Sənaye potensialının bərpası və genişləndirilməsi uzunmüddətli sabit inkişafa təminatdır

 

Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri də məhz milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə edilməsidir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. 

Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artımı, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sahədə islahatların genişləndirilməsinə imkan yaratmışdır. Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi isə cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir.

Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş iclası Avratlantik məkana inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin əsas təminatçılarından birinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın iqtisadi sahədə yeni nailiyyətlərə imza atdığını göstərir. Bir çox dünya ölkələrində qlobal maliyyə-iqtisadi böhranın mənfi təsirlərinin hələ tam aradan qalxmadığı şəraitdə Azərbaycanda ümumi daxili məhsulun 5,8 faiz, qeyri-neft sektorunun 10 faiz, əhalinin pul gəlirlərinin 8 faiz artması, respublikanın strateji valyuta ehtiyatlarının 50 milyard dollara yüksəlməsi, bütün bunların fonunda inflyasiyanın cəmi 2,4 faiz təşkil etməsi hesabat dövrünün uğurları barədə kifayət qədər dolğun mənzərə yaradır.

Ötən ilin uğurlu göstəricilərindən biri də ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının həcminin və keyfiyyətinin dinamik artmasıdır. Dövlət başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, bütün bunlar ölkədə normal sərmayə mühitinin mövcudluğunu göstərir: "İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur. Bu, rekord göstəricidir. Heç vaxt il ərzində bu qədər investisiya qoyulmamışdır. Son bir neçə il ərzində orta hesabla 20-22 milyard dollar investisiya qoyulurdu, indi artıq 28 milyard dollar investisiya qoyulur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Bu da artıq neçə ildir ki, davam edən tendensiyadır. Daxili sərmayə xarici sərmayəni üstələyir. Bu, hesab edirəm ki, müsbət haldır. Əlbəttə ki, daxili sərmayənin içində əsas sərmayə dövlət sərmayəsidir. Ancaq özəl sektor da Azərbaycan iqtisadiyyatına böyük yatırımlar edir".

Nazirlər Kabinetinin son iclasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə Azərbaycanda sənayeləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləmək mümkündür. Qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisinin artmasında bu sahənin müstəsna rolunu önə çəkən Prezident İlham Əliyev cari ildə sənayenin yeni istiqamətlərinin inkişafı üçün tədbirlər planının təsdiq ediləcəyini bildirmişdir: "Bu istiqamətdə artıq ilkin nəticələr vardır. Sumqayıt Texnoparkı fəaliyyət göstərir. Yeni Kimya Texnologiya Parkı artıq fəaliyyətə başlayır. Digər şəhərlərdə, Mingəçevirdə texnoparkın yaradılması nəzərdə tutulur. Balaxanı Texnoparkının yaradılması prosesi gedir. Bu istiqamətdə bu il daha da ciddi addımlar atılmalıdır. Ümumiyyətlə, mən dəfələrlə demişəm ki, bizim uğurlu inkişafımız qeyri-neft sənayesinin hesabına təmin edilməlidir. Ümumi daxili məhsulumuzun artımı da sənaye istehsalının hesabına mümkün olacaqdır", - deyən ölkə başçısı bu il metallurgiya sənayesinin inkişafının da xüsusi diqqət mərkəzində olacağını vurğulamışdır.

Prezident İlham Əliyevin 2014-cü il 10 yanvar tarixli "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında" sərəncamı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sərəncamda vurğulanır ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədi ilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair Tədbirlər Planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdır. Nazirlər Kabineti "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın layihəsini üç ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Şübhəsiz, Azərbaycanın iqtisadi cəhətdən inkişafında, yeni iş yerlərinin açılmasında, ölkənin ixrac potensialının gücləndirilməsi və idxaldan asılılığının azaldılmasında sənaye potensialının əhəmiyyəti xüsusi vurğulanmalıdır. Hesab edirik ki, inkişafın hazırkı mərhələsində yüksək makroiqtisadi göstəricilərin davamlılığının təmin edilməsi həm də rentabelli və elmtutumlu sənaye müəssisələrinin yaradılmasından asılıdır. Azərbaycanın davamlı inkişafını elmtutumlu sənaye müəssisələrinin açılması hesabına təmin etmək, eləcə də neft hasilatının azalması ilə bağlı maddi itkiləri kompensasiya etmək mümkündür. Odur ki, respublikanın bu sahədə sovet dövründə mövcud olmuş potensialının bərpası, ayrı-ayrı sənaye sahələri üzrə ixtisaslaşmış istehsal müəssisələrinin müasirləşdirilməsi, texnoloji parkların yaradılması son illər qarşıda ciddi vəzifələr kimi müəyyənləşdirilmişdir.

