Tarixdən danışan muzey

 

Azərbaycanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin böyük əhəmiyyəti var. Onlar hər bir bölgənin əsrlər boyu keçdiyi yoldan, etnoqrafiyasından, adət-ənənələrindən, mənəvi dəyərlərindən və s. söhbət açırlar. Belə muzeylərin hərəsi Azərbaycan tarixinin müəyyən bir əraziyə, məkana aid hissəsini yaşadır.

Xaçmaz rayonunun da zəngin tarix-diyarşünaslıq muzeyi var. Burada sözügedən bölgəyə aid geniş məlumat, maraqlı eksponatlar toplanıb. Çoxsaylı məişət əşyaları, xalq sənəti nümunələri və digər materiallar xaçmazlıların həyat tərzi, məşğulluq növləri, xarakter və ənənələri haqqında ətraflı məlumat verir.

Bir sözlə, bütövlükdə Xaçmaz tarix-diyarşünaslıq muzeyi əşyayi-dəlillərlə müşayiət olunan maraqlı bir hekayətdir. Bu hekayət rayon sakinlərini də, digər bölgələrdən və ölkələrdən gələn qonaqları da özünə cəlb edir. Ən başlıcası isə Xaçmazın böyüməkdə olan hər bir sakini doğulduğu diyarın, eləcə də vətəni Azərbaycanın şərəfli tarixi barədə geniş məlumat ala bilir.

 

Azərbaycan.-2014.- 26 yanvar.- S.8.