Qarabağ bölgəsinin heç bir zaman Ermənistanın tərkibində və erməni kütləsinin təsiri altında olmadığına baxmayaraq, Ermənistan SSR onu ələ keçirmək üçün müxtəlif zamanlarda əsassız iddialar irəli sürüb. 1985-ci ilin martında M.S.Qorbaçov SSRİ rəhbəri seçildikdən sonra bu iddialar daha da artdı. Ermənilər Dağlıq Qarabağ Muxtar Vilayətini ələ keçirmək üçün ilk növbədə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin üzərinə total böhtan dolu hücuma keçdilər. Heydər Əliyev 1987-ci il oktyabrın 21-də keçirilən Sov.İKP MK plenumunda vəzifəsindən azad edildikdən bir neçə gün sonra M.Qorbaçovun iqtisadiyyat məsələləri üzrə müşaviri Abel Aqanbekyanın Parisdə "İnterkontinental" hoteldə yerli erməni nümayəndələri qarşısında etdiyi çıxışında Azərbaycanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə sovet rəhbərinin razılığını aldığını bildirirdi. Noyabrın 18-də "Humanite" qəzetinin və tezliklə digər xarici ölkələrdəki erməni mətbuatı və radiostansiyalarının başlıca mövzusuna çevrilən bu bəyanatın ardınca Ermənistanın əsassız ərazi iddiaları artdı.

Ermənistan nümayəndələri 1987-ci ilin noyabrında Moskvaya gedərək mərkəzi orqanlar qarşısında əsassız tələblər irəli sürdülər. Elə həmin ayda Ermənistanın QafanMeğri rayonlarında azərbaycanlılara edilən hücumlar nəticəsində yüzlərlə soydaşımız qaçqına çevrilərək Azərbaycana gəldi.

Ermənistan nümayəndələri 1988-ci ilin fevralında yenidən Moskvaya gedib sovet orqanları qarşısında tələblərini irəli sürdülər. Bundan az sonra - həmin il fevralın 11-də Xankəndidə mitinqlər və mövcud konstitusiya quruluşu əleyhinə fəaliyyətlər başladı. Bu fəaliyyətlər Ermənistanda və vilayətdə azərbaycanlılara qarşı zorakılıq və hücumlar, bir müddət sonra azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını ilə müşayiət olundu. Ermənistandan gəlib Azərbaycanın Dağlıq Qarabağ regionunda təbliğat aparan "Qarabağ" və "Krunk" təşkilatlarının fəalları iki xalq arasında düşmənçilik toxumları səpir, separatçılığı qızışdırırdılar.

Azərbaycan cəmiyyətinin doğurmadığı Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycanın daxili işlərinə bilavasitə kobud müdaxiləsinin nəticəsi idi. Belə ki, 1980-ci illərin ortalarından etibarən Ermənistanda bir çox müəssisə və kooperativlər yarımleqal şəraitdə odlu silah, partlayıcı maddələr istehsal edərək Dağlıq Qarabağ bölgəsinə göndərir, sovet Ermənistanı rəhbərlərinin himayəsi altında qanunsuz silahlı birləşmələri silahsursatla, rabitə vasitələri, o cümlədən nəqliyyatla təmin edirdilər.

Münaqişənin başlanmasına SSRİ-də gedən bir sıra daxili amillər təsir etdi. Ətrafındakı erməni xadimlərinin təsiri altında olan M.S.Qorbaçov yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətini həyata keçirə bilmədiyi üçün yerlərdə günahkarlar axtarmağa və onları cəzalandırmağa cəhdlər edirdi.

SSRİ-nin dağılmasında maraqlı olan bəzi Qərb dövlətləri də milli münasibətləri qızışdırırdılar. Sovet İttifaqını demokratikgüclü bir dövlət kimi görməkdə maraqlı olmayan ölkələr Sovet İttifaqını daha tez dağıtmağın yolunun ən zəif həlqə olan milli münasibətlərin kəskinləşdirilməsindən keçdiyini yaxşı bilirdilər.