Sənayenin inkişafının müasir innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə əsas strateji layihələr kimi yer alması "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da əksini tapmışdır. Sənəddə 2020-ci ilədək respublikanın tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur.

Sənayenin inkişafının mühüm məsələ kimi gündəliyə gəlməsi bir sıra obyektiv səbəblərlə şərtlənir. Bu zərurət, ilk növbədə, Azərbaycanın hələ Sovetlər birliyi dövründən güclü sənaye-aqrar respublikası kimi formalaşması, burada güclü sənaye müəssisələrinin fəaliyyət göstərməsi ilə bağlıdır. Ötən əsrin 70-80-ci illərində sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atılmış, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafında kompleks tədbirlər görülmüşdür. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi Azərbaycanın bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac vermişdir. Böyük strateq Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz Azərbaycanda inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş İttifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 1970-1980-ci illərdə respublikada 125 yeni dövlət sənaye müəssisəsi, o cümlədən 1970-1975-ci illərdə 64, 1976-1980-ci illərdə isə 61 dövlət sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir.

Bütün bunların nəticəsi olaraq 70-80-ci illərdə Sumqayıt şəhəri özünün iqtisadi potensialına görə SSRİ məkanında tanınır, onun istehsal etdiyi məhsullar İttifaqın 700 şəhərinə ixrac olunurdu. 1963-cü ildə fəaliyyətə başlayan, uzun illər respublikamızda şüşə sənayesinin formalaşmasına və inkişafına töhfə vermiş Sumqayıt Şüşə Zavodunun intibah dövrü də məhz ümummilli liderin birinci rəhbərlik dövrünə təsadüf edir. Heydər Əliyev hələ o dövrdən bu müəssisənin və bütövlükdə şüşə sənayesinin problemlərini diqqət mərkəzində saxlamış, onun inkişafı, yüksək səviyyədə məhsul istehsalı üçün lazımi köməyi əsirgəməmişdir. Bunun nəticəsi olaraq Azərbaycan o dövrdə bütün Cənubi Qafqazı və Rusiyanın bir çox bölgəsini 25 il müddətində keyfiyyətli pəncərə şüşəsi ilə təmin etmişdir.

Sənayenin inkişafı ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində də xüsusi diqqət mərkəzində olmuş, bu sahənin problemlərinin həlli ilə bağlı xüsusi strategiya hazırlanaraq icra olunmuşdur. Sənaye potensialının ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yer tutmasına uzunömürlü baza yaradan kompleks iqtisadi islahatlara start verilmiş, 1995-ci ildən başlayaraq sənayedə inkişaf tempi qeydə alınmışdır.

Azərbaycanda enerji resurslarından asılılığın azaldılmasını, qeyri-neft sektorunun inkişafını prioritet istiqamətlərdən biri elan etmiş Prezident İlham Əliyev davamlı tərəqqinin təmini baxımından respublikada güclü sənaye potensialının yaradılmasını vacib sayır. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, hər bir ölkənin sabit iqtisadi inkişafında sənaye potensialının rolu böyükdür. Azərbaycan hazırda inkişafının elə mərhələsindədir ki, qazanılan makroiqtisadi nailiyyətlər ilk növbədə bu sahəyə diqqətin artırılmasını aktual məsələ kimi gündəmə gətirir. Dövlət başçısı hesab edir ki, yalnız sənayenin inkişaf etdirilməsi yolu ilə gələcəkdə neft hasilatının azalması ilə əlaqədar Azərbaycanın üzləşə biləcəyi itkiləri kompensasiya etmək mümkündür: "Biz güclü sənaye potensialımızı yaratmalıyıq və o, 5 ildən, 10 ildən sonra ölkəmizin əsas ümumi daxili məhsulunu verəcəkdir. 50 ildən sonra neft hasilatı azalanda sənaye potensialı Azərbaycanın dayanıqlı inkişafını təmin edəcəkdir... İlk növbədə Azərbaycanda bazası, təcrübəsi olan, yerli xammalı olan müəssisələri yaratmalıyıq".

