Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi xarici ölkələrdə ehtiramla yad edilmişdir

 

ABŞ

 

Nyu-Yorkdakı "Əyyub Sultan" Mədəniyyət Mərkəzində Qara Yanvar şəhidlərinin xatirə gecəsi keçirilmişdir.

Tədbir Amerikanın Azərbaycanlı Qadınlar Assosiasiyası tərəfindən təşkil edilmişdir.

Təşkilatın rəhbəri Münəvvər Vahabova qonaqları salamlayaraq müasir Azərbaycan tarixində faciəli 1990-cı ilin 20 Yanvar hadisələri barədə danışmışdır. M.Vahabova qeyd etmişdir ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqillik əldə etməsində mühüm rol oynamışdır.

Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin konsulu Emil Səfərov və mədəni inkişaf mərkəzinin rəhbəri Gəray Əlibəyov da çıxış etmişlər. Emil Səfərov bu cür tədbirlərin Azərbaycan diasporu və onun gənc nümayəndələri üçün əhəmiyyətini vurğulamış, Gəray Əlibəyov isə sovet qoşunları tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayət barədə söhbət açaraq qeyd etmişdir ki, yaxın vaxtlarda Nyu-Yorkda Azərbaycan kinematoqrafçılarının çəkdikləri "Cavad xan" bədii filminin premyerası olacaqdır.

Nyu-Yorkdakı Kolumbiya Universitetinin məzunu Fuad Kərimov Qara Yanvar faciəsi barədə söhbət açaraq vurğulamışdır ki, Azərbaycanın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi dünya azərbaycanlılarının ürəyində əbədi yaşayacaqdır.

Gecədə 1990-cı il Yanvar hadisələrinin sənədli xronika kadrları nümayiş olunmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə Nyu-Yorkun Azərbaycan və türk icmalarının üzvləri, Azərbaycanın Vaşinqtonda və Nyu-Yorkda diplomatik missiyalarının əməkdaşları iştirak etmişlər.

 

Kanada

 

Kanadanın Toronto Universitetində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildirmişlər ki, mərasimdə Toronto Universitetində təhsil alan azərbaycanlı tələbələr və Toronto şəhərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.

 Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 20 Yanvar faciəsi haqqında ümumi məlumat vermiş və bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. O vurğulamışdır ki, 147 nəfər əliyalın insanın sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələr xalqın mübarizə əzmini qıra bilməmiş, əksinə, xalqımız daha böyük qüvvə ilə mübarizəsini davam etdirmiş və bu proseslərin məntiqi nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.  

Tədbir zamanı 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilmişdir.

 

Türkiyə

 

Azərbaycanın İstanbuldakı baş konsulluğunda xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda, şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Mərasimə toplaşan diaspor təmsilçilərimiz, qardaş ölkədə yaşayan soydaşlarımız, tələbə və müdavimlər, kütləvi informasiya vasitələrinin nümayəndələri şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.

Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov 20 Yanvar qətliamının səbəbləri, həmin ağır dövrdə xalqımızın azadlıq mübarizəsindən və M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinin ermənipərəst siyasətindən ətraflı bəhs etmişdir. O bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc əhaliyə divan tutan sovet qoşunları 150-yə yaxın insanı amansızlıqla qətlə yetirmiş, 700-dən çox şəhər sakini yaralanmışdır. Həmin faciəli günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyə gəlmiş, bu qətliamın günahkarlarını pisləyən bəyanat vermişdir. Qanlı Yanvar faciəsinə hüquqi və siyasi qiymət də məhz ulu öndərin səyləri ilə verilmişdir.

Mərasimdə çıxış edən Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, diplomat Mikayıl Yusifov, hərbçi Elçin Məmmədov, tələbə Rəşad Abdullayev və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu bildirmişlər ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı və digər qətliamlar bütün türk dünyasına qarşı törədilmiş cinayətlərdir. Qanlı Yanvar, eyni zamanda, Azərbaycanın tarixində milli azadlıq mübarizəsinin şanlı səhifəsi kimi qalacaqdır.

Sonra mərasim iştirakçıları 20 Yanvar qətliamını əks etdirən fotosərgi ilə tanış olmuş, sənədli filmə baxmışlar.

 

 

 

Pakistan

 

 

Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin Milli Kitabxanasında Pakistan Sülh və Demokratiya İnstitutu ilə birlikdə "20 Yanvar ümumxalq hüzn günüdür" adlı seminar keçirmişdir.

Tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, aparıcı universitetlərin rəhbərləri, professor-müəllim heyəti, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov 1990-cı il yanvarın 20-də baş vermiş hadisələr haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, o qanlı gecədə sovet qoşunları Bakıda dinc insanlara qarşı qəddarlıq göstərmiş, günahsız qanlar tökmüşdür. Həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, Vətənə sədaqətini, müstəqillik uğrunda mübarizliyini bütün dünyaya sübut etmişdir.

D.Şikarov bildirmişdir ki, hadisədən bir gün sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev təzyiq və təqiblərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək bu aksiyanı qəti pisləmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir. Səfir yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olduğunu bildirmiş, bu günün bütün dünya azərbaycanlıları tərəfindən əziz tutulduğunu və Prezident Heydər Əliyevin fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidi" fəxri adının verildiyini vurğulamışdır.

Tanınmış jurnalist, Beynəlxalq Mədəni Əlaqələr İnstitutunun direktoru Rana Athar Caved çıxışında sovet ordusunun Bakıda törətdiyi vəhşiliklər haqqında  konkret faktlar gətirmiş, şəhidlərin dəfn mərasiminə bir milyondan çox insanın qatıldığını, bu qanunsuz aksiyaya etiraz əlaməti olaraq bütün Azərbaycan xalqının 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərdiyini vurğulamışdır.

Preston Universitetinin professoru Sohail Ahmad keçmiş SSRİ rəhbərliyinin 20 Yanvar qırğınını törətməklə Azərbaycan xalqının azadlıq arzusunu boğmağa çalışdığını, amma buna nail ola bilmədiyini vurğulamışdır. O, Ermənistanın Azərbaycana torpaq iddialarından söz açaraq, həyata keçirilən etnik təmizləmə siyasəti nəticəsində  Ermənistandan 300 minə yaxın azərbaycanlının zorla qovulduğunu bildirmişdir. S.Ahmad 20 Yanvar faciəsini dövlət terrorizmi adlandırmış, hadisələrdə əli olanların cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğulamışdır.