1988-ci il fevralın 18-də etdiyi çıxışında M.Qorbaçov SSRİ-də milli münasibətlər məsələsinə baxılmasının vacibliyini söylədi. M.Qorbaçovun çıxışı erməniləri daha da ruhlandırdı. Onlar fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin iclasını keçirdilər. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, qalanları isə azərbaycanlılar idi. Azərbaycanlı deputatlar yığıncağa buraxılmadılar. Vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. Bu, Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da gərginləşdirdi.

Ermənistandan azərbaycanlıların qovulmasına başlanıldı. Azərbaycana ilk qaçqınlar gəlməyə başladı. Qafandan qovulan 70 nəfər fevralın 21-də Azərbaycan KP MK-nın qəbul otağına gələrək Ermənistanda yaşamağın mümkün olmadığını söylədilər. Onları qəbul edən məsul işçilər bu barədə Ermənistan rəhbərliyinə müraciət etməyi məsləhət bildilər.

Sov.İKP MK fevralın 21-də "Dağlıq Qarabağda hadisələr haqqında" qərar qəbul etdi. Vilayətdə yaranmış vəziyyətin siyasi cəhətdən ciddi qiymətləndirildiyi qərarda qeyd edilirdi ki, bu regionda milli-ərazi quruluşunun dəyişdirilməsi hərəkətləri və tələbləri Azərbaycan və Ermənistan zəhmətkeşlərinin maraqlarına ziddir, millətlərarası münasibətlərə ziyan vurur, məsuliyyətli qərarlar qəbul edilməsə, çətin düzələn nəticələr verə bilər. Qərarda bütün bunların hamısının ekstremist əhval-ruhiyyəli şəxslərin məsuliyyətsiz çağırışlarına yerli partiyasovet orqanlarının gözləmə mövqeyinin nəticəsi olduğu göstərilirdi. Sov.İKP MK vəziyyəti normallaşdırmaq üçün bütün məsuliyyəti Azərbaycan və Ermənistan KP MK-nın və şəxsən MK-nın birinci katiblərinin üzərinə qoyur, vilayətin sosial-iqtisadi inkişafına dair tədbirləri işləyib hazırlamaq tapşırırdı.

Fevralın 22-də bu qərarı müzakirə edərək bəyənən Azərbaycan KP MK Bürosu vəziyyəti normallaşdırmaq işini Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinə tapşırdı. Vilayətin sosial-iqtisadi inkişafı üçün tədbirləri hazırlayıb Azərbaycan KP MK-ya təqdim etmək göstərişi verildi. Əhali arasında təbliğat işləri aparmaq tövsiyə edildi. Mətbuat, radio və televiziyanın imkanlarından istifadə edərək erməni və Azərbaycan xalqı arasında dostluğun təbliği vacib sayıldı.

Lakin bu qərarlar yerinə yetirilməmiş ilk qan töküldü. Xankəndi-Ağdam şose yolu üstündə yerləşən Əsgəran qəsəbəsi yaxınlığında silahlılar DQMV Xalq Deputatları Sovetinin ayrılma barədə qərarına qarşı etiraz edən dinc azərbaycanlılara fevralın 22-də atəş açdılar. İki azərbaycanlı gənc həlak oldu. Onlar münaqişənin ilk qurbanları idi. Beləliklə, Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsinin ilk konkret nəticəsi Əsgəranda iki azərbaycanlının öldürülməsi oldu.

İşdə yol verdiyi nöqsanlara görə Boris Gevorkov fevralın 25-də Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsindən azad edildi. Bu vəzifəyə Vilayət Xalq Deputatları Soveti sədrinin birinci müavini, Vilayət Aqrar-Sənaye Kombinatının sədri Nikolay Poqosyan gətirildi.

Həmin gün Sov.İKP MK baş katibi Mixail Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət etdi. Bu müraciətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi tədbirləri barədə Sov.İKP MK qərar qəbul etdi. Azərbaycan KP MK Bürosu fevralın 26-da həmin qərarı bəyəndi. Respublikada əhali arasında geniş aparmaq tədbirləri müəyyənləşdirildi.

Bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədi ilə hərbi bazalar yaratmaq üçün əraziyə hərbi birləşmələr, böyük miqdarda silah, sursat göndərməyə, azərbaycanlı əhaliyə qarşı terror hərəkətlərini həyata keçirməyə, onları öldürməyə, evlərini yandırmağa və sərhədyanı kəndləri atəşə tutmağa başlamışdı. Ermənistan təcavüzkarlığını ört-basdır etmək üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində "erməni xalqı"nın öz müqəddəratını təyin etməsi, ermənilərin hüquqlarının pozulması, sosial-iqtisadi inkişafının geriliyi barədə mülahizələr irəli sürürdü. Lakin bütün bunların heç bir əsası yox idi. DQMV muxtar qurumlar içərisində sosial-iqtisadi və mədəni baxımdan ən inkişaf etmişlərindən biri idi.

Bu zaman Ermənistandan azərbaycanlıların qovulması artıq kütləvi hal almışdı. Qaçqınlar Azərbaycanın müxtəlif rayonlarına, xüsusən Bakı və Sumqayıt şəhərlərinə üz tuturdular. Ermənistandan qovularaq evsiz-eşiksiz qalanyaşamaq üçün imkanları olmayan insanlar dövlət orqanlarından hüquqlarının qorunmasını tələb edirdilər. Əsgəranda iki nəfər azərbaycanlının öldürülməsi əhalini daha da hiddətləndirmişdi. Onlardan fərqli olaraq ermənilər Azərbaycanda yaşayır və işləyirdilər.

Yaranmış gərgin vəziyyətdə 1988-ci il fevralın 26-28-də Sumqayıtda sovet xüsusi xidmət orqanlarının təşkili ilə iğtişaş baş verdi. Bununla sovet rəhbərliyi Azərbaycana təzyiq etmək, Ermənistan rəhbərliyi isə azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək istəyirdi.

Azərbaycan hakimiyyətinin vəziyyəti sabitləşdirmək səylərinə baxmayaraq, Ermənistanın kobud müdaxilələrini dayandırmaq mümkün olmurdu. Millətçi əhval-ruhiyyəli şəxslərin Ermənistandan DQMV-nin bir sıra rayonlarına gələrək Dağlıq Qarabağ regionunun Azərbaycan SSR-in tərkibindən çıxarılması üçün yüksək dairələrə müraciət etmək və Ermənistan SSR və DQMV-dən Moskvaya nümayəndələr göndərmək məqsədilə kütləvi imza toplamaq kimi qızışdırıcılıq fəaliyyəti ilə məşğul olurdular.

Ermənistanın Azərbaycana qarşı müdaxiləsi və iki respublika arasında münaqişə Sov.İKP MK-da 1988-ci il martın 9-da keçirilən müşavirədə geniş müzakirə edildi. Sov.İKP MK Siyasi Bürosunun qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində yığılıb qalmış problemləri dərindən və hərtərəfli öyrənmək tapşırıldı.

Azərbaycan KP MK qarşısında duran vəzifələr isə 1988-ci il martın 13-də Azərbaycan KP MK Bürosunun iclasında müzakirə edildi. Geniş bir qərar qəbul olundu. Qərarda Sov.İKP MK-nın 9 mart tarixli müşavirəsinin nəticələri bəyənilir, erməni və Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirmək xəttinə dönmədən əməl etmək yerli partiya, sovet və təsərrüfat orqanlarından tələb edilirdi.

Azərbaycan tərəfinin vəziyyəti normallaşdırmaq cəhdlərinə baxmayaraq, Ermənistan kobud müdaxilələrini davam etdirirdi. Yerevanda çap edilən məqalələrin bəzilərində müəlliflər buya başqa şəkildə Azərbaycan SSR-in bəzi rayonlarının Ermənistana məxsus əzəli torpaqlar olduğunu əsaslandırmağa cəhd edir, erməni əhalisinin müəyyən hissəsində "tarixi ədalətin bərpası" zəruriliyi fikrini formalaşdırırdılar.