Ölkədə müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqaməti kimi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmini, rəqabətqabiliyyətliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi diqqətdə saxlanılmışdır. Son 10 ildə sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmış, 2003-2013-cü illərdə regionların inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Güclü sənaye potensialının inkişafı üçün zəngin xammal bazasının mövcudluğu, nəhəng və çoxşəbəkəli sənaye kompleksinin imkanlarının səfərbər edilməsi bu sahənin keyfiyyət və kəmiyyət baxımından sıçrayışına təkan vermişdir. Azərbaycanda sənayenin inkişafına neft sektoru impuls versə də, ümumilikdə maşınqayırma, metallurgiya, yeyinti və emal müəssisələri, texnologiyalar, kimya kompleksi, mədənçıxarma və filiz müəssisələri bu sahənin inkişafına imkan yaratmışdır.

Sənayeləşmə siyasəti çərçivəsində yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə 2012-2013-cü illərdə 150-dən çox sənaye müəssisəsi istifadəyə verilmişdir. Sənaye sektorunun inkişaf etdirilməsində məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı, ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsinə, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsinə, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsinə və artırılmasına, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsinə və bununla sənayenin davamlı inkişafına nail olmaqdan ibarətdir.

Hazırda respublikanın qara, əlvan və nadir metal filizləri ilə zəngin olması metallurgiyanın, hazır metal məmulatlarının, maşınqayırma və digər əlaqəli sahələrin inkişafına imkan verir. Qarşıdakı illərdə Gəncə şəhərində dəmirin birbaşa reduksiyası, poladəritmə və pellet zavodlarından ibarət metallurgiya kompleksinin inşası nəzərdə tutulur. Bundan əlavə, həmin regionda əlvan və qiymətli metallardan - qızıl, gümüş və mis hasilatı ilə məşğul olan daha bir müəssisənin işə salınması gözlənilir.

Sənayenin inkişafı üçün ölkədə müvafiq qanunverici bazanın formalaşdırılması da diqqət mərkəzində saxlanılır. 2009-cu il 14 aprel tarixli "Xüsusi iqtisadi zonalar haqqında" qanun ölkədə sənayeləşmə prosesinin sürətlənməsinə yeni təkan vermişdir. Dünya təcrübəsi göstərir ki, iqtisadiyyata, qeyri-neft sektorunun inkişafına xarici kapital axınını, habelə beynəlxalq inteqrasiyanı sürətləndirmək baxımından xüsusi iqtisadi zonaların yaradılması zəruridir. Bu cür iqtisadi zonalar xüsusi əlverişli hüquqi rejimə malik müstəqil ərazi təsərrüfat kompleksi olmaqla yanaşı, ölkədə beynəlxalq iqtisadi əlaqələr sisteminə açılan səmərəli dəhlizdir. Bu dəhliz vasitəsilə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına xarici kapital, qabaqcıl texnologiya, mütərəqqi idarəetmə üsulları cəlb edilir.

Hökumət sənayenin inkişafını stimullaşdıracaq tədbirləri də diqqət mərkəzində saxlayır. Orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur. 2013-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə və dəyişikliklər iqtisadiyyatın inkişafına müsbət təsir göstərməklə bu sahəyə investorların cəlb olunmasına, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli, elmtutumlu sənaye məhsullarının istehsalına, yeni iş yerlərinin açılmasına imkan verir.

Dövlət başçısının 24 aprel 2013-cü il tarixli fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, habelə onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılmışdır.

Yeni təsərrüfatçılıq formalarından sənayeləşmənin innovativ və mütərəqqi modeli olan sənaye texnoparklarının yaradılması isə industrial cəmiyyətin formalaşmasına güclü zəmin yaradır. Dünyada sənayeləşmənin qlobal xarakter alması zəminində Azərbaycanda sahibkarlığın ən iri təşkilati-hüquqi forması olan sənaye texnoparkları layihələrinə üstünlük verilmişdir. Sənaye texnoparkları müasir iqtisadiyyatın əsas kapitaltutumlu bölməsi sayılır və Cənubi Koreya, Çin, Malayziya, Yaponiya və Sinqapurda sənayenin əsas baza sütunu kimi mühüm yer tutmuşdur. Bu parklarda sənayenin bütün sahələrini əhatə edən onlarla zavod fəaliyyət göstərir.

Respublikamız hələ 2012-ci ildə Sumqayıt Texnoparkının əsasını qoymaqla yeni strateji proqramın icrasına başlamışdır. Sumqayıt Texnoparkı 45 hektar ərazidə yerləşir və müasir sənaye potensialının əsas sütunlarından biridir. Postsovet məkanında yeni olan bu layihə sənaye məhsullarının istehsalı və ixracı baxımından perspektivli layihələrdən sayılır. Sumqayıt Texnologiyalar Parkında respublika üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik elektroenergetika və maşınqayırma sənayesi məhsulları istehsalının həcmi genişlənir. Burada respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən müxtəlif tip kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsal edilir. Texnologiyalar Parkı yüzlərlə iş yerinin açılmasına şərait yaratmaqla yanaşı, ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynayır və əhalinin sosial həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına kömək edir.

