Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri,

 Böyük Britaniya Krallığının prokuroru Azərbaycanda səfərdədir

 

Azərbaycanda səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının baş müşaviri, Böyük Britaniya Krallığının prokuroru xanım Elizabet Hou yanvarın 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə tər çiçəklər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Elizabet Hou ədliyyə naziri, Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü Fikrət Məmmədov və baş prokuror Zakir Qaralov ilə görüşlər keçirəcək, həmçinin Azərbaycanda aparılan məhkəmə-hüquq islahatları, xüsusilə müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş yeni prokurorluq və məhkəmə infrastrukturu, o cümlədən Ali Məhkəmə, Yasamal Rayon Məhkəməsi və "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı"nın icrası qaydasında inşa edilmiş Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binası ilə tanış olacaqdır.

Bundan əlavə, qonağın regionlara səfəri çərçivəsində aparılmış quruculuq işləri və hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar yaradılmış şəraitlə yaxından tanış olacağı bildirilir.

E.Hounun Beynəlxalq Prokurorlar Assosiasiyasının Azərbaycandan olan çoxsaylı üzvləri ilə görüşü də nəzərdə tutulmuşdur.

 

Azərbaycan.-2014.- 23 yanvar.- S.4.