Yaranmış vəziyyət Sov.İKP MK Siyasi Bürosunun 1988-ci il martın 21-də keçirilən iclasında müzakirə edildi. İclasda müttəfiq respublikaların rəyasət heyətlərinin iclaslarının keçirilməsi və müvafiq müraciət etmələri təklif olundu. Ermənistana və Azərbaycana ilk olaraq Rusiya müraciət etməli idi.

 

Bir müddət sonra Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Özbəkistan, Qazaxıstan, Litva, Moldova, Latviya, Qırğızıstan, Tacikistan, Türkmənistan və Estoniya SSR Ali Soveti Rəyasət heyətləri münaqişəni dayandırmaq barədə Azərbaycana və Ermənistana müraciət etdilər.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti martın 23-də Dağlıq Qarabağda, Azərbaycan SSR-də və Ermənistan SSR-də vəziyyətə dair müttəfiq respublikaların müraciəti barədə tədbirlər haqqında qərar qəbul etdi. Qərarda mürəkkəb milli-ərazi məsələlərinin dövlət hakimiyyət orqanlarına təzyiq yolu ilə həlli cəhdləri pislənilirdi. Lakin bu müraciətin nəticəsı olmadı.

Azərbaycan hakimiyyəti Ermənistanın müdaxiləsinin qarşısını ala, respublikanın hüquqlarını qoruyaböhrandan çıxara bilmədi. Yaranmış ağır vəziyyət Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Kamran Bağırov 1988-ci il mayın 21-də vəzifəsindən azad edildi. Mərkəz tərəfindən həmin vəzifəyə uzun illər boyu Azərbaycandan kənarda yaşamış, milli ruha yad olan Əbdürrəhman Vəzirov, Ermənistanda isə Karen Dəmirçiyanın əvəzinə Suren Arutunyan hakimiyyətə gətirildi. Hakimiyyət dəyişikliyi vəziyyəti nəinki düzəltmədi, əksinə, xeyli ağırlaşdırdı. Böhran daha da dərinləşdi. İdarəçilik qabiliyyəti olmayan Əbdürrəhman Vəzirov problemi həll etməyi bacarmadığından diqqəti yayındırmağa başladı. Bu isə Azərbaycanın daxilində gərginliyi daha da artırdı. Xalq ilə hakimiyyət arasında uçurum, hakimiyyət daxilində ziddiyyətlər daha da dərinləşdi.

Hakimiyyət dəyişikliyi Ermənistandan azərbaycanlıların qovulmalarını dayandırmadı. Qovulmanın motivləri aşağıdakılar idi: azərbaycanlı əhali ətrafında yaradılmış qeyri-sağlam mənəvi-psixoloji mühit; "Ermənistandan rədd olun" şüarı; silahla hədələnmələri və həyatları üçün təhlükənin olması; ticarət obyektlərində azərbaycanlılara xidmət göstərilməməsi və təhqir olunmaları; Ermənistanın partiyasovet orqanlarının azərbaycanlıların şikayətlərinə baxmaması.