2013-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə daha bir texnoparkın - Balaxanı Sənaye Parkının təməlinin qoyulması Azərbaycanda sənayeləşmənin yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu şərtləndirmişdir. Sənaye Parkında plastik, məmulat, şin, elektrik və elektron cihaz tullantıları, akkumulyator, əlvan metal, kabel və s. məişət tullantılarının təkrar emalı nəzərdə tutulmuşdur. Yeddi hektar ərazini əhatə edəcək parkın nəqliyyat qovşağına yaxınlığı təkrar emal və ya istehsal edilmiş məhsulların asanlıqla satış bazarına çıxarılmasına şərait yaradacaqdır. Balaxanı Sənaye Parkı təkrar emal sahəsində sahibkarlara və sərmayədarlara əlverişli imkanlar yaratmaqla yanaşı, ölkəmizdə təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rol oynayacaq.

2012-ci il 5 noyabr tarixli fərmanla yaradılmış Yüksək Texnologiyalar Parkı ("YT Park") isə informasiya-kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir. Burada texnoloji nailiyyətlərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması, yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, Azərbaycan sənayeləşmənin əsas mərkəzi rayonları kimi Bakı və Sumqayıtda güclü texnopark kompleksləri şəbəkəsini genişləndirməyi əsas hədəf seçmişdir. Hazırda onlarca adda və çox qiymətli, yüksək keyfiyyətli sənaye məhsullarını dünyanın 30-dan artıq ölkəsinə ixrac etməklə beynəlxalq bazarda özünə layiqli yer tutmuş Azərbaycanın neft-kimya kompleksinin ən müasir texnologiyalar və yüksək məhsuldarlıqlı avadanlıqlar əsasında yenidən qurulması, tələbatın daha yüksək olduğu yeni sənaye və kimya məhsullarının istehsalına başlanılması istiqamətində aparılan genişmiqyaslı işlər yaxın gələcəkdə ölkəmizin sənaye məhsullarının istehsal həcmi və keyfiyyəti baxımından dünyanın aparıcı dövlətlərindən birinə çevriləcəyini proqnozlaşdırmağa imkan verir.

Azərbaycanın böyük sənaye potensialına malik iri müəssisələri Sumqayıt şəhərində yerləşdiyindən Prezident İlham Əliyev son illər şəhərin bu sahədəki keçmiş şöhrətinin özünə qaytarılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayır. Dövlət başçısı 2013-cü il oktyabrın 4-də Sumqayıta növbəti səfəri zamanı şəhərin yaxın illərdə nəinki Cənubi Qafqazın, ümumilikdə Avropanın mühüm sənaye mərkəzlərindən birinə çevriləcəyini vurğulamışdır. Qeyd edilmişdir ki, son illər Sumqayıtda infrastrukturun müasirləşdirilməsi tədbirləri, sahibkarlığın dinamik inkişafı, eləcə də yeni istehsal müəssisələrinin açılması bu hədəflərin reallaşdırılması üçün yeni imkanlar yaradır. Sumqayıt Kimya Sənaye Parkının açılış mərasimində cənab İlham Əliyev demişdir: "Bu gün isə Sumqayıt Kimya Sənaye Parkının təməl daşı qoyulur. Bu, ölkəmiz üçün çox əlamətdar hadisədir. Çünki bu, yeni bir sənaye şəhəri olacaqdır... Beləliklə, gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsi gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur. Yəni Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır".

Sumqayıt şəhərinin sənaye zonasında Kimya Sənaye Parkının yaradılması ölkənin qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından ən ciddi layihələrdən biridir. Parkın yaradılmasında məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Yeni müəssisənin inşası ilə ölkə sənayesinin özəl sektorunun, kiçik və orta biznesin inkişafına, nəticə etibarilə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olunacaq. Magistral və dəmiryol xətlərinin Sumqayıt Kimya Sənaye Parkına yaxın olması, bu şəhərcikdə yerləşəcək emal müəssisələrinin müasir və dünya standartlarına cavab verən texnoloji avadanlıqlarla, xammal və yarımfabrikat məhsullarla təmin edilməklə son məhsulun istehsalına bilavasitə Azərbaycanda nail olunması iqtisadiyyatın daha da inkişaf etməsi üçün yeni və əlverişli perspektivlər açır.

