Dönüş günü - 20 YANVAR

 

Tarixin qan yaddaşı: 20 yanvar faciəsindən 24 il keçir

 

1990-cı il 20 Yanvar günü hər bir azərbaycanlının yaddaşına hopub. Hansı proseslər 20 Yanvara apardı? Bu hadisə necə baş verdi? 20 Yanvar tariximizdə hansı rolu oynadı?

Ermənistanda isə qovulan azərbaycanlıların sayı daha da artmışdı. Azərbaycan hakimiyyəti Ermənistandakı azərbaycanlıların hüquqlarını qorumaq iqtidarında deyildi. Respublika böyük fəlakətlə üz-üzə qalmışdı. 1988-ci il avqustun 1-nə olan məlumata görə, Ermənistandan qovulan qaçqınlar Azərbaycanın 45 şəhər və rayonuna toplanmışdı.1988-ci ilin oktyabrın əvvəllərinə olan məlumata görə, Ermənistandan Azərbaycana 28 min 225 nəfər və ya 6 min 516 ailə qovulmuşdu. Azərbaycanlılar DQMV-dən də zorla qovulurdular. Xankəndidən, Əsgəran, MartuniHadrut rayonlarından Şuşa, Ağdam və digər rayonlara 3 min 69 nəfər və ya 569 azərbaycanlı məcburi köçkün ailəsi gəlmişdi. Azərbaycan hakimiyyəti onların hüquqlarını qorumaqda gücsüz idi. Mərkəzi hökumət isə azərbaycanlıları qaçqına çevirən, üstəlik, respublikamıza qarşı əsassız iddialar irəli sürən Ermənistanı cəzalandırmırdı.

1988-ci ilin sonları üçün Ermənistandan qovularaq qaçqına çevrilən azərbaycanlıların sayı 110 min nəfərə çatmışdı. Onların Dağlıq Qarabağ regionunda yerləşdirilməsinə icazə verilmədi. Ermənistanda ev-eşiklərini itirmiş, vilayətə yerləşmiş azərbaycanlı qaçıqınlar mərkəzi və Azərbaycan hakimiyyəti tərəfindən zorla oradan çıxarıldılar.

1988-ci il dekabrın 7-də Ermənistanda 25 min adamın ölümünə və 500 min adamın evsiz-eşiksiz qalmasına səbəb olan zəlzələ baş verdi. Əsassız ərazi iddiaları irəli sürməsinə və tarixi torpaqlarında yaşayan azərbaycanlıları zorla qovaraq qaçqına çevirməsinə baxmayaraq, Azərbaycanda Ermənistan üçün humanitar yardım toplandı. Qəribə idi. Humanitar yardım toplayanlar arasında Ermənistanda tarixi torpaqlarından qovulan, ev-eşiklərini itirən azərbaycanlılar da var idi. Azərbaycan dekabrın 12-də Ermənistana humanitar yardımla dolu İL-76 təyyarəsində 77 xilasedici göndərdi. Lakin təyyarə Ermənistan səmasında vuruldu. Bir nəfərdən başqa təyyarədəki bütün insanlar həlak oldular.

Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün çalışan xarici ölkə xilasedicilərinin rastlaşdığı fakt təyyarə qəzasından daha dəhşətli idi. Onlar ermənilər tərəfindən diri-diri doldurularaq qaynaqlanmış qaz borularından 30 nəfərədək azərbaycanlı uşağın meyitini tapdılar. Bu, Ermənistanda azərbaycanlılara qarşı düşmənçilik və nifrət hisslərinin həddinin olmadığını göstərirdi. Təbii fəlakət Ermənistanın işinə yaradı. Zəlzələdən ziyan çəkən əhaliyə yardım adı altında Ermənistana xarici ölkələrdəki erməni diasporu çoxlu silahsursat göndərdi.

Sovet rəhbərliyi bu zaman Azərbaycanın hüquqlarını kobudcasına pozan daha bir addım atdı. SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də Azərbaycan konstitusiyasına zidd olaraq 10025 ¹-li qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi İdarə Komitəsi yaratdı. Komitənin tərkibinə 8 nəfər daxil edildi. Onların 5 nəfəri Sov.İKP MK, mərkəzi nazirlik və idarələrin nümayəndələri idilər. Komitənin tərkibində SSRİ DTK-nın iki əməkdaşı çalışırdı. Sov.İKP MK Siyasi Bürosunun 13 yanvar tarixli P146/41¹-li qərarı ilə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsi yaradılmasına dair qərar qəbul olundu. Komitənin sədri Arkadiy Volski təyin edildi.

Komitənin yaradılması regionun Azərbaycanın nəzarətindən çıxmasında əsas rol oynadı. Ermənilər Azərbaycanın dəmiryolları və avtomobil yollarına qarşı təxribatlar törətməyə, Dağlıq Qarabağ regionunda kütləvi talanlar etməyə, təbii sərvətləri dağıtmağa və meşələri qırmağa başladılar.

Bunlara cavab olaraq avqustun 12-də Bakıda kütləvi mitinqlər başladı. Əhali Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmasının və təcavüzünün dayandırılmasını tələb edirdi.

"Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin səlahiyyətli nümayəndələrinin konqresi" 1989-cu il avqustun 16-da keçirilən iclasında Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtariyyətini tanımaqdan imtina etdiyini bildirdi. "Konqres" eyni zamanda DQMV-ni Azərbaycan SSR Konstitusiyasının və respublikanın digər qanunlarının işləmədiyi "müstəqil ittifaq ərazisi" elan etdi, DQMV-də müstəsna xalq hakimiyyətini bəyan edən "milli şura" yaratdı. Bütün bunlar Xüsusi İdarə Komitəsinin fəaliyyət göstərdiyi müddətdə baş verdi. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti isə avqustun 26-da "Dağlıq Qarabağ Muxtar Vilayəti əhalisinin səlahiyyətli nümayəndələrinin konqresi"nin qərarını qanunsuz elan etdi.

Bunun ardınca Azərbaycan SSR Ali Soveti 1989-cu il sentyabrın 23-də Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında Azərbaycan SSR-in Konstitusiya qanununu qəbul etdi. Qanunun 5-ci maddəsində yazılırdı: "Azərbaycan SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər".

Azərbaycan tərəfi Xüsusi İdarə Komitəsinin fəaliyyətinə narazılığını bildirdi. Geri çəkilən sovet rəhbərliyi noyabrın 28-də Xüsusi İdarə Komitəsini ləğv etdi. Onun əvəzində SSRİ Ali Soveti Xüsusi Komissiyasının nəzarəti altında Dağlıq Qarabağ üzrə Azərbaycan SSR-in Təşkilat Komitəsini yaratdı. Ermənistan rəhbərliyi SSRİ Ali Sovetinin bu qərarını qəbul etmədi. Ermənistanda erməni milli hərəkatı quruldu. Onun rəhbərliyinə şərqşünas alim Levon Ter-Petrosyan gətirildi. Hərəkatın əsas məqsədi Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistana birləşdirmək idi. Ermənistan SSR Ali Soveti 1989-cu il dekabrın 1-də Ermənistan SSR və Dağlıq Qarabağı birləşdirmək haqqında qərar qəbul etdi. Xankəndidə Ermənistan SSR bayrağı qaldırıldı. Heç şübhəsiz, Ermənistan parlamentinin bir müttəfiq respublikanın ərazisinin müəyyən hissəsinin digərinin xeyrinə birtərəfli qaydada ələ keçirilməsini qanuniləşdirməyə və digər dövlətin ərazisində Konstitusiyaya zidd qurumun yaradılmasına yönəldilmiş bubir çox digər qərarları beynəlxalq hüquqa zidd idi. Buna görə Azərbaycan tərəfi dekabrın 2-də həmin qərarın hüquqi əsası olmadığını bəyan etdi.

Azərbaycanlıların bir qismi etiraz əlaməti olaraq dekabr ayında İran ilə sərhəd məftillərini sökdü. Bu, Azərbaycan xalqı tərəfindən tarixi istəyinin yerinə yetirilməsində bir addım idisə, sovet hakimiyyəti tərəfindən xarici ölkələrdə respublikada baş verən hadisələrin "islam fundamentalizmi" kimi təbliğ edilməsinə gətirib çıxardı.

Bu hadisələrə paralel olaraq Ermənistandan azərbaycanlıların vəhşicəsinə qovulması davam edirdi. Kütləvi qovulma ölüm və zorakılıq halları ilə müşayiət olunurdu. Azərbaycan SSR Prokurorluğunun məlumatına əsasən 1988-1989-cu illərdə münaqişə zəminində 216 nəfər azərbaycanlı öldürülmüşdü. Öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və yaşlı adamlar idi. Kütləvi zorakılıq və talanlar dövründə erməni hərbiləşdirilmiş qruplaşmaları xüsusi qəddarlığı ilə seçilirdilər. Münaqişənin gedişində azərbaycanlılar yaşadıqları 172 kənddən qovuldular. Bütövlükdə münaqişənin gedişində Ermənistan ərazisindən 185 min 519 nəfər və ya 40897 azərbaycanlı ailə qovuldu. Onların hamısı əmlaksız və evsiz-eşiksiz qaldılar. Ermənistanda azərbaycanlılara məxsus bütün tarixi yer adları dəyişdirilərək erməniləşdirildi. Sonralar, 1991-ci il aprelin 9-da Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin qəbul etdiyi qərarla azərbaycanlılara məxsus 94 kəndin də adı dəyişdirildi. Ermənistanda azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələri, məzarlar və məscidlər tamamilə dağıdıldı, yerlə yeksan edildi.

Vilayətdə də azərbaycanlılara qarşı zorakılıq dayanmırdı. Ermənistan SSR Ali Soveti Azərbaycanın daxili işlərinə müdaxiləni davam etdirərək yanvarın 9-da Dağlıq Qarabağı 1990-cı il iqtisadi planına daxil etdi. Bu isə Azərbaycan ilə Ermənistan arasında münasibətləri daha da pisləşdirdi.

