Şəhid anası

 

Bir ana tanıyıram, şəhid anası, oğlunun orda-burda gizlənməyindən xəcalət hissi keçirən ana yox, övladının Vətən yolunda şəhid olmasından qürur duyan qeyrətli bir ana. Bu, Həvva anadır ki, həyatda onun üçün doğma olan üç itkidən - oğul itkisindən, yurd-yuva itkisindən, həyat yoldaşının itkisindən əyilmədi, sınmadı, əksinə, oğlunun igidliyindən qürur duydu, güc aldı.

Söhbət Həvva ananın şəhid oğlu Rasim Qəhrəmanovdan gedir. O, 1969-cu ilin mart ayının 9-da Meydan çayının iki hissəyə ayırdığı Çiçəklidağın ətəyində, zümrüd meşələrin əhatəsindəki Qamışlı kəndində dünyaya gəlmişdi.

Qarabağ müharibəsinin boy atdığı  ilk günlərdən bu kəndin cavanları ana torpağın müdafiəsinə qalxdılar. Rasim Qəhrəmanov tanınan traktorçu idi. İşini-gücünü buraxaraq silahdan yapışdı. Bir ildən artıq vaxtda günü səngərdə, barmağı tətikdə keçdi. Həftələr, aylar keçdikcə igid əsgərin təcrübəsi artır, döyüş qabiliyyəti yüksəlirdi. 1993-cü ilin mart ayının 27-si onun son döyüş günü oldu. Mart onun həm dünyaya gəldiyi, həm şəhid olduğu ay kimi doğmaları üçün müqəddəs tarixə çevrildi.

"Kəlbəcərim qəm dəftərim" adlı kitabımda Rasim haqqında ilk qeydlərimi etmişəm. O vədə Rasimin valideynlərinin məskunlaşdığı Naftalana - "Mil" sanatoriyasına getmişdim. Şəhid atası Nemət kişinin anası Həvva xanımın dediyi sözlər qulağımda yenidən səslənir: "Kəndimizdə halal zəhmətlə, alın təri ilə dolanan olmuşuq. Övladlarım ilk gündən zəhmətsevən olublar. Heç biri hökumət işindən yayınmayıb. Amma Rasim elə bil, tamam başqa oğul idi. Hərbi xidmətini başa vurduqdan sonra traktorçuluq sənətinə yiyələnmişdi. İdarə etdiyi texnika ilə Murov yolunda çalışır, gecə-gündüz xalqa xidmət edirdi. Hələ o zaman ermənilərin Kəlbəcərə doğru irəliləməsini əngəlləmək üçün Otaqqayanı partlatmışdı.

Günlərin birində kəndimizdən Gəncəli kişinin oğlu Yusif döyüşdə şəhid olmuşdu. Rasim elə bil, bu xəbərə bənd imiş. Dedi ki, gedirəm cəbhəyə, Yusifin qisasını alacağam. 1992-ci ilin fevralından cəsur komandir Ülfət Kərimovun dəstəsində döyüşürdü. Ülfət onun həm qorxmaz   olduğunu yaxşı bildiyindən həmişə  kəşfiyyata göndərirdi.

1993-cü ilin mart ayının 27-də ermənilərin Ağdabana hücumu zamanı kəndimizdən 13 nəfər Rasimlə bir yerdə olub. Onlar düşmənə xeyli müqavimət göstərdilər. Lakin təpədən dırnağa kimi silahlanmış quldurların  güclü hücumu qarşısında tab gətirə bilmədiklərindən bəziləri  geri çəkiliblər.  Rasim Ülfətlə birgə son damla qanlarına qədər vuruşublar. Qızğın döyüşlərdə Rasimin səngərindən güllə açılmadığını görən yoldaşları onun vurulduğunu zənn ediblər. Bu zaman o, başı sarıqlı çıxaraq  yenidən düşmən mövqelərini atəşə tutub. Həmin döyüşdə çoxlu düşmən məhv edilib.

Nemət kişi oğlunun bir ildən artıq döyüşlərdə iştirak etdiyini, Həsənrizin alınmasında xüsusi xidmətlərini xatırlatdı.

Həvva ana  isə Rasimin camaat arasında böyük hörmət qazandığını, ömür boyu bir kimsənin xətrinə dəymədiyini bildirdi.

Şəhid anası deyir ki, neçə vaxtdır bu yerlərdə məskunlaşmışıq. Son vaxtlarda hər yerdə olduğu kimi,  Goranboy rayonunda da görülən işlər şəhərin simasını əməlli-başlı dəyişmişdir. Burada qaçqın məcburi  köçkünlərə göstərilən dövlət qayğısı həqiqətən təqdirəlayiqdir. Naftalan şəhərindəki  "Mil" sanatoriyasında məskunlaşan soydaşlarımız da dövlətin bu qayğısından qədərincə  bəhrələniblər. Goranboy rayonu ərazisində, səfalı bir guşədə salınmış müasir görkəmli qəsəbə göz-könül oxşayır.

Şəhid Rasim Qəhrəmanovun valideynlərinə bu yaraşıqlı mənzillərdə ev verilib. Təzə ilin ilk günlərində yolumuzu  bu yeni ünvandan salmaqda məqsədimiz həmin ailənin günü-güzəranı ilə maraqlanmaq, şəhid övladının ruhunu yad etmək idi. Həvva ananı mənzilində tək gördük. Həyat yoldaşı  Nemət kişi  oğul həsrəti ilə dünyasını dəyişib. İndi ananın qayğı  yükü ikiqat artıqdır, həm övladlarına atalıq, həm analıq edir. Şəhid anası nəslin başında mərdanə dayanıb. Oğul evləndirib, qızlarını köçürüb, on nəvəsi var.

Həvva ana ilə ətraflı söhbətləşdik, Rasimi yad etdik. Qəlbisınıq ana gəlişimizdən razı qaldığını gizlətmədi. Aradan 20 il keçməsinə baxmayaraq hələ ananın gözü yolda, qulağı səsdədir. Oğlunun həyatda yoxluğuna özünü inandıra bilmir. Həvva Qəhrəmanova şəhid ailələrinə, qaçqın məcburi köçkünlərə mütəmadi dövlət qayğısı kömək göstərən Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi.

 

 

 

Köçəri ORUCOĞLU

Azərbaycan.-2014.- 23 yanvar.- S.7.