Şair cəsarətinin əks-sədası

 

90-cı ilin Qanlı Yanvar gecəsi. Bəlkə də həmin gecə Bakı belə bir vahiməni, faciəni gözləmirdi. Ona görə ki, cəmi iki-üç gün öncə Moskvadan gələn emisarlar xalqa yalançı vədlər vermişdilər ki, Bakıya qoşun yeridilməyəcək. Hiylə ilə yoğrulan bu məkrli planın baş dirijoru isə Mixail Qorbaçov idi.

Yaxşı xatırlayırıq. 18 yanvar 1990-cı ildə Primakovonun yan-yörəsindəkilər əyalət siyasətçilərinə qoşulub Azərbaycan televiziyası ilə çıxışlarında xalqı inandırmağa çalışırdılar ki, dinc əhaliyə heç bir təzyiq göstərilməyəcək. Bir sözlə, Bakıda fövqəladə vəziyyətin tətbiqi nəzərdə tutulmayıb. Sən demə, bütün bunlar dinc əhalini fəlakətə sürükləmək, qırğına aparmaq üçün yalançı və pafoslu sözlərdən başqa bir şey deyilmiş. Həmin günün səhəri hələ qırğın başlamamış Azərbaycan televiziyasının enerji bloku partladıldı. Belə bir gizli təxribatın izini azdırmaq üçün müxtəlif planlar cızdılar. Günahsız adamları cəzalandırmaq istədilər, şər və böhtana əl atdılar. Əsas məqsədləri bu idi ki, cinayətkar imperiya rəhbərlərinin xəyanətkar siyasətini ört-basdır etsinlər. Heç bir xəbərdarlıq edilmədən gecə şəhərə tankların, topların yeridilməsi, günahsız adamların qətlə yetirilməsi əsl kütləvi terror idi. Həmin gecə Azərbaycan televiziyasının susdurulması isə Bakını informasiya blokadasında saxlamağa yönəldilən bir iyrənc oyun idi. Biz bir daha inandıq ki, totalitar sovet rejiminin baş məqsədi zülmistismar zəncirini ilmə-ilmə toxumaqdır. Əlbəttə, o gecə Azərbaycan xalqı qətiyyətlə və mübarizliklə o zənciri qırmağa, azadlığına qovuşmağa can atırdı. Və bu yolda nahaq qanlar da tökülürdü, ən ləyaqətli oğul-qızlarımız əqidələri yolunda şəhid də olurdular. Amma qəddar düşmən nə qədər inadkar olsa da, xalqımızı zülmə, əsarətə baş əydirə bilmədi.

O faciə gecəsindən sonra xalq matəm içərisində idi. Bakıda fövqəladə vəziyyət elan olunmuşdu. Küçə və meydanlarda sovet ordusunun hərb maşınları görünürdü. Biz yaxınlarımızı, itkin düşən doğmalarımızı soraqlayırdıq. Amma sovet ordusunun yaraqlıları o qədər qəddarlıq göstərirdilər ki, hər kəsin doğma yerinə getməsi də xeyli çətinləşmişdi.

21 yanvar 1990-cı il. Həmin gün Azərbaycan televiziyasının bir qrup əməkdaşı elə həyətdəcə gecə baş verən müdhiş hadisələri müzakirə mövzusuna çevirmişdi. Onda televiziyanı hərbi komendant idarə edirdi. Bizim bir yerə toplaşmağımıza qadağa qoyulmuşdu. Belə bir məqamda xalq şairi, Milli Məclisin deputatı Bəxtiyar Vahabzadə radio vasitəsilə xalqa müraciət etmək üçün çıxışa gəlmişdi. Hiddətlə bizdən soruşdu ki, axı, televiziyanın nə günahı vardı, ekranı niyə qaraltdılar?

