Bir məzarın izi ilə

 

Tarix kitablarında Ağqoyunlu hökmdarı Uzun Həsənin Şiraz hakimi olan oğlu Uğurlu Məhəmmədin 1474-cü ildə atasına qarşı qaldırdığı qiyamonun nəticələri haqqında məlumatlar var. Atasına qarşı döyüşdə məğlub olan Uğurlu Məhəmməd qaçaraq Osmanlı sultanı II Mehmetə sığınır və onun qızı Gevherhan Sultanla evlənərək Sivas bəylərbəyi təyin olunur. Bir qədər sonra o, 1477-ci ildə aldadılaraq Ərzincana gətirilir və edam edilir.

2013-cü ilin iyul ayında Türkiyənin Bayburt şəhərində Dədə Qorqud şənliklərində iştirak etdiyimiz zaman Turəli bəyin oğlu Kutlu bəy və Uğurlu Məhəmmədin məzarı ilə rastlaşdıq. Araşdırmalar zamanı məlum oldu ki, Uğurlu Məhəmməd Təbrizdə yox, ozamankı Osmanlı ilə Ağqoyunlu dövlətinin sərhədində - Ərzincan-Bayburt arasında yerləşən Çayıryolu kəndində (əski adı Sünür) edam olunaraq burada dəfn edilmişdir.

Azərbaycan ərazisi dünyanın ən qədim sivilizasiyailk insan məskənlərindən biridir. Tarixi on min illərlə hesablanan, müxtəlif mədəniyyətlərin, ilkin dövlət qurumlarının beşiyi olan vətənimizin tarixi hər birimizin şanlı keçmişimizdir. Bu ərazidə yaranmış ilk tayfa ittifaqları, Manna, Albaniya, Atropatena, Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər kimi dövlətlər, Azərbaycan Xalq Cümhuriyyəti, müstəqil Azərbaycan Respublikası qürur mənbəyimizdir.

Lakin elə dövrlər olub ki, hakimiyyət uğrunda gedən savaşlar, iddialar, ata-oğul, qardaşlar arasında mübarizə əksər hallarda bu dövlətlərin zəifləməsinə və tarix səhnəsindən silinməsinə gətirib çıxarmışdır.

Şirvanşah I İbrahim tərəfindən oğlu Kəyumərsin edam olunması (1410), Qaraqoyunlu İsgəndərin oğlu Qubad tərəfindən öldürülməsi (1437), yenə də Qaraqoyunlu hökmdarı Cahanşahın oğlanlarından Hüseynəlinin qardaşı Həsənəli tərəfindən öldürülməsi, Uzun Həsənin oğlu Mirzə Xəlilin qardaşı Məqsudu öldürtməsi (1478-ci ilin əvvəli), həmçinin sonuncunun özününkiçik qardaşı Yaqub Mirzə tərəfindən öldürülməsi (iyul, 1478) və sair bu kimi xoşagəlməz hadisələrin sayını artırmaq da olar. Biz bu yazımızda 537 il bundan öncə belə edamlardan biri - Uzun Həsən tərəfindən oğlu Uğurlu Məhəmmədin edam olunmasından (1477) və onun qəbrinin harada yerləşməsindən bəhs edəcəyik. 1468-1501-ci illərdə mövcud olmuş, paytaxtı Təbriz olan Ağqoyunlu dövlətinin ərazisi çox geniş idi. Onun sərhədləri şərq, cənub və cənub-qərbdə - Loristan, Fars, Kirman, Diyarbəkr, Ərəb İraqı, Əcəm İraqı, şimalda - Qarabağ, Kür çayı, qərbdə - Anadolunun Ərzincan, Bayburt elinə qədər uzanırdı.