Azərbaycanda ictimai-siyasi vəziyyət kəskinləşdi. 1990-cı il yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti "Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında" qərar qəbul etdi. Qərarda Azərbaycan SSR-in razılığı olmadan Ermənistan SSR ilə Dağlıq Qarabağın yenidən birləşdirilməsinin qanunsuz olduğu bildirilirdi. Buna cavab olaraq Ermənistan SSR Ali Soveti respublikasında yalnız Ermənistan qanunlarının qüvvədə olduğunu bildirdi.

Mərkəzi hökumətin azərbaycanlıların etirazlarına məhəl qoymaması və hüquqlarını qorumaması nəticəsində Azərbaycanda vəziyyət daha da pisləşdi. Uğursuzluqlar daxili siyasi sabitsizliyə və böhrana gətirib çıxardı. Bakıda mitinqlər ara vermirdi. Əhali Ermənistanın müdaxiləsini dayandırmağı, Dağlıq Qarabağ regionunda vəziyyəti normallaşdırmağı, Ermənistandan qovulan adamların problemlərinin həllini tələb edirdi. Xalqdan ayrı düşmüş Azərbaycan hakimiyyəti isə bunları yerinə yetirməyə qadir deyildi. Hakimiyyət orqanları fəaliyyətsiz hala düşmüşdülər. Respublikanın paytaxtında vəziyyət nəzarətdən çıxırdı. Azərbaycanın bölgələrində də vəziyyət gərginləşmişdi. Bir neçə rayonda Azərbaycan Xalq Cəbhəsinin fəalları hakimiyyət orqanlarını ələ keçirdilər. Yanvarın 11-12-də Lənkəranda mitinqçilər Azərbaycan KP şəhər partiya komitəsinin və yerli radiostansiyanın binalarını tutdular. Bir neçə rayonda da bu hal təkrar olundu. Qoşun hissələrinin şəhərə girməsinə haqq qazandırmaq üçün sovet xüsusi xidmət orqanları yanvarın 13-də Bakıda yaşayan bəzi ermənilərə qarşı zorakılıq hərəkətlərini təşkil etdi.Yanvarın 17-dən etibarən Azərbaycana əlavə sovet hərbi hissələri gətirilməyə başlandı. Azərbaycana yeridilən sovet əsgərlərinin sayı yanvarın 19-da 24 minə çatmışdı. Azərbaycan xalqı sovet qoşun hissələrinin qarşısında küçələrdə əliyalın qalmışdı.

 

 

 

Bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayət

 

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Əhali baş verən hadisələr barədə heç bir informasiya ala bilmədi. M.Qorbaçov Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı. Elə həmin gecə M.Qorbaçov başda olmaqla sovet rəhbərliyi əsasən Rostov, KrasnodarStavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə etirazları yatırmaq üçün Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Ordunun Bakıda və Azərbaycanın digər ərazilərində görünməmiş vəhşiliyi nəticəsində dəhşətli qətliam baş verdi. 130 dinc azərbaycanlı öldürüldü, 700 nəfər yaralandı, 12 nəfər itkin düşdü. 20 Yanvar hadisəsi nəticəsində Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər.

Həmin vaxtlarda sərt nəzarət altında olan böyük dövlət və siyasi xadim Heydər Əliyev ailə üzvləri ilə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi, sovet rəhbərliyinin hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olduğunu bildirdi.

20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Bu hadisənin mahiyyətini təhlil edən akademik Ramiz Mehdiyev yazır: "Totalitar kommunist rejimin XX əsrdə həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan bu təcavüz Azərbaycan xalqına qarşı, bəşəriyyətə və humanizmə qarşı dəhşətli cinayətdir".

 

 

 

SSRİ-nin əsaslarını dağıdan hadisə

 

 

20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu. Bu, SSRİ siyasi sisteminin böhranını və M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı ilə hakimiyyət arasında uçurum daha da dərinləşdi. Həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda fabrikzavodlar 40 gün işləmədi. Bu isə vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. Ölkənin iqtisadi əsasları sarsıldı.

Xalqın orduya, xüsusi xidmət orqanlarına, bütövlükdə mərkəzi hakimiyyətə olan inamı tamamilə sarsıldı. Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar.

20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında dönüş mərhələsi oldu. Xalq bundan sonra mərkəzlə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdiyerli hakimiyyətə də etimad bəsləmədi. Müstəqillik və milli azadlıq mərhələsi başladı. Azərbaycan xalqı nicat yolunu yalnız müstəqillikdə gördü.

 

 

 

Sovet atributlarından imtina edilir

 

 

Belə bir şəraitdə 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyasının qərarı ilə Naxçıvan MSSR adından "Sovet Sosialist" sözləri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək sovet sosialist ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. Martın 17-də ölkədə SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendum keçirildi. SSRİ-nin saxlanılmasının tərəfdarları üstünlük qazandılar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında referendum boykot edildi.

Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılması sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya aktı qəbul olundu.

 

 

Musa QASIMLI,

Milli Məclisin deputatı, professor

Azərbaycan.-2014.- 19 yanvar.- S.5.