Ölümlə əlbəyaxa

 

24 ildir ürək yanğısı ilə, eyni zamanda, qürurla haqqında danışdığımız Qanlı Yanvar faciəsi xalqımızın azadlığı uğrunda aparılan mübarizə tarixinə misilsiz qəhrəmanlıq salnaməsi kimi həkk olundu. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu ehtiyatda olan erməni əsilli kursantlar, əsgər və zabitlərdən ibarət quldur dəstələri ilə birlikdə Azərbaycanın paytaxtına soxuldu. Təpədən dırnağadək silahlanmış hərbi birləşmələr PDM, zirehli transportyorlartanklarla bir neçə saatın içində Bakını gülləbarana tutdular. Erməni əsilli hərbiçilər xüsusi qəddarlığı, amansızlığı ilə   1918-ci il qırğınlarını törədən erməni faşistlərindən seçilmədilər. Lakin azadlıq alovu ilə alışıb-yanan paytaxt çəkinmədən, mətinliklə ölümə sinə gərdi.  Yaşlı, cavan, qadın və uşaqlar tankların tırtılları altında tapdandı. Heç kimə rəhm edilmədi. Lakin xalq sarsılmadı və geri çəkilmədi. Hərə bacardığı kimi ölümün üstünə şığıdı.

Bakıya ölüm kabusu çökdü. Hətta yanvarın 20-dən sonra sovet qoşunları yerli əhali ilə Lənkəranda, Cəlilabadda, Neftçaladabaşqa bölgələrdə müxtəlif bəhanələr altında qarşıdurmalara gedir, günahsız insanları həbs edir və güllələyirdilər.

20 Yanvar qətliamı zamanı Neftçaladakı hadisələrin canlı şahidi Mustafa Əliyev o günləri belə xatırlayır:

- Lənkəran Sərhəd Dəstəsinin Neftçaladakı komendaturasının komandiri polkovnik-leytenant Roskopin idi. Bankə polku yanvarın 25-də günortadan sonra rayon mərkəzinə daxil oldu, fəalları danışıqlara çağırmaq adı altında Qarabağı Müdafiə Komitəsinin binasına toplamağa başladılar. Heç kim heçbaşa düşmürdü. Lakin biz tezliklə təxribatın şahidi olduq. Adamlar binanın içərisinə toplandıqdan sonra çöldə partlayış səsləri bir-birinə qarışdı. Binadan çölə qaçanları atəşə tutdular. Elə həmin gün Bankə qəsəbəsində meydana çıxan fəalları hərbi polkun hamamına yığıb işgəncə verməyə başladılar. Xıllı qəsəbəsində isə tankları şübhələndikləri adamların qapısına sürür, həyətlərdəki ot tayalarına od vurub yandırırdılar.

Bankə qəsəbəsinin sakini Əbülfəz Cəfərov da haqq səsini ucaldan gənclərin sırasında idi. O zaman 25 yaşı vardı. Bacarıqlı və qətiyyətli mövqeyi ilə seçilən cəsurlardan idi. O, hadisələrin ən gərgin yerinə baş vurmaqdan çəkinmirdi. Hərbi xidmətdən qayıtdıqdan sonra Qarabağı Müdafiə Komitəsinə üzv yazılmışdı. O vaxt Qubadlı-Laçın sərhəd bölgələrinə də tez-tez gedib-gəlirdi, sərhədlərimizin qorunmasında əlindən gələni əsirgəmirdi. Son hadisələr zamanı isə o, mərdliyi ilə hamını heyrətləndirdi. Əbülfəz azğın sovet əsgərlərinin xalqa qarşı törətdiyi vəhşiliklərə susa bilmədi.