Sovet rəhbərliyinin müraciətlərinə baxmayaraq, ermənilər iyunun 13-də Yerevanda böyük mitinq keçirdilər. Bundan bir neçə gün sonra, iyunun 15-də keçirilən Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV Sovetinin yuxarıda göstərilən müraciətinə baxaraq DQMV-nin Ermənistanın tərkibinə girməsinə razılıq verdi. Həmçinin DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi barədə müsbət qərar qəbul etmək haqqında Bakıya və Moskvaya müraciət etdi. Cavab olaraq Azərbaycan SSR Ali Sovetionun Rəyasət Heyəti 1988-ci il iyunun 13 və 17-də qəbul etdiyi qərarlarda SSRİ konstitusiyasının 78-ci və Azərbaycan SSR Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsinin qəbuledilməz və qeyri-mümkün olduğunu bildirdi. Bundan sonra müttəfiq respublikalar arasında sərhəd dəyişikliyinin mümkünlüyünü müzakirə etmək üçün ciddi bir əsas olmadığını və SSRİ Konstitusiyasının müddəalarını, Azərbaycan SSR-in və Ermənistan SSR-in qüvvədə olan əsas qanunlarını nəzərə alaraq məsələnin artıq bağlandığını hesab etmək olardı. Lakin belə olmadı. Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilələrini daha da genişləndirərək xaricdəki erməni diasporunu da bu işə cəlb etdi. İyunun 16-da 100 minə yaxın erməni SSRİ-nin Parisdəki səfiriliyi önündə mitinq keçirərək Dağlıq Qarabağın Ermənistana verilməsini tələb etdi.

Bu zaman Ermənistandan qovulan azərbaycanlılar kortəbii mitinqlər keçirərək DQMV-də qayda-qanun yaradılmasını, Ermənistanda yaşayan azərbaycanlıların təhlükəsizliyinin təmin olunmasını, həyat və əmək fəaliyyətləri üçün normal şərait yaradılmasını tələb edirdilər. Azərbaycan hakimiyyəti bu haqlı tələbləri yerinə yetirə bilmirdi. Moskvada isə zəif, xalqdan ayrı düşmüş respublika rəhbərliyini dinləmək istəmirdilər. Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulmalarına cavab olaraq qaçqınlar da Azərbaycandakı ermənilərin işdən çıxarılmasını tələb edirdilər. Bu zaman Ermənistandan qovulan azərbaycanlıların sayı 16 min nəfəri ötüb keçmişdi. Bir müddət sonra onların sayı 18 min 500 nəfər oldu.

İyul ayının əvvəllərindən etibarən Yerevanda və Ermənistanın digər şəhərlərində kütləvi mitinqlər keçirildi. Həmin mitinqlərlə təxminən eyni vaxtda, 1988-ci il iyulun 12-də DQMV Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair qərar qəbul etdi. Buna cavab olaraq iyulun 13-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti SSRİ və Azərbaycan SSR konstitusiyalarına, eləcə də Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında qanununa əsaslanaraq DQMV Xalq Deputatları Sovetinin vilayətin Azərbaycan SSR-dən birtərəfli qaydada ayrılmasına dair DQMV Xalq Deputatları Sovetinin 12 iyul tarixli qərarının qanunsuz olduğunaheç bir hüquqi qüvvəsi olmadığına dair qərar qəbul etdi.

SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1988-ci il iyulun 18-də Ermənistan SSR və Azərbaycan SSR Ali sovetlərinin Dağlıq Qarabağ haqqında məsələ üzrə qərarları barədə qərar qəbul etdi. Qərarda Ermənistan ilə Azərbaycan arasında konstitusiya əsasında müəyyənləşdirilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməzliyi bildirilərək göstərilirdi ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin ali orqanlarının təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR konstitusiyalarında da əksini tapmışdı.

Beləliklə, Ermənistan SSR-in Dağlıq Qarabağ bölgəsini Azərbaycan SSR-dən qopararaq tərkibinə qatmaq məqsədilə başladığı açıq müdaxilə SSRİ Konstitusiyasının kobud şəkildə pozulması ilə müşayiət olunduğundan hüquqi nəticə doğurmadı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti bu iddiaları rədd etdi.

Buna baxmayaraq, DQMV-də müəssisələr işləmirdi. Az sonra vilayətdə milli zəmində toqquşmalar baş verdi. Qanlı toqquşmaların qarşısını almaq üçün 1988-ci il iyulun 28-də Azərbaycanın Dağlıq Qarabağ regionunda fövqəladə vəziyyət elan edildi.

 

 

 

(Ardı var)

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, professor

Azərbaycan.-2014.- 18 yanvar.- S.10.