20 Yanvar faciəsi xarici mətbuat səhifələrində

 

"Zaman" qəzeti

 

 

 

Nüfuzlu "Zaman" qəzetində Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc olunmuşdur.

Məqalədə vurğulanır ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsidir. Türk və müsəlman olan, ərazisini erməni təcavüzündən qorumaq və azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalmışdır.

Ulu öndər Heydər Əliyev 1987-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Moskvada Azərbaycana qarşı münasibətin pisləşdiyini xatırladan müəllif  qeyd edir ki, 20 Yanvar hadisələri ərəfəsində sovet rejimi rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmə tətbiq edilmişdi. SSRİ DTK-sının əli ilə azərbaycanlılardan ov silahlarının belə toplandığı şəraitdə ermənilər kütləvi şəkildə silahlandırılırdı.

Məqalədə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalaması, bu sənədin xalqa açıqlanmasının gecikdirilməsi, dinc insanların vəhşicəsinə qətlə yetirilməsi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatını risk altında qoyaraq hadisələrin ertəsi günü Moskvada bu qırğını pisləyən bəyanatla çıxış etməsi də yer almışdır.

Müəllif vurğulayır ki, dünyanın aparıcı dövlətlərinin bu qanlı hadisələrə lazımi qiymət verməməsi, hətta faciənin günahkarı olan M.Qorbaçovun Nobel sülh mükafatına layiq görülməsi hələ o dövrdə ikili standartlar siyasətinin mövcudluğundan xəbər verir. Bu biganəlik erməniləri daha da azğınlaşdırmış, daha sonra Xocalı soyqırımı və digər qətliamlar törədilmişdir. Qanlı Yanvar hadisələrinə obyektiv siyasi və hüquqi qiymət yalnız 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisində qəbul edilmiş qərarla verilmişdir.

 

 

 

"Pakistan Observer" qəzeti

 

 

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetində Beynəlxalq İslam Universitetinin professoru Ghufran Əhmədin Bakıda 1990-cı ildə törədilmiş 20 Yanvar faciəsinə həsr edilmiş "20 Yanvar şəhidləri" sərlövhəli məqaləsi çap olunmuşdur.

Məqalədə 1980-ci illərin sonlarında Sovet İttifaqında cərəyan edən hadisələr, ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, sovet rəhbərliyi ikili standart tətbiq edərək Ermənistanın haqsız iddialarına dəstək vermiş və buna etiraz əlaməti olaraq Azərbaycan xalqı meydanlara axışaraq kommunist rejiminə etimadsızlıq göstərmiş və müstəqil Azərbaycan şüarları ilə çıxış etmişlər.

Yazıda azadlıq hərəkatını boğmaq məqsədilə 1990-cı il yanvarın 20-də sovet ordusu kontingentinin Bakıya yeridildiyi bildirilir. Müəllif ordunun mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında söhbət açaraq ölənlər arasında uşaq, qadın və qocaların olduğunu qeyd edir. Məqalədə bildirilir ki, əməliyyatdan əvvəl Azərbaycan televiziyasının enerji bloku partladılmış, nəticədə insanlar informasiyadan təcrid olunmuşdular.

Daha sonra müəllif yazır ki, əsgərlər mülki əhali, təcili tibbi yardım maşınları və hətta xəstəxanaları atəşə tutmuşlar ki, bu da beynəlxalq qanunlara ziddir.

Məqalədə deyilir ki, əməliyyat zamanı təkcə azərbaycanlıların deyil, eyni zamanda, digər millətlərin nümayəndələri də amansızlıqla qətlə yetirilmişlər. Siyasi məna daşıyan bu aksiya Almatı və Tbilisi hadisələrindən sonra baş vermişdi və Azərbaycanın müasir tarixində dönüş nöqtəsi, SSRİ-nin süqutunun isə başlanğıcı olmuşdur.