Mustafa Əliyev yaddaşını geri vərəqləyir, bir də o müdhiş günləri yada salır:

- Atışma başlayanda biz Əbülfəzlə bir yerdə idik. Silahsız, dinc sakinləri necə müdafiə etmək barədə fikirləşir, çıxış yolu axtarırdıq. Evlərdən hətta ov tüfənglərini də üç gün əvvəldən yığmışdılar. Ümidsiz bir vəziyyət idi.  Birgördük ki, bizə atəş açmağa başladılar. Gözlənilməz vəziyyət yarandığından adamlar özlərini itirdi, haray-qışqırıq aləmi götürdü. Bu zaman Əbülfəz ildırım sürəti ilə atəş altında olan adamları  mənimlə birlikdə geriyə çəkib, özü bir an da düşünmədən irəli atıldı. O, vəhşi bir bağırtı ilə atəş açan əsgərlərin üstünə yeridi. Boylu-buxunlu bu mərd gənc sinəsi ilə güllələrin qarşısını almaq, səsinin zəhmi ilə qana susayan sovet əsgərlərini geri oturtmaq istəyirdi. Biz əsgərlərin onu necə nişan aldığını, atdığını görürdük.  Onu heç bir atəş saxlaya bilmədi, qorxutmadı. Əbülfəzə düşmən gülləsi dəyəndə də dayanmadı, bağıraraq əliyalın düşmənin üstünə getdi. Hər güllə dəyəndə o, balta dəyən ağac kimi silkələnsə də, qorxmadı, yolundan dönmədi, səsindəki kini, qəzəbi və nifrəti də səngimədi.  Onu 3 dəfə güllə ilə vurdular. O, yaralı da olsa, sözünü kəsmədi, haqq, ədalət hayqırtısı ilə ona güllə atan əsgərləri vahiməyə saldı. Əslində, mən və digər yoldaşlarım onun igidliyinə görə sağ qaldıq.

Onu yerə yıxıldıqdan sonra əsgərlər götürüb polkun hamamına apardılar. Bura şəhərdə etiraz dalğalarının önündə gedənləri yığırdılar. Neftçalada qanlı olaylar zamanı 2 nəfər şəhid olmuş, 9 nəfər ağır güllə yarası almış, xeyli sakin zərər çəkmiş və 30-dan yuxarı adam həbs olunmuşdu.

Atası Böyükağa kişi bu günoğlunun şəhidliyindən danışarkən qəhərlənir:

- Oğlumun 25 yaşı var idi, iki il idi nişanlıydı, toyuna hazırlaşırdıq. Ancaq o, Vətən uğrunda şəhid olmağı öz səadətindən üstün tutdu. Həm də oğlum faciəli şəkildə həyatını itirdi. Mənfur düşmənlər onun nişan üzüyünü əlindən çıxara bilməyib barmağını kəsmişdilər. Saatını, şərfini götürmüşdülər.

Böyükağa kişi onu da dedi ki, Bakıya apararkən qanlı cinayətin izini itirmək üçün oğlu ilə yanaşı, bir neçə nəfəri də təyyarədən dənizə ataraq Xəzərin sularına qərq etmək istəmişdilər. Lakin gürcü əsilli pilot bundan imtina etmiş və belə olduğu halda təyyarəni bütövlükdə dənizə batıracağını demişdi. Beləliklə, onları Bakıya gətirib çıxarmışdılar  bir gün sonra ataya Bakıdan oğlunun ölüm xəbərini göndəriblər.

 Əbülfəz  Cəfərov doğulduğu Neftçala rayonunda dəfn olunub. Bankə qəsəbəsində Qarabağ müharibəsi və 20 Yanvar  şəhidlərinin xatirəsini əbədiləşdirilən abidə kompleksi inşa edilib, park salınıb. Bura gələn insanlar hər zaman müqəddəslik zirvəsinə ucalan şəhidlərimizin abidəsi ətrafına toplaşır, onların ruhuna dua oxuyurlar. Bu gün Bankə qəsəbəsində yerləşən 1 nömrəli orta məktəb Əbülfəz Cəfərovun adını daşıyır. Hər il burada təşkil olunan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilir. Əbədiyyətə qovuşmuş şəhidlərimizin  timsalında yeniyetmə və gənclərə vətənpərvərlik,  mübarizlik, qəhrəmanlıq, vətənə sadiqlik kimi müsbət keyfiyyətlər aşılanır.

 

 

 

Elnur HADIYEV,

Azərbaycan.-2014.- 19 yanvar.- S.10.