"Sənaye ili" ilə bağlı hazırlanacaq Tədbirlər Planında, habelə Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında sənayenin perspektivli təmayüllərinin inkişafı xüsusi diqqət mərkəzində saxlanılacaq. Hesab edirik ki, respublikanın hazırkı dinamik inkişafı şəraitində metallurgiya ilə yanaşı, şüşə sənayesinin də inkişaf perspektivləri ciddiliklə nəzərə alınmalıdır. Son illər sənayenin müxtəlif sahələrində intibah mərhələsinin əsası qoyulsa da, etiraf etməliyik ki, bu müsbət meyilləri şüşə sənayesinə şamil etmək olmaz. Halbuki Azərbaycanın hazırkı sosial-iqtisadi uğurları - tikinti-quruculuq, abadlıq və yenidənqurma işlərinin geniş vüsət alması, yeyinti, qida, tibb sənayelərinin inkişafı, habelə elmi-texniki tərəqqi sahəsindəki nailiyyətlər şüşə sənayesinin böhrandan çıxarılmasını aktual və təxirəsalınmaz məsələ kimi gündəmə gətirmişdir. Hazırkı istehsal proseslərini - tikintini, nəqliyyatı, elmi və kosmik tədqiqatları, müdafiə sənayesini, səhiyyəni, mebel və digər mədəni məişət predmetləri istehsalını şüşəsiz təsəvvür etmək çətindir.

Vaxtilə keçmiş SSRİ-nin bir çox respublikalarına, o cümlədən Rusiyanın ayrı-ayrı şəhərlərinə pəncərə şüşəsi və digər şüşə məmulatlar ixrac edən Azərbaycan hazırda bu strateji əhəmiyyətli sənaye məhsulunu xaricdən baha qiymətə idxal etmək məcburiyyətindədir. Təəssüflə qeyd etmək lazımdır ki, vaxtilə pəncərə şüşəsi və digər şüşə məmulatları istehsal edən iri zavodların fəaliyyətlərini tamamilə dayandırmaları, hazırda bəzi xırda sexlər səviyyəsində istehsal edilən şüşə qabların isə keyfiyyətinin aşağı səviyyədə olması bu sənaye məhsulunun xarici ölkələrdən idxalını genişləndirmişdir. SSRİ-nin süqutu ilə bağlı iqtisadi əlaqələrin pozulması - xammal təchizatı və hazır məhsulun satışında yaranmış problemlər, keyfiyyətə olan tələblər və digər səbəblərlə əlaqədar Bakı və Gəncə şüşə zavodlarının fəaliyyəti tamamilə dayanmış, bu müəssisələr ləğv edilmişdir. Naxçıvan Şüşə Zavodu da çoxdandır işləmir (bu müəssisə yalnız şüşə qablar istehsal edirdi).

Üzləşdiyi bir çox obyektiv və subyektiv çətinliklərə baxmayaraq, son dövrlərədək fəaliyyət göstərən Sumqayıt Şüşə Zavodu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı əsasında "Xəzər" Səhmdar Cəmiyyəti tərəfindən özəlləşdirilmişdir. Səhmdar cəmiyyət 1994-2003-cü illərdə zavodda bir sıra təmir-bərpa işləri apararaq qırılmış əlaqələri qismən bərpa etmiş, müəssisənin fəaliyyətini qismən də olsa 2009-cu ilədək qoruyub saxlaya bilmişdir. Hazırda yenidənqurma işləri ilə bağlı fəaliyyətini dayandırmışdır. Bununla belə, ölkə başçısının sənayeləşmə istiqamətində həyata keçirdiyi tədbirlər - 2014-cü ilin "Sənaye ili" elan olunması Sumqayıtda bu perspektivli sahənin böhrandan çıxacağına böyük ümidlər yaradır. Odur ki, mütəxəssislərimiz yeni qurulacaq zavodun bazasında inkişaf etdiriləcək yeni layihə üzərində çalışırlar.

"Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası ölkədə 2020-ci ilədək ümumi daxili məhsulun qeyri-neft sektoru hesabına iki dəfəyədək artırılmasını nəzərdə tutur. Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək məqsədindən irəli gələn bu hədəfin reallaşdırılması isə ölkənin sənaye potensialının gücləndirilməsini, bu sahədə infrastrukturun müasirləşdirilməsini obyektiv zərurətə çevirir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər respublikamızın orta və uzunmüddətli perspektivdə Avropanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcəkdir.

 

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" ASC-nin sədri, iqtisad elmləri doktoru

Azərbaycan.-2014.- 23 yanvar.- S.5.