Haşiyə: Türkiyənin Bayburt şəhərinin və çevrəsinin tarixi miladdan əvvəl IV minilliyin sonlarından başlayır. Prototürk hürri tayfalarının məskənlərindən olan şəhər Karaz arxeoloji mədəniyyətinin (miladdan əvvəl 3250-2000) yayıldığı ərazidə, dəniz səviyyəsindən 1550 metr yüksəklikdə, Trabzon-Ərzurum-Ərzincan üçbucağı arasında yerləşir. Şəhərin əhalısı 41.295 nəfərdir (1990-cı ilin məlumatı). Çoruh çayı onu iki hissəyə ayırır. Şəhərin şərq tərəfində qayalar üzərində möhtəşəm qala vardır. Qala divarları üçbucaq, dairəvi, düzbucaqlı, dördkünc bürclərlə və kontrforslarla möhkəmləndirilmişdir. Qalanın nə zaman tikildiyi məlum olmasa da, Urartu və romalılar tərəfindən inşa edildiyi iddia edilir. Bayburt adı iki hissədən ibarət olub, Övliya Çələbinin göstərdiyi kimi, ağqoyunlular tərəfindən verilmiş "bay" - yəni "ulu", "yüksək", "zəngin" və "yurt" sözlərinin birləşməsindən ibarətdir. Dədə Qorqudun məzarının Bayburtun Masat kəndində yerləşməsi, dastanda adıçəkilən yer adlarından birinin məhz Bayburt olması, Bəy Beyrəyin 16 il bu qalada əsir saxlanılması onu göstərir ki, bu ərazi hələ miladdan çox-çox öncələrdən qədim türklərin yurd yerləridir. Bu yerlər miladdan əvvəl 780-ci illərdə urartuların, bir qədər sonra kuman-qıpçaqların (miladdan əvvəl 336), romalıların (miladdan əvvəl 40-cı illər), ərəblərin (VIII əsr), 1074-cü ildən etibarən səlcuqların, osmanlıların, elxanilərin, burada kök salmış ağqoyunluların, səfəvilərin məskəni olmuş, 1514-cü il Çaldiran döyüşündən sonra, Yavuz Sultan Səlim zamanında osmanlılar tərəfindən fəth edilmişdir. Bu el qızılbaş tayfa birliyinin 32 qolundan birinin məskənidir. 1829-cu ildə 50 gün rus işğalında qalan şəhər 1916-cı ilin 16 iyul - 1918-ci ilin 20 yanvarınadək bir daha ruslar tərəfindən tutulmuşdur. Ruslar buranı ermənilərə təhvil verib çıxdıqdan sonra şəhər bir ay ermənilərin əlində qalmış və 21 fevral 1918-ci ildən yenidən türklərin ocağına çevrilmişdir. Osmanlı dövründə sancaq mərkəzi olan Bayburt 1887-ci ildən qəza mərkəzi, 15 iyun 1989-cu ildən isə el statusu almışdır.

Səfər zamanı təsadüfən Bayburtdan 35 km məsafədə yerləşən Çayıryolu (Sünür) kəndində tariximizə yenilik gətirən bir faktla rastlaşdıq. Köhnə kənd qəbiristanlığında iki ağqoyunlu şahzadəsinin dəfn olunduğunun şahidi olduq. Onlardan biri Uzun Həsənin ulu babası, Tur Əli bəyin oğlu Kutlu bəyin (1360-1389), ikincisi isə Uğurlu Məhəmmədin məzarı idi.

Kutlu bəyin və ailəsinin məzarları üzərində tikilmiş türbə onun özü tərəfindən salınmış məsciddən 30 metr şərqdə yerləşir. Türbənin üzərindəki kitabədə hicri 1070-ci il (1659-1660-cı illər) yazılmışdır. Güman olunur ki, türbə 1389-cu ildə - Kutlu bəyin vəfatından sonra tikilmiş, 1659-1660-cı illərdə bərpa edilmişdir.

Uğurlu Məhəmmədin məzar daşının üzərində və qəbrin qarşısında vurulmuş lövhədə onun kimə məxsus olduğu və nə zaman, kim tərəfindən öldürüldüyüqeyd edilmişdir. Başdaşının üzərindəki yazı belədir: "Uğurlu Mehmet paşa, Uzun Hasan padişahın sağ cenah komutanı 1477".

Qəbrin qarşısına vurulmuş lövhədə isə bu sözlər vardır: Akkoyunlu hükümdarı Uzun Hasanın büyük Oğlu ve Şiraz Valisi Olan Uğurlu Mehmet Paşa 1473 Tarihinde Osmanlı İle Akkoyunlular Arasında Yapılan Otlukbeli Savaşına Qatılmışdır. Babası Uzun Hasan İle Hükümdarlıq Konusunda Çıkan Anlaşmazlık Sonucu Osmanlı Devletine Sığınır. Osmanlı Padişahı Fatih Sultan Mehmetin Kızı Gevherhan Sultan İle Evlenir. Osmanlı Akkoyunlu Sınırını Korumak İçin Sivas Beylerbeyi Olarak Görevlendirilir. Akkoyunlu Hükümdarı Yapılacağı Vaadi İle Erzincana Davet Edilir Ve Hicri 882, Miladi 1477 Yılında Öldürülür. D.T:.........- Ö.T: Hicri 882 (Miladi 1477)".