Daha sonra Bari İmam məscidində 20 Yanvar şəhidlərinin ruhuna ehsan verilmişdir.

Qeyd edək ki, "Pakistan Observer ", "Election Times" qəzetlərində, "Centreline" jurnalında, "DNA", "Pakistan in the world " informasiya agentliklərində 20 Yanvar qətliamı ilə bağlı məqalələr dərc olunmuş, "Kapital" televiziya kanalında sənədli film nümayiş etdirilmişdir.

Məqalələrdə xalqımıza qarşı törədilmiş cinayətdən ətraflı bəhs olunmuş, hadisənin tariximizin faciəli, eyni zamanda, şərəfli səhifəsi olduğu oxucuların diqqətinə çatdırılmışdır.

 

 

 

Fransa

 

 

 

Azərbaycan xalqının azadlıq salnaməsində əbədi iz buraxan 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizdə və dünyanın müxtəlif guşələrində olduğu kimi, Parisdə də anılmışdır.

Qanlı Yanvar faciəsi ilə bağlı keçirilən tədbirdən əvvəl Parisin Sən Klu qəbiristanlığında uyuyan Azərbaycan Demokratik Cümhuriyyətinin ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun və "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəylinin məzarları önünə Azərbaycan səfirliyi adından əklillər qoyulmuş və xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən səfir Elçin Əmirbəyov Əlimərdan bəy Topçubaşovun məzarı qarşısında 20 Yanvar şəhidlərinin xatirəsinin anılmasının heç də təsadüf olmadığını demişdir. Şərqdə ilk demokratik quruluşlu Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, ilk parlamentin sədri Əlimərdan bəy Topçubaşovun və digərlərinin o dövrdə Azərbaycanın müstəqillik əldə etməsi arzusu  ilə yaşadıqlarını və bu yolda yorulmadan mübarizə apardıqlarını xatırlatmışdır.

İstiqlal yolunun çətinliyini, AXC-nin 23 ay yaşadığını və bolşeviklərin Azərbaycanı zəbt  etmələri nəticəsində qanlar bahasına əldə edilən müstəqilliyə son qoyulduğunu diqqətə çatdıran səfir yalnız 70 ildən sonra ölkəmizin müstəqilliyinin bərpa edildiyini bildirmişdir.

E.Əmirbəyov keçmiş sovet məkanında Azərbaycanın nadir respublikalardan biri kimi müstəqilliyini qanı bahasına yenidən əldə etdiyini vurğulayaraq qeyd etmişdir ki, xalqımız əzmkarlığını itirməmiş, illər boyu müstəqillik arzusu ilə yaşamışdır.

Səfir qeyd etmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının  öz müstəqilliyindən heç zaman geri çəkilməməsinin bariz nümunəsidir. Bir tərəfdən 20 Yanvar faciəli hadisədirsə, digər tərəfdən bu, xalqımızın qəhrəmanlıq səhifəsidir. Azərbaycanın azadlığı naminə həyatlarını qurban verərək şəhidlik zirvəsinə yüksələn insanlar əmin idilər ki, ölkəmiz öz müstəqilliyini bərpa edəcəkdir. Qanlı 20 Yanvardan 24 il keçəndən sonra Azərbaycan nəinki öz müstəqilliyini qoruyub saxlaya bilmiş, hətta qüdrətli bir dövlət olmuşdur.

Azərbaycan tarixinin qanlı səhifələrindən birini təşkil edən 20 Yanvar hadisəsinə beynəlxalq aləmdə birmənalı qiymət verilməməsini xatırladan səfir ölkəmizə qarşı ikili standartlara yol verildiyini, müdhiş hadisə zamanı ümummilli lider Heydər Əliyevin çətinliklərə və təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək faciəyə mövqeyini bildirdiyini, bu qətliamı törədən sovet rəhbərlərinin hərəkətini kəskin şəkildə pislədiyini diqqətə çatdırmışdır.

E.Əmirbəyov vurğulamışdır ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevral ayında Milli Məclis tərəfindən 20 Yanvar hadisələrinə siyasi qiymət verilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan səfir hələlik həllini tapmayan bu məsələnin xalqımız üçün ən ağrılı problem olduğunu qeyd etmişdir. O, işğal altındakı torpaqlarımızın ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində yaxın vaxtlarda azad olunacağına əminliyini bildirmişdir.

Tədbirdə səfirliyin və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin əməkdaşları, diasporun təmsilçiləri iştirak etmişlər.

Sonda səfirlikdə şəhidlərin xatirəsinə ehsan verilmişdir.

 

 

 

Almaniya

 

 

 

Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı (AFR) səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Almaniya Bundestaqı deputatlarının, bu ölkənin siyasi və mədəniyyət xadimlərinin, mətbuat nümayəndələrinin, xarici ölkə diplomatlarının və Azərbaycan diasporu üzvlərinin qatıldıqları tədbiri Azərbaycanın AFR-dəki səfiri Pərviz Şahbazov açmışdır.

Hadisələr zamanı həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra səfir tədbir iştirakçılarına 20 Yanvar faciəsi  haqqında geniş məlumat vermişdir.

P.Şahbazov bildirmişdir ki, sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqının azadlıq ideallarını beşiyindəcə boğmaq məqsədilə törədilmiş bu qanlı cinayət xalqımızı müstəqillik yolundan döndərməyi bacarmamışdır. Səfir ümummilli lider Heydər Əliyevin qanlı qırğından dərhal sonra Moskvada 20 Yanvar faciəsi üçün məsuliyyət daşıyan sovet dövlətinin rəhbərlərini ifşa etdiyini və müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymətin verilməsinə nail olduğunu diqqətə çatdırmışdır.

Səfir eyni zamanda, təəssüflə qeyd etmişdir ki, hadisələr baş verən zaman Azərbaycan informasiya blokadasında olduğu üçün dünya, o cümlədən Almaniya KİV-lərində 20 Yanvar faciəsi barədə təqdim olunmuş məlumatlar hadisələrin tam obyektiv təsvirini verməmişdir.

