Heçunudulmur, heç kəs yaddan çıxmır

 

Xalqın qan yaddaşında dərin iz salan 20 Yanvar günü hər birimizin qəlbində üzücü kədərlə yanaşı, azadlığı uğrunda qurban verməyə qadir olan xalq olduğumuz üçün qürur hissidoğurur.

Odur ki, hər il olduğu kimi, bu il də ölkəmizdə  və dünyanın hər yerində yaşayan azərbaycanlılar 20 Yanvarı şəhidlərimizin anım günü kimi qeyd edirlər. Gəncə Dövlət Universitetində də "20 Yanvar - şəhidlik zirvəsi" mövzusunda elmi - praktik konfrans keçirilmişdir.

Konfransdan əvvəl iştirakçılar universitetin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab, qəzet və jurnallardan ibarət sərgi ilə tanış olmuşlar.

Konfrans şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və 20 Yanvar faciəsindən bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.

Konfransı giriş sözü ilə açan universitetin rektor əvəzi, professor Yusif Yusibov 20 Yanvar façiəsini milli azadlıq uğrunda mübarizə tariximizin qəhrəmanlıq səhifəsi kimi xarakterizə etdi. Sovet imperiyasının rəhbəri M. Qorbaçovun Azərbaycan torpaqlarına iddia edən erməni terroristlərinə arxa olması, SSRİ Konstitusiyasına zidd fərmanı ilə  dinc nümayişçilər üzərinə qoşun göndərməsi faktlarını açıqladı. Qeyd etdi ki, milli azadlıq mübarizlərinin qanlı qırğınını həyata keçirən sovet ordu hissələri xüsusi təlim görmüş, qəddar, amansız "Alfa" tipli qruplardan, Krasnodarda, Stavropolda xidmət edən erməni zabitkursantlardan ibarət idi. Qanlı qırğınlar nəticəsində çox sayda insanın həlak olması, yaralanması xalqın mübarizə əzmini qıra bilmədi, əksinə, ondan sonra xalq hərəkatı daha da gücləndi. 20 Yanvar faciəsinə hüquqi qiymət isə yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan  sonra verildi.

Universitetin Tarix-coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov "20 Yanvar - mübarizlik, məğrurluq sınağı kimi" adlı  məruzəsində xalqımızın mübarizliyindən söz açdı. 20 Yanvar faciəsinə dünyanın mötəbər məclislərində hələ də qiymət verilməməsinin səbəblərindən bəhs edərkən o, ölkə Prezidenti İlham Əliyevin BMT Təhlükəsizlik Şurasındakı çıxışından bu sözlərə istinad etdi: "Dünya hüquqi böhran yaşayır". Ayrı-ayrı ölkələrə Azərbaycan həqiqətlərinin çatdırılmasını dövlətimizin uğuru kumi qeyd edən professor daha sonra dedi ki, bizim hər birimiz şəhidlərimizin uğrunda həlak olduğu məqsədlərə çatmaq üçün mübarizə etməliyik. 20 Yanvar hər birimizin şəxsi faciəsidir.

Ümumi tarix kafedrasının baş müəllimi Yəhya Süleymanov "Faciəyə gedən yol" adlı  məruzəsində SSRİ-ni iflasa uğramasından, bu iflasdan erməni seperatçılarının öz məqsədləri üçün istifadə etməsindən, Azərbaycan xalqının azadlıq mübarizəsindən, bu mübarizəyə cavab kimi SSRİ dövlətinin 20 Yanvar faciəsini törətməsinə gətirib çıxarmasndan söz açdı...

Azərbaycan tarixi kafedrasının dosenti Asif Cavadov "20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi" mövzusundan bəhs edərkən "20 Yanvar faciəsinə gedən yol Dağlıq Qarabağdan başlayır", - dedi. O, sovet ordusunun xalqların azadlıq mübarizəsinə  qarşı Çexoslovakiya, Macarıstan və Əfqanıstanda törətdiyi qanlı hadisələrə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların heç bir reaksiya vermədiyini qeyd etdi, sonra isə buna bənzər faciələri müttəfiq respublikalarda (Tbilisi, Düşənbə, Vilnüs, Riqa) günahsız insanların qanını axıtdığını xatırlatdı.  Bakıda törədilən 20 Yanvar qırğınından ətraflı söz açan A.Cavadov ümummilli lider Heydər Əliyev tərəfindən  bu hadisəyə hüquqi qiymət verilməsindən, bu yöndə həyata keçirilən tədbirlərdən danışdı.

Pedaqoji fakültənin dekanı, pedaqoji elmlər doktoru Bayram Apoyev 20 Yanvar faciəsinin canlı  şahidi olub. Həmin günlərdə o, xalqımızın heç nədən çəkinmədən, heç nədən qorxmadan Azadlıq meydanına axışmasından, sovet hərbçilərinin gözü qarşısında  partiya biletlərini tonqallarda yandırmalarından söz açdı.

Tədbirdə Siyasi fənlər kafedrasının dosenti Vəkil Aşurov xalqın mübarizəsində ideologiyanın böyük rolu barədə çıxış etdi. Dedi ki,  "Azərbaycanlıları vahid bir ideologiya - azərbaycançılıq ideologiyası ətrafında birləşdirən ümummilli liderimiz Heydər Əliyev oldu. Dövlətimiz indi müstəqil siyasət yeridir. Vahid ideologiyası, müstəqil siyasəti olan xalq isə məğlubedilməzdir.

 

 

 

Firəngiz İDRİSQIZI,

GDU-nun "Yüksəliş" qəzetinin əməkdaşı

Azərbaycan.-2014.- 19 yanvar.- S.9.