Bəzi tədqiqatçılar Uğurlu Məhəmmədin 1477-ci ildə Təbriz şəhərində edam edildiyini yazırlar. Azərbaycan tarixi kitabında isə belə qeyd olunur: "...Bu zaman Türkiyəyə qarşı müharibəyə başlamaq imkanı olmayan Uzun Həsən öz fərari oğlundan intiqam aldı. O, Uğurlu Məhəmmədi ələ keçirdi və Təbrizdə edam etdirdi..."

Buradan belə bir məntiqi sual çıxır:  niyə Sivasdan Ərzincana aldadılaraq çağırılan Uğurlu Məhəmməd edam edildi və Təbrizə gətirildi? ya Təbrizə gətirilib edam edildi, nəşi sonra yenidən təxminən 700-800 kilometr uzağa - Otluqbeliya Tərcan döyüşünün (1473) olduğu Bayburtla Ərzincan arasında yerləşən kiçik Çayıryolu (Sünür) kəndində torpağa tapşırılmaq üçün göndərildi? Təbii ki, burada bir təzad var. Hadisələrin gedişinə nəzər salaq.

Bayraqlarında qoç şəkli olan, başında Bayandur tayfası duran Pəhləvan bəy (1370-1388), Əlaəddin Turəli (1388-1392), Fəxrəddin bəydən sonra (1392-1434) köçəri Ağqoyunlu ("Ağqoçlu" desək, daha düzgün olar) tayfa ittifaqının başçısı, Ərzincan və Sivası fəth edən Qarayoluq Osman bəy (1434-də ölüb), onun oğlu Əli bəy (1434-1444) və Əli bəyin oğlu Cahangir bəy (1444-1453) olmuşdu. Əli bəyin ikinci oğlu Uzun Həsən (Həsən bəy) tayfa rəhbərlərinin başçısı olduğu zaman (1453-1478), Osmanlı sultanı II Mehmet Fateh İstanbulu (Konstantinopol) fəth edərək Avropaya yol açırdı. Azərbaycanda isə Qaraqoyunlu, Şirvanşahlar kimi dövlətlər, sonuncunun müttəfiqi olan teymurilər və Ərdəbil şeyxlərinin xüsusi mülkləri var idi. Uzun Həsən hələ 50-ci illərdə qaraqoyunlulara məxsus torpaqların bir hissəsini ələ keçirmişdi.

Ağqoyunluların Qara dənizə çıxış nöqtəsi olan yunan Trabzon (Trapezund) krallığı ilə qohumluq münasibətləri var idi. Bu krallıq isə osmanlılar üçün arzuolunmaz idi. Ona görə də, tarixdən məlum olduğu kimi, ağqoyunlularla osmanlılar arasında Koyluhisar döyüşünün nəticələrinə baxmayaraq, 1461-ci il oktyabrın 26-da Trabzon türklər tərəfindən tutulur və Yassıçəmən sülh müqaviləsi imzalanır. Bundan sonra qaraqoyunlularla osmanlılar arasında ədavət daha da kəskinləşir.

1472-ci ilin yazında Venesiya hökuməti ilə ağqoyunlular arasında  Osmanlı dövləti əleyhinə hərbi ittifaq bağlanır ki, bunun da nəticəsi olaraq Ərzincandan Qaraman istiqamətinə ağqoyunlular hücuma keçərək Aralıq dənizinə çıxırlar. Lakin Venesiya hökumətinin xəyanəti nəticəsində 1472-ci ilin avqust ayının 18-də Konya yaxınlığında ağqoyunlu-osmanlı döyüşündə birincilər məğlub olur. Uzun Həsənin üç oğlu əsir alınaraq edam edilir.

1473-cü il avqustun 1-də ağqoyunlularla osmanlılar arasında gedən Malatya döyüşü ağqoyunluların qələbəsi ilə başa çatsa da, geri çəkilən osmanlılar özlərində güc tapıb avqustun 11-də Ərzincan-Ərzurum-Bayburt arasında, Tərcan yaxınlığında olan Otluqbeli döyüşündə qələbə çalırlar. Bəzi mənbələrdə Malatya döyüşünün tarixi avqustun 4-ü kimi göstərilir. Fikrimizcə, avqustun 1-i daha düzgün tarixdir. Ona görə ki, Malatya döyüşündən sonra, ikinci - Otluqbeli döyüşünün olduğu yer Malatyadan təxminən 400 km aralıda yerləşir. Bu məsafənin 10 günə qət edilməsi daha real görünür.