Daha sonra Berlin Humbolt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux 20 Yanvar hadisələrinin tarixi haqqında məruzə ilə çıxış etmişdir. O zamankı hadisələri dərindən təhlil edən professor Eva Maria Aux Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə və qətliamlara da toxunmuş, 20 Yanvar faciəsini törətmiş sovet hökuməti və onun rəhbəri Mixail Qorbaçovu erməni separatçılığına şərait yaratmaqda ittiham etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Tamilla Quliyeva və Anar İbrahimovun ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti səsləndirilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, həmçinin müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunmuşdur.

 

 

 

Kolumbiya

 

 

Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyindən Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatları və eyni zamanda, Kolumbiya Respublikasındakı səfirliyinə ünvanlanmış notada "1990-cı ilin 20 yanvar tarixində Azərbaycanda sovet qoşunları tərəfindən törədilmiş və Qara Yanvar faciəsi kimi tanınmış hadisələr"lə əlaqədar Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirilərək, xalqımızın 1991-ci ildə müvəffəqiyyətlə nəticələnən öz müqəddəratını təyin etmə və suverenlik uğrunda mübarizəsinin tanındığı bildirilmişdir.

 Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən məlumat verilmişdir.

 

 

 

Hollandiya

 

 

Azadlığa gedən yol şəhidlikdən başlayır. Bu fikri tariximizin yaddaşında əbədi iz salan qanlı 20 Yanvarla bağlı Hollandiyada keçirilən anım mərasimində Benilüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Sahil Qasımov söyləmişdir.

Sahil Qasımov bildirmişdir ki, dağılmaqda olan sovet imperiyası Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini boğmaq üçün yanvarın 20-də Bakıya qoşun yeridərək silahsız və dinc əhaliyə qarşı əsrin görünməmiş qırğınını törətmişdir. Sovet ordusunun əsgərləri əhaliyə divan tutmuş, günahsız insanları amansızlıqla qətlə yetirmişdir. Müdhiş gecədə yüzlərlə azərbaycanlı yaralanmış və itkin düşmüşdür. Bu ağlasığmaz vəhşiliyə baxmayaraq, onlar xalqın müstəqillik və azadlıq iradəsini qıra bilməmişlər. Həmin gün yüzlərlə insan bugünkü müstəqilliyimiz, azadlığımız yolunda şəhid olmuşdur.

Bildirilmişdir ki, 24 il bundan əvvəl şəhidlik zirvəsinə ucalanlar xalqımız tərəfindən unudulmamışdır, hər il yanvarın 20-də onların xatirəsi anılır.

Diqqətə çatdırılmışdır ki, qanlı faciədən sonra müstəqilliyini bərpa edən Azərbaycan ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və təcrübəsi sayəsində qısa bir vaxtda inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artmış, ölkəmiz Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmişdir. Dünyanın aparıcı dövlətləri iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanla hesablaşır. Azərbaycan bu gün öz sözünü deyən qüdrətli bir dövlət olmuşdur. Xarici dövlətlərdə yaşayan bütün soydaşlarımız Azərbaycanın gündən-günə çiçəklənməsindən, iqtisadi cəhətdən qüdrətli ölkə olmasından qürur hissi keçirir.

Anım mərasimində Azərbaycanın Hollandiyadakı səfirliyinin  əməkdaşları, diaspor təşkilatlarının nümayəndələri, tələbələr, jurnalistlər iştirak etmişlər.

 

 

 

Rumıniya

 

 

 

Yanvarın 20-də Azərbaycanın Rumıniyadakı səfirliyi tərəfindən Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə Heydər Əliyev Fondunun, ARDNŞ-nin Rumıniyadakı nümayəndəliyinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının və Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının təmsilçiləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar, azərbaycansevər rumınlar, türk-tatar icmalarının nümayəndələri iştirak etmişlər.

Tədbirdən əvvəl iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuşlar. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Rumıniyadakı səfirliyinin üçüncü katibi Tehran Şükürov 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin xalqımıza qarşı törətdiyi qətliam barədə söhbət açmış, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırmışdır. Bu faciə zamanı 147 nəfərin qətlə yetirildiyi və 700-dən artıq insanın müxtəlif dərəcəli yaralar aldığı qeyd edilmişdir. Həmin hadisələrə ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-hüquqi qiymət verdiyi bildirilmişdir. O, ulu öndərin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulamışdır.

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Azərbaycan xalqının həmin gün öz qəhrəmanlığını, torpağa, Vətənə sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bir daha bəyan etdiyini bildirmişdir. Ümummilli liderin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı törədilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. İ.Hacıyev 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildiyini vurğulamışdır.

Sonra mərasim iştirakçıları "İmperiya ilə toqquşma" sənədli filminə baxmışlar.

Tədbirdən sonra ARDNŞ-nin Rumıniya nümayəndəliyi tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ehsan verilmişdir.

Faciənin səbəblərini və nəticələrini özündə əks etdirən pres-reliz Rumıniyadakı səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, nazirliklərə və digər dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Rumıniya mətbuatında 20 Yanvar faciəsi ilə bağlı məqalələr dərc edilmişdir.

 

 

 

İran

 

 

 

Azərbaycanın İrandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilmişdir. Mərasimdə İranın dövlət və hökumət rəsmiləri, Tehrandakı diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, şəhər ictimaiyyətinin təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlı və xarici tələbələr iştirak etmişlər.

Əvvəlcə şəhidlərimizin ruhuna dualar oxunmuş, faciədən bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov 20 Yanvar faciəsinin səbəbləri və ağır nəticələri barədə ətraflı məlumat verərək bildirmişdir ki, bu hərbi cinayətin törədilməsində məqsəd Azərbaycan xalqının mübarizə əzmini qırmaq olmuşdur. Lakin hərbi təcavüzün ağır fəsadlarına baxmayaraq, Azərbaycan xalqı amansız düşmənə boyun əyməmiş, mübarizə əzmini daha da gücləndirmişdir.

Səfir vurğulamışdır ki, 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq təfəkkürünün formalaşmasında xüsusi yeri vardır. Sovet İttifaqının digər respublikalarında da müstəqillik hərəkatlarını boğmaq üçün SSRİ rəhbərliyi tərəfindən cinayətlər törədildiyini diqqətə çatdıran səfir bildirmişdir ki, 20 Yanvar hadisələri müxtəlif təxribat yolları ilə hazırlanmış və Azərbaycan xalqına qarşı xüsusi amansızlıq nümayiş etdirilmişdir.