Müəllif yazır ki, bu qanlı hadisə azərbaycanlıları öz müstəqillik yolundan döndərə bilməmiş və Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyinə qovuşmuşdur.

Oxuculara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidi" fəxri adı verilmişdir. Qədirbilən Azərbaycan xalqı şəhidlərin xatirələrini daim əziz tutur və hər il yanvarın 20-də Bakı şəhərinin ən yüksək zirvəsində yerləşən Şəhidlər xiyabanını ziyarət edirlər.

 

 

 

"Ultima ora" qəzeti

 

 

 

AzərTAc-ın Rumıniyadakı xüsusi müxbiri İqbal Hacıyevin bu ölkənin nüfuzlu "Ultima ora" ("Son saat") qəzetinin 20 yanvar tarixli nömrəsində və "Rumıniyanın Peşəkar Jurnalistlər Birliyi" Assosiasiyasının internet səhifəsində rumın dilində "20 Yanvar - Azərbaycan xalqının faciəsi" sərlövhəli məqaləsi dərc edilmişdir.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdikləri vəhşi və qəddar terror aksiyası barədə ətraflı məlumat verilmiş, öz Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyi diqqətə çatdırılmışdır. Faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 700-dən artıq insanın yaralandığı qeyd edilmişdir.

Müəllif Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır. Ulu öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi dəqiqliklə göstərilmişdir.

Yazıda  bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra mümkün olmuşdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu göstərilmişdir.

 

http://uzp.org.ro/20-ianuarie-1990-zi-de-doliul-national-in-azerbaidjan/

 

http://www.ultima-ora.ro/2014/01/19/20-ianuarie-1990-zi-de-doliul-national-in-azerbaidjan/

 

 

 

"Ortak ses.com" saytı

 

 

Türkiyənin "Ortak ses.com" saytında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş "Qara Yanvar, Qara cümə ertəsi..." ("Kara Ocak, Kara Cumartesi...") mövzusunda yazı dərc edilmişdir.

Saytın həmmüəlliflərindən biri Türkiyənin tanınmış rəssam-ədəbiyyatşünası Hülya Sezginin məqaləsində 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən xəbərdarlıq etmədən dinc əhali üzərinə qoşun yeridilməsindən geniş bəhs olunmuşdur. Yazının yerləşdirildiyi səhifədə azərbaycanlı rəssam Nəvai Mətinin "20 Yanvar" tablosu da yer almışdır.

 

 

 

"Avropa Times" qəzeti

 

 

 

Böyük Britaniyanın gündəlik "Avropa Times" qəzetində Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı "Azərbaycan Qara Yanvar faciəsini xatırlayır" sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Bakıda aralarında uşaqların, qadınların və qocaların olduğu dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi sovet imperiyasının son çırpıntıları və vəhşilik aktı kimi göstərilmişdir. Qeyd edilmişdir ki, azadlıq və müstəqillik uğrunda mübarizə aparan insanlara qarşı törədilən bu qətliam zamanı 147 nəfər qətlə yetirilmiş, 700-dən artıq insan yaralanmışdır. Həmin tarixdən etibarən bu hadisə Qara Yanvar kimi bütün dünyada matəm günü olaraq qeyd edilir.

Məqalədə vurğulanmışdır ki, bu hadisə həm də Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində dönüş nöqtəsi olmuş və ölkəmiz 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etmişdir.

Müəllif 20 Yanvar faciəsinin Böyük Britaniyadakı Azərbaycan icması tərəfindən hər il matəm günü kimi qeyd edildiyini bildirmiş, Azərbaycanın bu ölkədəki səfiri Fəxrəddin Qurbanovun qətliamın qurbanlarının anım mərasimində səsləndirdiyi fikirlərə yer verilmişdir.

 

 

 

"Əl-Cəzirə" qəzeti

 

 

Səudiyyə Ərəbistanında geniş oxucu auditoriyasına malik olan "Əl-Cəzirə" qəzetinin 18 yanvar tarixli nömrəsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin pres-relizi dərc olunmuşdur.