Azərbaycan televiziyasının o vaxtkı baş rejissoru, xalq artisti Vasif Babayev əlinin işarəsi ilə bir qədər o tərəfdə dayanan komendantı göstərdi ki, bu cinayəti onlar törətdilər, özü də bilə-bilə. Bəxtiyar Vahabzadə özünəməxsus şair cəsarəti ilə komendantın üstünə yeridi, yaxasından yapışıb silkələyə-silkələyə: "Axı, bu xalqdan nə istəyirsiniz? Sərvətimizi talaya-talaya o qədər harınladınız ki, axırda canımıza, qanımıza susadınız. Bəsdir, itilin gedin!" Şair belə deyib rus polkovnikinin üzünə tüpürdü. Şəhər komendantı bir xeyli tərs-tərs Bəxtiyar müəllimin üzünə baxandan sonra silaha əl atdı. Onda hamımız xalq şairini əhatəyə aldıq, onu qorumaq üçün yollar aradıq. Baş rejissor Vasif Babayev irəli yeriyib komendantı sakitləşdirmək istədi: "Bilirsiniz o, kimdir? Xalq şairidir, millət vəkilidir, akademiyanın müxbir üzvüdür..." Bütün bunları sadalayandan sonra komendant laqeyd-laqeyd bircə bunu dedi: "Nu i çto?"

Biz Bəxtiyar Vahabzadəni çıxış üçün radionun binasına tərəf apardıq. Doğrudur, şair rus polkovniki ilə qətiyyən barışmır, etiraz səsini ucaldırdı. Amma vəziyyət elə idi ki, bu yerdə haqqın səsini mərmilər və güllələr susdururdu.

Çox sonralar xalq şairi Bəxtiyar Vahabzadə o günləri xatırlayanda deyirdi ki, biz o gecə təklənmişdik. Dinc əhalinin üzərinə Sovet Ordusunun silahlı quldur dəstəsini göndərmişdilər. Doğrusu, nifrətimin də, səbrimin də həddi tükənmişdi. Üz-üzə dayandığım sovet polkovniki mənə cəllad görkəmində görünürdü. Ona görə də onun yaxasından yapışıb xeyli silkələyəndən sonra üzünə tüpürməli oldum. Bildim ki, heç olmasa, bu siyasi oyunların liderlərindən birinin - bəlkə də ən kiçiyinin dərsini verdim. Hər halda, bunu da qisas sayırdım. Axı, həmin gecə şəhid balasının ah-naləsi, fəryadı, yalvarış səsləri qulaqlarımdan getmirdi. Mən anlayırdım ki, artıq güman yeri bildiyim sözkara gəlmir. Belə manqurtlarla danışmağın daha sərt yolunu tapmalıydıq.

Bəxtiyar Vahabzadə o günləri xatırlayanda xalqımızın yiyəsizliyinə, kimsəsizliyinə də ürəkdən acıyırdı. Yerli siyasi manqurtlara isə "qul psixologiyalı manqurtlar" deyirdi. Biz bu zədəli psixologiyanın ağrılarını çox çəkdik. O vaxta qədər ki əsl siyasi lider - ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Elə 20 Yanvar faciəsinə ilk siyasi qiymət də bundan sonra verildi.

Onu da xatırlayırıq ki, o günlər radioda verilən kiçik informasiyalar dəfələrlə senzuradan keçir, kəlmə-kəlmə yoxlanılırdı. Bütün mətnlər bir-birinə oxşayır, elə bil eyni qəlbdən çıxırdı. Və kələ-kötür səslə yarı rusca, yarı azərbaycanca muzdlu nökər kimi kimsə bu informasiyaları hecalaya-hecalaya oxuyurdu. Ölkənin naşı rəhbərləri də onlarla eyni mövqe nümayiş etdirir, xalqı informasiya qıtlığında və blokadada saxlayırdılar.

Bir gün sonra - 21 yanvarda biz xalq şairi Bəxtiyar Vahabzadənin səsini "Azadlıq" radiosundan eşitdik. Eşitdik ki, vətənpərvər şair xalqın dərdlərinə, bəlalarına əlac axtarmaq üçün beynəlxalq təşkilatlara, dünya birliyinə müraciət edir, Azərbaycana qarşı törədilən xəyanətkar siyasəti pisləyir, günahsız adamların qətlə yetirilməsinə var səsi ilə etiraz edir. O günlərdə tətbiq olunan sərt informasiya blokadasını yarmaq o qədər də asan deyildi. Amma xalqımızın fədakar oğulları, dəyərli ziyalılar çətin günlərin sınağından da ləyaqətlə çıxa bildilər. Artıq o günlərdən nə azçox - düz 24 il keçirE

 

 

 

Bəşir ŞƏRİFLİ,

Azərbaycan.-2014.- 19 yanvar.- S.8.