C.Axundov qeyd etmişdir ki, o zaman Bakıda baş verənlərin dünyadan gizlədilməsi üçün sovet rejiminin göstərdiyi səylərə - Azərbaycan dövlət televiziyasının enerji blokunun partladılması, fövqəladə vəziyyətin tətbiq edilməsi səbəbindən ölkədə nəşr olunan azsaylı qəzetlərin bütün materiallarının hərbi senzuradan keçirilməsinə və s. maneələrə rəğmən, 20 Yanvar faciəsini əks etdirən məlumat və fotoşəkillər xalqımız tərəfindən dünyaya çatdırılmış və bütün dünya Azərbaycan xalqının milli azadlıq hərəkatında verdiyi qurbanlardan xəbər tutmuşdur.

O dövrdə Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisədən dərhal sonra özünün və ailə üzvlərinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi barədə məlumat verən səfir bildirmişdir ki, ulu öndərimiz orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən qanlı hadisələrə kəskin etiraz etmiş, cinayəti törədənləri şiddətlə qınamış, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etmişdir.

Həmin dövrdə İranın Bakıdakı səfirliyində çalışmış, hazırda bu ölkənin Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 3-cü idarəsinin rəis müavini işləyən Bağban Kondori, Ekologiya Nazirliyinin müşaviri, Dünya Dinlər Araşdırma Mərkəzinin üzvü, səfir Əli Əşrəf Moctəhed Şəbüstəri, Tehran Universitetində fars ədəbiyyatı üzrə doktorant, Seneqaldan olan Mamadu Seydi Lamine və başqaları 20 Yanvar faciəsi barədə fikirlərini bölüşmüşlər.

Keçmiş SSRİ-nin terror və qorxu tətbiq etməklə qurulmuş dövlət olduğunu diqqətə çatdıran Ə.Şəbüstəri sovetlər birliyinin məhz ədalətsiz və zülmkar quruluş olduğu üçün süquta uğradığını qeyd etmiş, bütün bu proseslərin Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi, öz istiqlaliyyətini qazanması ilə nəticələndiyini bildirmişdir. O, tarixdə baş vermiş 20 Yanvar kimi faciələrin heç zaman unudulmaması, onlardan dərs öyrənilməsinin vacibliyini vurğulamışdır.

Tələbə M.Lamine oxuduğu təhsil ocağında tanış olduğu azərbaycanlı tələbələrdən Azərbaycanın öz müstəqilliyini bərpa etmək uğrunda mübarizənin heç də asan olmadığını, bu yolda çoxsaylı qurbanlar verildiyini və xüsusilə, 20 Yanvar faciəsinin dəhşətləri haqqında eşitdiyini söyləmişdir. M.Lamine Qanlı Yanvar faciəsinin nə olduğunu ətraflı öyrənmək üçün kitab, jurnal, qəzet materialları ilə tanış olduğunu və gördüklərindən dəhşətə gəldiyini söyləmişdir. Çıxışlarda xüsusi olaraq qeyd olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanın müasir tarixində ölkənin azadlığı, müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi qalacaqdır. Səfirlik tərəfindən yerli KİV-lərə Azərbaycan, fars və ingilis dillərində hazırlanmış pres-relizlər göndərilmişdir.  İştirakçılar 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən kitab, jurnal, buklet və qəzetlərdən ibarət guşə ilə tanış olmuşlar.

 

 

 

Qazaxıstan

 

 

 

Azərbaycan Respublikasının Qazaxıstandakı səfirliyi yanvarın 20-də L.Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universitetində şəhidlərin xatirəsinə həsr edilmiş anım mərasimi keçirmişdir.

Tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökümət təşkilatının nümayəndələri və diasporumuzun fəalları iştirak etmişlər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, "Qurani-Kərim"dən surə oxunmuşdur.

Mərasimdə çıxış edən səfirliyin müşaviri Şahin Əhmədov xalqımızın tarixində ən qanlı səhifələrdən biri olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən danışmışdır. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran diplomat demişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hərbi cinayətə kəskin etirazını bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.

Diplomat bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır. Şahin Əhmədov Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulacağını və bu faciənin günahkarlarının cəzalandırılacağına əmin olduğunu vurğulamışdır.

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının sədri Vidadi Salahov Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin hər kəs üçün əziz olduğunu qeyd edərək demişdir: "Mən 20 Yanvarı Azərbaycan xalqının faciə günü deyil, məhz qəhrəmanlıq günü adlandırıram. Çünki xalq qalib gəldi və müstəqillik qazandı. Buna görə də şəhidlər qarşısında baş əyir və düşünürəm ki, gənc nəsil bu qəhrəmanlıq haqda daha ətraflı məlumatlandırılmalıdır.

"Nur-Otan" partiyasının üzvü akademik Kazbek Kazkenov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin ən şərəfli səhifəsi olduğunu bildirmişdir. Akademik qeyd etmişdir ki, bu yöndə təbliğatı daha da gücləndirmək lazımdır.

Qazaxıstanın birinci prezidentinin muzeyinin direktor müavini Botaqöz Nainova söz alaraq demişdir: "Qanlı Yanvar haqqında qəzet və kitablardan oxumuşuq. Mən bu ağrılı günlərdən mərdliklə çıxdığına görə Azərbaycan xalqına minnətdaram. Bakıda olduğum zaman Şəhidlər xiyabanını ziyarət edərkən cavan oğlan və qızların məzarları önündən keçdikcə ürəyim parçalanırdı. Şəhidlər müstəqilliyin təməlini qoymuşdur. Heydər Əliyevin səyləri nəticəsində faciə siyasi-hüquqi qiymətini almışdır. Bütün maneələrə baxmayaraq Heydər Əliyev baş verənləri dünya ictimaiyyətinə çatdırmağa nail oldu.

Daha sonra mərasimdə Qazaxıstan Azərbaycan Assosiasiyasının prezidenti Asxat Şükürov, "Heydərçi Gənclər" təşkilatının sədri Bəhruz Axundov çıxış edərək şəhidlərin müstəqillik uğrunda canlarından keçdiklərini vurğulamış, Azərbaycan dövlətçiliyinin daim qorunacağına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əmin olduqlarını bildirmişlər.

Sonda 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən fotoşəkillər və sənədli film nümayiş olunmuşdur.

