Davosda «SOCAR - Azərbaycanın enerjisi» gecəsi

 

Yanvarın 22-də Davosda "SOCAR - Azərbaycanın enerjisi" adlı Azərbaycan gecəsi keçirilmişdir.

"SOCAR - Azərbaycanın enerjisi" adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələrinin və banerlərin vurulması da məhz bu amilə xidmət edirdi.

Minədək qonağın iştirak etdiyi gecə "Azərbaycan - gələcəyin ölkəsi" adlı videoçarxın nümayişi ilə başlamışdır.

Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirmişdir. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışan Rövnəq Abdullayev qeyd etmişdir ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin sonunda Bakıda "Şahdəniz-2" üzrə yekin investisiya qərarının  imzalanması bunu bir daha təsdiqləyir.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışmış, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolu olduğunu demişdir. G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir.

Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak etmişlər.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 24 yanvar.- S.3.