Azərbaycanın İspaniyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdir

 

Yanvarın 22-də İspaniyanın paytaxtı Madriddə işə başlamış "FITUR 2014" beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə "Qarabağ" stendinin quraşdırılması bu ölkədə yaşayan həmvətənlərimizin ciddi narazılığına səbəb olmuşdur.

AzərTAc xəbər verir ki, sərginin təşkilatçıları ilə Azərbaycan tərəfi arasında Qarabağla bağlı heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən razılıq əldə olunmasına baxmayaraq, həmin stend ermənilər tərəfindən quraşdırılmışdır. Bu stendin qoyulmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçirmişlər.

Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları sərginin təşkilatçılarına şifahi etiraz bildirmələrinə baxmayaraq, stend sökülməmişdir. Məsələ ilə bağlı səfirlik İspaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərmişdir. Notada İspaniyanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşmasının rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildiyi, lakin sərgidə Ermənistana aid sahədə "Qarabağ" stendinin quraşdırılmasının yolverilməz hal olduğu vurğulanmışdır. Azərbaycanın İspaniyadakı səfirliyi Ermənistanın bu təxribatının aradan qaldırılması istiqamətində işi davam etdirir.

 

 

 

Aygün ƏLİYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Madrid

Azərbaycan.-2014.- 24 yanvar.- S.3.