 

 

Belçika

 

 

Azərbaycanın Belçikadakı səfirliyinin və Belçika-Cənubi Qafqaz Tədris və Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Mərasimdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmiş və Qanlı Yanvar hadisələrindən bəhs edən film nümayiş etdirilmişdir.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov və NATO yanında nümayəndəliyinin rəhbəri Xəzər İbrahim mərasimdə çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin səbəbləri, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, sovet ordusunun törətdiyi qanlı cinayət keçmiş SSRİ-nin süqutunu sürətləndirmiş, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratmışdır. Doğma Vətənin bugünkü inkişafında o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. 

Tədbirdə digər çıxış edənlər, o cümlədən Brüsseldə fəaliyyət göstərən "CeCeForma" qeyri-hökumət təşkilatının rəhbəri Mişel İvor 20 Yanvar şəhidlərinin Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçdiklərini qeyd etmiş, həmin hadisələrin müasir Azərbaycan tarixində dönüş nöqtəsi olduğunu bildirmişlər.

Mərasimdə Belçikada yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri, KİV nümayəndələri, azərbaycanlı tələbələr, səfirliyin və nümayəndəliyin əməkdaşlarının ailə üzvləri iştirak etmişlər.

Mərasim Brüsseldə fəaliyyət göstərən türkdilli media orqanları tərəfindən işıqlandırılmışdır.

 

 

 

Səudiyyə Ərəbistan

 

 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anma mərasimi keçirilmişdir.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Tədbiri səfir Rasim Rzayev açaraq, 1990-cı ilin 20 Yanvar tarixində sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş qırğın haqqında geniş məlumat vermiş, bu faciənin insanlığa qarşı cinayət olduğunu qeyd etmişdir

Bildirilmişdir ki, böyük itkilər, günahsız insanların qətli ilə nəticələnmiş 20 Yanvar faciəsi cinayətkar sovet imperiyası rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinin nəticəsi idi. Qətliamda şəhid olanlar və yaralananlar arasında azyaşlı uşaqların və qadınların olduğu, əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə edildiyi vurğulamışdır.

R.Rzayev baş vermiş faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin Moskvada Azərbaycanın nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini xatırlatmış, ölkəmizin rəhbərliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının, onlara xüsusi qayğı və diqqət göstərilməsinin əhəmiyyətindən söhbət açmışdır. 20 Yanvar hadisəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini bildirmişdir.

Sonra hadisə haqqında "Azadlığa gedən yollar" adlı sənədli film nümayiş edilmişdir.

Tədbir iştirakçıları 1990-cı ilin 20 Yanvarında Bakıda baş vermiş faciəni əks etdirən foto-sərgiyə baxmış, "İRS" jurnalının xüsusi buraxılışı ilə tanış olmuşlar.

20 Yanvar - Şəhidlərin xatirə günü ilə əlaqədar səfirlik tərəfdən hazırlanmış press-reliz, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin bəyanatı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinə, Ər-Riyad şəhərində yerləşən diplomatik missiyalara və Ciddə şəhərində fəaliyyət göstərən İslam Əməkdaşlıq Təşkilatına göndərilmişdir.

 

 

 

Türkmənistan

 

 

 

Azərbaycanın Türkmənistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.

Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları və səfirliyin əməkdaşları iştirak etmişlər.

Anım mərasimi Azərbaycanın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Səfir Vəhdət Sultanzadə 1990-cı il yanvarın 20-də Azərbaycanda azadlıq uğrunda küçələrə çıxmış insanlara və dinc sakinlərə qarşı sovet ordusu tərəfindən zirehli texnika və müasir silahlar vasitəsilə törədilmiş cinayətlər haqqında məlumat vermiş və bu faciənin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu bildirmişdir.

Diplomat ümummilli lider Heydər Əliyevin Moskva şəhərində Azərbaycan nümayəndəliyinə gələrək və ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan edərək, onların cəzalandırılması tələbi ilə çıxış etdiyini vurğulamışdır.

Səfir, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasının və onlara xüsusi qayğı və diqqət göstərməsinin əhəmiyyətindən söhbət açmış, 20 Yanvar faciəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd etmişdir.

V.Sultanzadə ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü və tapşırığı ilə 20 Yanvar və Azərbaycan xalqının üzləşdiyi digər qanlı faciələrə həsr olunmuş bir çox sənədlərin nəşr edildiyini, məhz ulu öndərin rəhbərliyi dövründə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır. O, hazırda bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini, xalqımızın üzləşdiyi faciələr barədə Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu tərəfindən bir çox sənədli materialların hazırlandığını bildirmişdir.

Mərasim iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı sənədli filmə baxmışlar.

 

 

 

Gürcüstan

 

 

Tbilisi şəhərindəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinin anım mərasimi keçirilmişdir. Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbiri muzeyin direktoru Leyla Əliyeva açmış, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn tədbir iştirakçılarına faciənin səbəb və nəticələri barədə ətraflı məlumat vermişdir.

Muzeydə, həmçinin 20 Yanvar qətliamına həsr olunmuş fotolar və kitablar nümayiş etdirilmiş, Azərbaycan ombudsmanının faciənin 24-cü ildönümü ilə əlaqədar bəyanatının mətni iştirakçılara paylanmışdır.

Sonra 9 aprel şəhidlərinin Tbilisidəki abidəsi önünə Azərbaycan səfirliyi adından əklil qoyulmuşdur. Mərasimdə Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze, deputatlar, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, səfirliyin əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Zurab Abaşidze AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində demişdir: "Azərbaycan xalqının böyük kədərinə şərikəm və bu kədər bizim ümumi ağrımızdır. 1990-cı il yanvarın 20-də Bakıda, 1989-cu il aprelin 9-da isə Tbilisidə sovet imperiyası müstəqilliyini tələb edən dinc əhalinin üzərinə qoşun yeridib divan tutdu, çoxlu sayda şəhid verdik".

Vitse-spiker əmin olduğunu bildirmişdir ki, müstəqil ölkələrimiz daha da çiçəklənəcək və bir daha belə faciələrə yol verilməyəcəkdir.

Abxaziya Muxtar Respublikası hökuməti sədrinin vəzifəsini icra edən Vaxtanq Kolbaya bildirmişdir ki, faciə milliyyət, sərhəd bilmir, yeganə odur ki, o, ağrı gətirir. Ötən əsrin sonlarında Azərbaycan və gürcü xalqları bu ağrıya məruz qalmışlar. Ümidvaram ki, xalqlarımız bu ağrıları bir daha yaşamayacaqlar. Biz bölgənin qlobal təhlükəsizliyinin təmin olunmasında səylərimizi birləşdirməliyik.