Bu məğlubiyyətdən sonra Ağqoyunlu dövlətində pərakəndəlik meyilləri güclənir və ölkənin bəzi yerlərində mərkəzi hakimiyyətə qarşı üsyanlar baş verir. Onlardan birinin də başında Uzun Həsənin oğlu, Şiraz hakimi Uğurlu Məhəmməd dururdu. 1474-cü ilin mayında Şirazda başlayan bu feodal qiyamı şox təhlükəli idi. Uğurlu Məhəmməd hərbi yardım üçün hətta Misir sultanına da müraciət etmişdi. Uzun Həsən vaxt itirmədən Şirazda qalxan üsyanı darmadağın edir. Ağır yaralanan Uğurlu Məhəmməd isə birtəhər canını qurtararaq Türkiyəyə qaçır.

Hadisələrin şahidi olan italyan səyyahı Ambrocco Kontarini qeyd edir ki, o, 1474-cü il avqustun 4-də Təbrizə çatanda Uzun Həsən paytaxtda yox idi. O, böyük oğlu Uğurlu Məhəmmədin üsyanını yatırmaq üçün Şiraza getmişdi. Şəhərdə qarmaqarışıqlıq hökm sürürdü. Kontarininin məlumatına görə, o, Uzun Həsənlə yalnız noyabr ayının 4-də İsfahanda görüşə bilir.

Osmanlı sultanı II Mehmetə sığınan və onun qızı - Gevherhan Sultanla evlənən Uğurlu Məhəmmədin bu izdivacdan iki oğlu olur - Mahmud və Əhməd. Həsən bəy  Rumlu və Xandəmir yazır ki, ikinciyə boyunun kiçikliyinə görə Gödək Əhməd deyirdilər. Uğurlu Məhəmmədin böyük oğlu Mahmud 1490-1491-ci illərdə Ağqoyunlu dövlətində olan çaxnaşmalardan istifadə edərək pornaq tayfasından olan Şah Əlinin köməkliyi ilə Həmədanda padşah elan edilir (pornaq türk tayfasının böyük əmiri Uzun Həsənin zamanında böyük qüdrətə malik Şahəli bəy olub). Bu zaman Təbrizdə isə Mosullu tayfasından olan Sufi Xəlilin köməkliyi ilə Sultan Yaqubun (1478-1490) oğlu Baysunqur (1490-1492) taxta çıxır. Sufi Xəlillə Baysunqurun birlikdə apardığı mübarizədə Uğurlu Məhəmmədin böyük oğlu Mahmud 1491-ci ildə öldürülür.

Uğurlu Məhəmmədin kiçik oğlunun da taleyi buna bənzər olur. 1496-cı ilin yayında Ərzincana gələn Gödək Əhməd Azərbaycana hücum edir. O, Naxçıvan yaxınlığında Rüstəmin qoşunlarını məğlub edib 1497-ci il may ayının 3-də Ağqoyunlu taxtına oturur. Cəmi 7 ay sonra, 1497-ci il dekabr ayının 13-də İsfahan yaxınlığında qiyamçı feodallarla döyüşdə öldürülür.

sonda, Uzun Həsən ölümündən bir neçə ay əvvəl (ölüm tarixi 5 yanvar 1478-ci il) adamlarının köməyi ilə Uğurlu Məhəmmədi aldadaraq şirnikləndirir ki, boş qalmış Ağqoyunlu taxtına sahib olmaq lazımdır. O isə deyilənlərə inanıb vətənə qayıdır və atasının göstərişi ilə edam olunur.

Yekun olaraq belə qənaətə gəlmək olar ki, Uzun Həsənin edam tapşırığı elə Bayburtda yerinə yetirilir, əminlik üçün isə başı kəsilərək atasına - Təbrizə gətirilir. Uğurlu Məhəmmədin nəşi orada - ulu babalarından olan Kutlu bəyin uyuduğu torpaqda dəfn olunur.

 

 

 

Abbas SEYİDOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin professor

Kamil İBRAHİMOV,

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında

 İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin

 bölmə müdiri, tarix elmləri doktoru, professor

Azərbaycan.-2014.- 19 yanvar.- S.11.