Pres-relizdə 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet rejiminin qoşunlarının erməni quldur dəstələri ilə birlikdə Bakıya yeridilərək Azərbaycan xalqına qarşı misli görünməmiş qırğının törədildiyi qeyd olunmuşdur.

Məlumatda hələ 1988-ci ildən başlayaraq keçmiş Sovet İttifaqı Kommunist Partiyasının rəhbərləri tərəfindən ermənilərin dəstəklənməsi və Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi istiqamətində cəhdlər göstərildiyi vurğulanmışdır.

Materialda 20 Yanvar və ölkəmizin tarixində ondan əvvəlki faciəli hadisələrin xalqımıza qarşı düşünülmüş siyasətin növbəti təzahürü, habelə sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulmasının bu siyasətin bir mərhələsi olduğu vurğulanmışdır.

Bildirilmişdir ki, 1990-cı ilin 20 Yanvar qırğını Azərbaycan xalqının milli azadlıq uğrunda əzmini qıra bilməmiş və 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsinə yol açmışdır.

 

 

 

"Joong Ang Daily" və "The Korea Herald" qəzetləri

 

 

Koreya Respublikasının nüfuzlu gündəlik "Joong Ang Daily" və "The Korea Herald" qəzetlərində 20 Yanvar faciəsi ilə bağlı  "Azərbaycan Qanlı Yanvarı xatırlayır" başlıqlı məqalələr çap olunmuşdur.

Məqalələrdə 24 il əvvəl sovet rəhbərliyinin azadlıq və suverenlik uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının istəyini boğmaq üçün törətdiyi cinayətkar əməllərindən bəhs edilir, o dövrün siyasi proseslərinə ətraflı nəzər salınır. Qeyd olunur ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilmiş xüsusi təyinatlı ordu birləşmələrinin törətdikləri qətllər zamanı qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 147 mülki vətəndaş öldürülmüş, 700-dən çox insan  yaralanmışdı. Bu hadisələr Azərbaycan tarixinə "Qanlı Yanvar" kimi düşmüşdür.

Koreya mətbuatı yazır ki, həmin vaxt Moskvada yaşayan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev sovet rəhbərliyinin cinayətkar əməllərini ifşa edən bəyanat verərək, ağır gündə xalqına dəstək olduğunu nümayiş etdirmişdir. Bundan başqa, bir çox ölkələr və beynəlxalq təşkilatlar da Yanvar hadisələrini pisləmişlər.

Məqalələrdə qeyd olunur ki, sovet dövlətinin bu qanlı cinayəti Azərbaycan xalqının azadlıq istəyinin qarşısını ala bilmədi, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdi. Hər il yanvarın 20-si Azərbaycanda milli hüzn günü kimi qeyd edilir.

 

 

 

"Youm7" və "Akhbarelyom" qəzetləri

 

 

Misirin geniş oxucu kütləsinə malik "Youm7" və "Akhbarelyom" qəzetlərində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin məqaləsi dərc edilmişdir.

20 Yanvar tarixinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edən səfir, eyni zamanda, Misirdə baş vermiş  2011-ci il 25 yanvar hadisələri ilə müqayisə aparmışdır. Diplomat Misir ordusundan fərqli olaraq, XI Qızıl Ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı ağır texnikadan və iriçaplı odlu silahlardan istifadə etdiyini vurğulamışdır. Azadlıq və müstəqillik istəyi ilə bərabər, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində sovet rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində Azərbaycan xalqının haqlı narazılığına səbəb olan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırmışdır.

O zaman sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 700-dən artıq insanın isə yaralandığı barədə oxuculara məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu qeyd etmişdir.

Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycan xalqının müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç zaman büdrəmədiyini qeyd etmiş, oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə regionun aparıcı və lider dövləti olduğunu diqqətə çatdırmışdır. 

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 22 yanvar.- S.12.