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev demişdir ki, sovet imperiyasının çoxillik əsarətinə qarşı ayağa qalxmış xalqımız şəhidlər verdi. Artıq 24 ildir yanvarın 20-də Gürcüstanda da şəhidlərin xatirəsi anılır, ehsan süfrələri açılır, onların ruhuna dualar oxunur. Deputat qeyd etmişdir ki, Azərbaycan dövləti şəhid qanı hesabına qazanılmış müstəqilliyin daimi və dönməz olması üçün uğurlu siyasət yeridir. O əmin olduğunu bildirmişdir ki, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır.

 

 

 

İsveç

 

 

 

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç-Azərbaycan Kültür Cəmiyyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyindən bildirmişlər ki, mərasim xalqımızın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.

Səfir Adış Məmmədov tədbiri açaraq 20 Yanvar hadisələri ilə bağlı geniş məlumat vermiş, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş cinayət olduğunu bildirmişdir. Sovet imperiyasının rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətindən danışan səfir, Azərbaycan xalqının hüquqlarını müdafiə etdiyini, xalqın bir nəfər kimi ayağa qalxaraq xəyanətkar siyasətin qarşısında dayandığını bildirmişdir.

Sovet rəhbərliyinin birbaşa göstərişi ilə Bakıya yeridilmiş ağır hərbi texnika və qoşun hissələrinin, sözün həqiqi mənasında, qətliam törətdiyini bildirən səfir həmin gecə azyaşlı uşaqların, qadınların, hətta tibb işçilərinin şəhid edildiyini diqqətə çatdırmışdır.

Səfir A.Məmmədov faciədən sonra dünya ictimaiyyətinin bu qətliamdan xəbər tutmaması üçün Azərbaycanın informasiya blokadasına alındığını qeyd edərək, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin informasiya blokadasını yararaq dünya xalqlarına müraciət etdiyini, Azərbaycanda törədilən vəhşiliklər haqqında məlumat verdiyini bildirmişdir.

20 Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq mübarizəsində önəmli rol oynadığını bildirən səfir şəhidlərin xatirəsinin yaddaşımızda əbədi yaşayacağını qeyd etmişdir.

Tədbirdə İsveç-Azərbaycan Kültür Cəmiyyətinin sədri Səməd Fərtaş, "Odlar Yurdu" Təşkilatının sədri Sevinc Bakılı və diaspor fəalı Leyla Kiani çıxış edərək faciə ilə bağlı fikirlərini bölüşmüşlər.

Sonra faciədən bəhs edən "Azadlığa gedən yol" adlı sənədli film nümayiş etdirilmişdir.

Bu tədbirlə yanaşı, Azərbaycanın İsveçdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə mətbuat məlumatı və hadisələrin əks olunduğu sənədli film ingilis dilinə tərcümə edilərək Stokholmda akkreditə olunan xarici ölkələrin səfirliklərinə, İsveçin dövlət orqanlarına, universitetlərinə və aparıcı qəzetlərinə göndərilmişdir.  

 

 

 

Küveyt

 

 

Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən 20 Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Səfirlikdə Küveytli müəllim, elmi işçi və gənc ziyalılardan ibarət qonaqların iştirakı ilə "dəyirmi masa" təşkil olunmuşdur. Tədbir iştirakçılarına sovet qoşunlarının Bakıda və Azərbaycanın digər şəhərlərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklə bağlı geniş məlumat verilmiş, ərəb dilində sənədli film nümayiş etdirilmiş və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra "dəyirmi masa" iştirakçıları ilə fikir mübadiləsi əsnasında o zaman Moskvada güclü nəzarət və təzyiq altında olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hadisədən dərhal sonra həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlməsi, orada dünyanın nüfuzlu kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirərək baş verən hadisəni şiddətlə qınaması, cinayətkarların cəzalandırılması tələbi ilə çıxış etməsi, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırması və onları Azərbaycanın səsinə səs verməyə çağırması xüsusi qeyd olunmuşdur. Tədbir iştirakçılarına səfirlik tərəfindən ərəb dilində nəşr etdirilmiş "Qanlı Yanvar faciəsi" fotoalbomu, sənədli filmin yer aldığı disklər təqdim olunmuşdur.

Qanlı Yanvar faciəsinin 24-cü ildönümü münasibətilə səfirlikdə Küveytdə yaşayan, işləyən həmvətənlərimizin iştirakı ilə anma gecəsi keçirilmişdir. Həmçinin sənədli film nümayiş etdirilmiş, faciəni özündə əks etdirən fotoşəkillərdən ibarət stendlər qurulmuşdur. Tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı öz xatirələrini bölüşmüşlər. Küveytin nüfuzlu "Əl-Vasat" qəzetində küveytli müəllim Abdulla Əl-Raşidin qanlı faciəyə həsr olunmuş məqaləsi dərc edilmişdir.

 

 

 

Tacikistan

 

 

Azərbaycanın Tacikistandakı səfirliyində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar mərasim keçirilmişdir.

Tədbirdə Tacikistan parlamentinin deputatları, dövlət strukturlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, ali təhsil müəssisələrinin, həmçinin Tacikistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.

Səfirliyin foyesində 20 Yanvar faciəsini əks etdirən fotostend nümayiş etdirilmiş, iştirakçılara Azərbaycan, rus, ingilis və tacik dillərində hazırlanmış məlumatlar toplusu paylanılmışdır. 

20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənov 20 Yanvar hadisələrinin səbəb və nəticələri haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet silahlı qüvvələrinin çoxsaylı kontingenti heç bir xəbərdarlıq edilmədən Bakıya yeridilmişdi. İmperiya ordusu həmin gecə dinc əhaliyə tank, pulemyot, avtomat və digər silahlardan atəş açaraq yüzdən çox dinc insanı, o cümlədən qadınları və uşaqları xüsusi qəddarlıqla qətlə yetirmişdi. Öldürülənlər arasında azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri də olmuşdur.

Səfir qeyd etmişdir ki, hadisə baş verən günün səhəri xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatı üçün yaranmış təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş, Bakıda törədilmiş dövlət terroruna, hərbi cinayətə etirazını bildirmişdi. Beləliklə, dünya bu qanlı hadisələrdən xəbər tutmuşdu.

