Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin

 24-cü ildönümünə həsr olunmuş konfrans keçirilib

 

Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş "Xalqımızın qan yaddaşı" mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri akademik Arif Mehdiyev konfransı giriş sözü ilə açaraq 1990-cı in yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət və insanların vəhşicəsinə qətlə yetirilməsi barədə danışmışdır. AAK-ın sədri qeyd etmişdir ki, həmin tarixi gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdi. Daha sonra akademik Arif Mehdiyev o zaman Moskvada yaşayan ümummilli lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsini, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsini, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Konfrans açıq elan edildikdən sonra 20 Yanvar  şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Konfransda AAK sədrinin müavini Vəli Hüseynovun "20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir" mövzusunda geniş məruzəsi dinlənilmişdir. Məruzəçi 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Azərbaycan tarixində tutduğu yerdən, o zaman törədilmiş cinayətlərdən, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsindən, onların ailə üzvlərinə göstərilən dövlət qayğısından danışmışdır.

Konfransda AAK-ın baş elmi katibi Arif Quliyev, AAK-ın şöbə müdirləri Rafail Əhmədli, Arif Səfiyev, Tahir Kazımov, AAK-ın hüquqşünası Fazil Nəsibov və şöbə müdirinin müavini Pərvanə İsayeva 20 Yanvar faciəsi ilə bağlı çıxış edərək bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Vətən övladları öz qanları ilə Azərbaycan tarixinin şərəfli və müqəddəs bir səhifəsini yazmışlar. Çıxış edənlər həmçinin qeyd etmişlər ki, haqq-ədalət və müstəqilliyimizin bərpası uğrunda canlarını qurban vermiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.

Bununla da konfrans öz işini başa çatdırdı.

 

 

Azərbaycan.-2014.- 18 yanvar.- S.10.