Qazaxıstanın Tacikistandakı səfirliyinin müşaviri İlyas Karsakov, diasporumuzun üzvləri Amalya Hacıyeva, Mirzə Hüseynov, Tacikistanın Xalq Artisti Xabibullo Abdurazakov, alim Məryəm Davlatova və başqaları 20 Yanvar hadisələri haqqında fikirlərini söyləmiş, faciəni törədənləri ittiham etmişlər.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunmuşdur.

Qanlı Yanvarla bağlı məlumatlar toplusu Tacikistanın dövlət strukturlarına, səfirliklərə və beynəlxalq nümayəndəliklərə, KİV-ə göndərilmişdir. Bu məlumatlar Tacikistan mətbuatında geniş işıqlandırılmışdır.

 

 

 

Liviya

 

 

 

Azərbaycanın Liviyadakı səfirliyində Qanlı 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Bu barədə səfirlikdən AzərTAc-a məlumat verilmişdir.

Səfir Ağasəlim Şükürov mərasimdə çıxış edərək bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinin səbəbləri və günahkarları barədə danışmışdır. O, 20 Yanvar qətliamının Azərbaycan tarixinin həm də qəhrəmanlıq səhifəsi olduğunu, xalqımızın azadlıq uğrunda mübarizə əzminin və yenilməz iradəsinin rəmzinə çevrildiyini qeyd etmişdir. 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin verilməsində, şəhidlərin xatirəsinin əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri yüksək qiymətləndirilmişdir.

A.Şükürov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, 20 Yanvar şəhidlərinin ailələrinə qayğı göstərildiyini bildirmişdir. O, sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımızın 20 Yanvar hadisələrinin ağrı-acısını unutmadığını, Azərbaycan xalqının haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasının hər bir azərbaycanlının başlıca vəzifələrindən olduğunu bildirmişdir.

Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyi, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndiyi və nüfuzunun artmaqda olduğu vurğulanmış, Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səyləri barədə məlumat verilmişdir.

Səfirliyin ərəb və ingilis dillərində hazırladığı pres-relizlər Liviya Ümummilli Konqresinə, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinə, aparıcı kütləvi informasiya vasitələrinə göndərilmişdir. Həmin pres-relizlər "İrs" jurnalının 2013-cü ildə ərəb dilində nəşr edilmiş ikinci qış buraxılışı ilə birgə ölkədəki diplomatik nümayəndəliklərə, "Liviya" və "Tadamun" informasiya agentliklərinə, Tripoli Strateji Araşdırmalar və Liviya Arxiv və Tarixi Araşdırmalar mərkəzlərinə, Misir, Tunis və Fələstin Mədəniyyət mərkəzlərinə göndərilmişdir.

Liviyanın aparıcı kütləvi informasiya vasitələrində 20 Yanvar faciəsi ilə bağlı məlumatların geniş yayılması təmin edilmişdir. Səfirliyin ölkəmizin tanıdılması məqsədilə Liviya vətəndaşları ilə yaratdığı sıx əlaqələrin nəticəsi olaraq yanvarın 15-də Zeyd Həmzə adlı Liviya vətəndaşı "Libya əl-Vataniyyə" televiziya kanalında canlı yayımlanan "İslam və Həyat" dini verilişinin qonağı Liviya Keçid Hökuməti dövründə Vəqflər və Dini məsələlər naziri vəzifəsində çalışmış Həmzə Bufaris ilə telefon əlaqəsi yaradaraq 20 Yanvar faciəsi barədə məlumat vermişdir. Eyni zamanda Z.Həmzə 20 Yanvar faciəsinin 24-cü ildönümünü ərəfəsində Liviyada faciə qurbanlarının ruhuna dualar oxunmasını xahiş etmişdir.

Səfirliyin media nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərin nəticəsi olaraq 20 Yanvar faciəsinin 24-cü ildönümü Liviyanın aparıcı kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. Yanvarın 18-də "Tadamun" informasiya agentliyinin internet səhifəsində "Azərbaycanlılar 20 Yanvar qırğınının 24-cü ildönümünü qeyd edirlər", "Fevral" qəzetinin 19 yanvar tarixli nömrəsində "20 Yanvar faciəsi... Azərbaycan xalqının birliyinin qarşısını ala bilmədi", "Fəsəniyə" qəzetinin 19 yanvar tarixli nömrəsində "Azərbaycan: Ağrılı 20 Yanvar faciəsinin 24-cü ildönümü" sərlövhəli məqalələr dərc olunmuşdur. Bununla yanaşı, yanvarın 19-da "Libya" dövlət televiziya kanalında ərəb dilində "Qanlı Yanvara aparan yol" sənədli filmi nümayiş etdirilmişdir.

 

 

 

Xorvatiya

 

 

Azərbaycanın Xorvatiyadakı səfirliyi 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirmişdir.

Azərbaycanın Xorvatiyadakı səfiri Kamil Xasıyev tədbirdə çıxış edərək 20 Yanvar faciəsi barədə məlumat vermiş, bu hadisənin xalqımızın müstəqillik uğrunda mübarizəsində oynadığı roldan danışmışdır. Səfir Bakıda dinc əhalinin sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisələrin xalqın mübarizə əzmini qıra bilmədiyini, əksinə, daha da möhkəmləndirdiyini vurğulamışdır. Məhz bu hadisələrin nəticəsi olaraq 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etmişdir.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ümumxalq ziyarətini Zaqrebdən canlı yayımla izləmişlər.

Səfirlik tərəfindən 20 Yanvar faciəsi ilə bağlı pres-reliz yayılmışdır. Matəmlə əlaqədar olaraq, Azərbaycanın dövlət bayrağı yarıya qədər endirilmişdir.

 

 

 

Litva

 

 

 

Litva Seyminin Konstitusiya zalında 1990-cı ildə Bakıda və 1991-ci ildə Vilnüsdə törədilmiş faciəvi Yanvar hadisələrinə həsr olunmuş anma tədbiri keçirilmişdir.

Tədbir Litva-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycanın Litvadakı Gənclər Təşkilatı (AYOL) və 13 yanvar Litvanın  Müstəqilliyinin Müdafiə Qardaşlığı Təşkilatı tərəfindən təşkil olunmuşdur.

Tədbirdə Litva Seyminin vitse-spikeri, deputatlar, ölkənin görkəmli ictimai-siyasi xadimləri, hökumət üzvləri, Azərbaycanın bu ölkədəki səfirliyinin, AYOL-un, Azərbaycan diasporunun nümayəndələri, Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak etmişlər.

Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirin iştirakçıları adından Antakalnis qəbiristanlığında uyuyan müstəqillik fədailərinin məzarları üzərinə tər çiçəklər düzülmüşdür.

Litva Seyminin deputatı, Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojera anma tədbirini açaraq demişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciələr SSRİ-nin digər respublikalarında sonrakı tarixi hadisələrə təsir göstərmiş, kommunist rejiminin süqutunu sürətləndirmişdir.

Yuras Pajera Litva Seymində anma tədbirinin ikinci dəfə keçirildiyini qeyd edərək demişdir ki, dövlətlərimizin tarixi iki xalqı bir-birinə yaxınlaşdırmışdır. Onlar tarixin belə kədərli hadisələrinin təkrarlanmaması üçün keçmişlərini unutmamalıdırlar.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan qrupun sədri Azərbaycan ərazisinin 20 faizinin işğal altında olduğunu toplaşanların diqqətinə çatdırmış və qeyd etmişdir ki, bu torpaqlar geri qaytarılmalıdır.

Yuras Pojela çıxışının sonunda bildirmişdir ki, Litva Seymi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan xalqı ilə həmrəy olduğunu bildirir.

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə demişdir ki, bugünkü anma tədbiri Bakıda Qanlı Yanvarın 24-cü ildönümünə və Vilnüsdə faciəli hadisələrin 23-cü ildönümünə həsr olunmuşdur. Səfir qeyd etmişdir ki, sovet imperiyasının rəhbərliyi Azərbaycanda müstəqillik uğrunda möhkəmlənən hərəkatı yatırmaq və kommunist rejiminin süqutunun qarşısını almaq üçün əbəs yerə cəhd göstərmişdir. Kommunist rejimi insan hüquqları və azadlıqlarının, Vətənin ərazi bütövlüyünün pozulmasına qarşı etirazını bildirmək üçün toplaşmış sadə insanları cəzalandırmaq istəyirdi.

Həsən Məmmədzadə qeyd etmişdir ki, 1990-1991-ci illərin qanlı yanvar hadisələri Azərbaycan və Litva xalqlarının tarixində yeni səhifə açdı. 20 Yanvar milli istiqlaliyyət və azadlıq uğrunda mübarizə rəmzinə çevrilən bir gün oldu.

Səfir bu faciəli və qəhrəmanlıq günlərində Litva xalqı ilə həmrəy olduğunu bildirmişdir.

Azərbaycan və Litva xalqlarının taleyində ümumi məqamlar çoxdur. Avropa parlamentinin deputatı, Ali Şuranın - Bərpa Seyminin sədri Vitautas Landbergis çıxışına bu sözlərlə başlamış və demişdir: Bu gün biz arası bir il çəkmiş qırğınların - Bakıda və Vilnüsdə törədilmiş Yanvar hadisələri qurbanlarının işıqlı xatirəsini yad edirik. Həmin dövrdə dalbadal Azərbaycan, Gürcüstan və Litva xalqlarına qarşı  cinayətlər törədilmişdi. Sovet imperiyası təhlükəsi qarşısında Litvanın bir qrup deputatı Kreml rəhbərliyinə dövlətin öz vətəndaşlarına qarşı qoşunlardan və ordudan istifadə etməklə hərbi əməliyyatlar keçirməsinin yolverilməzliyi haqqında qanun layihəsi təqdim etmişdi. Həmin vədə məhəl qoyulmamış bu qanun layihəsi qəbul edilsəydi, Bakıda qırğın törədilməzdi.  Bakıda baş vermiş Yanvar hadisələri kommunist rejimindən xilas olub müstəqillik qazanmağa cəhd göstərən digər respublikalar üçün bir xəbərdarlıq oldu.

Vitautas Landbergis etiraf etmişdir ki, Azərbaycanda törədilmiş faciəyə kifayət qədər diqqət yetirilməmişdir.

Sonra A.Konçalovskinin "Hakimiyyət yükü. Heydər Əliyev" sənədli filmindən fraqmentlər göstərilmişdir.

Tədbirdə çıxış edən Seymin deputatı, Litva-Azərbaycan dostluq qrupu sədrinin müavini Mantas Adomenas, parlamentin vitse-spikeri Algirdas Sisas qeyd etmişlər ki, 20 Yanvar və 13 Yanvar müstəqillik uğrunda mübarizədə qələbənin genetik kodu olmuşdur. Bu qanlı hadisələr insanları iqtisadi əməkdaşlıqdan daha çox birləşdirir. Litva deputatları demişlər: "Nə qədər ki, Azərbaycan əraziləri işğal altındadır, nə qədər ki, ölkədə qaçqınlar vardır, deməli, tam azadlıq əldə edilməmişdir. Litva ədalətin bərqərar olmasına çalışacaqdır".

Lyaunas Qrinskasın "Gözləmə" sənədli filminin nümayişindən sonra deputat Yuras Pojera qeyd etmişdir ki, Bakıda və Vilnüsdə törədilmiş faciəli Yanvar hadisələrinə həsr edilmiş anma tədbirlərinin keçirilməsi ənənəyə çevriləcəkdir.

 

 

 

Finlandiya

 

 

Xalqımızın ən böyük faciələrindən biri, eyni zamanda şərəf günü olan 20 Yanvar qətliamının ildönümü ilə bağlı Helsinki Şəhər Caisa Mədəniyyət Mərkəzində "Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" mövzusunda seminar keçirilmişdir.

Finlandiya Azərbaycan Assosiasiyasının (FAA) təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan diasporunun Helsinkidə yaşayan nümayəndələri, habelə ölkəmizin müasir tarixi ilə maraqlanan finlandiyalı ictimai xadimlər iştirak etmişlər.

Seminarda çıxış edən Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay tədbir iştirakçılarına 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran A.Oqtay demişdir ki, ümummilli lider Heydər Əliyev faciənin baş verdiyi gündən dərhal sonra - yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hərbi cinayətə kəskin etirazını bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmişdir.

Cəmiyyətin sədri bildirmişdir ki, yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.

Seminarda digər çIxış edənlər də Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin həmişə uca tutulacağını və faciənin günahkarlarının cəzalandırılacağına əmin olduqlarını vurğulamışlar.

Sonra 20 Yanvar faciəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2014.- 22 yanvar.- S.13.