Davos Forumu ölkəmizin iqtisadi əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətə malikdir

 

Azərbaycanın Davos Forumunda iştirakı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev Davos Forumunda üç dəfə - 1995, 2000 və 2002-ci illərdə iştirak etmişdir. Qeyd edək ki, Azərbaycanın bu beynəlxalq iqtisadi tədbirdə iştirakı ölkəmizin beynəlxalq əlaqələrinə töhfə verən yeni ənənənin əsasının qoyulması baxımından önəmli hadisə idi. Dünya İqtisadi Forumunun budəfəki sammitində də Azərbaycanın iştirakına nüfuzlu ölkələrin dövlət və hökumət başçıları, tanınmış iqtisadçılar və politoloqlar böyük maraq göstərmişlər.

Prezident İlham Əliyevin  iştirak etdiyi son forumda bu dəfə də dünyanın qlobal əhəmiyyətə malik iqtisadi, siyası məsələləri müzakirə edilmişdir. Forum iştirakçıları Azərbaycanda gedən iqtisadi yüksəlişə diqqət çəkmiş və ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını bildirmişlər. Forum ölkəmizin  beynəlxalq iqtisadi nüfuzunun daha da artmasına və müxtəlif sahələrdə yeni tərəfdaşliq imkanlarının yaranmasına səbəb olmuşdur.

Xatırladaq ki, forumun keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri, iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək, onların arasında əlaqə yaratmaqdünyada yaranmış iqtisadi problemlərin birgə aradan qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə və təşkil etməkdir.

Forum dünyanın iqtisadi mənzərəsinin aydınlaşmasında önəmli rol oynayır. Burada irəli sürülən fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu həm də iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqudünya ictimaiyyətinə hesabatı xarakteri daşıyır.

Forumun iqtisadisiyasi əhəmiyyəti bu gün daha da artıb. Qlobal iqtisadi böhranın, milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır.

Davosa işgüzar səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən  bir sıra dövlət rəsmiləri və nüfuzlu şirkətlərin təmsilçiləri ilə görüşmüşdür. Prezident İlham Əliyevin İsrailin Prezidenti Şimon PeresBaş naziri Benyamin Netanyahu ilə görüşlərində Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələri, o cümlədən iqtisadi, hərbi əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.

Dövlət başçısının Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti, İsveçrənin "Holcim" şirkətinin sədri və baş icraçı direktoru Bernar Fontana, Fransanın "Airbus Group International" şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni, İsveçrənin "Swiss Re" şirkətinin beynəlxalq əlaqələr üzrə sədri Martin Parker, Danimarkanın "Philips" şirkətinin vitse-prezidenti və satış üzrə rəhbəri Ronald de Jong ilə də görüşlərində adıçəkilən qurumların Azərbaycanla iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunmuş, yeni əməkdaşlıq təklifləri irəli sürülmüşdür.

Dünya İqtisadi Forumu iştirakçılarının Azərbaycana xüsusi maraq göstərməsi həm də ölkəmizin dünya iqtisadi münasibətlərindəki yeri ilə bağlıdır. Məlumdur ki, Azərbaycan son illər dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən  ölkələrindən biri kimi tanınıb, iqtisadi gücünə görə Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilib. Ölkəmizin iqtisadiyyatı region iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə gerçəkləşən qlobal əhəmiyyətli enerji layihələri ölkəmizin dünya iqtisadiyyatındakı yerini möhkəmləndirib. Ölkəmizin tərəfdaşları ilə münasibətlərini qarşılıqlı hörmət və imzalanan hüquqi sənədlər çərçivəsində qurması, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin, sahibkarların hüquqlarının qorunması, əlverişli biznes mühitinin yaradılması, mövcud sosial-iqtisadi sabitlik və digər amillər sayəsində Azərbaycanla əməkdaşlığa can atan dövlətlərin sayı da artır. Bu baxımdan dövlət və hökumət başçılarının, aparıcı beynəlxalq şirkətlərin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin qatıldığı Dünya İqtisadi Forumunda iştirak Azərbaycanın iqtisadi potensialının dünyaya tanıdılması, ölkəmizin tutduğu inkişaf xəttinin və nailiyyətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə təqdim olunmasında mühüm əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin forum çərçivəsində keçirdiyi görüşlərdə də bir daha vurğulanmışdır ki, ölkəmiz özünün dünyaya açıq olduğunu daxildə həyata keçirdiyi iqtisadi islahatlarla, yerlixarici investorlara yaradılan əlverişli biznes mühiti ilə, beynəlxalq miqyasda isə gerçəkləşdirdiyi nəhəng enerji layihələri ilə sübuta yetirib. Azərbaycan müsbət beynəlxalq imicə malik, nüfuzlu və hörmət sahibi olan, hər bir məsələdə öz sözünü deyə bilən dövlətdir. Azərbaycan həm də bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə, onları ən yüksək səviyyədə keçirməklə bu sahədə böyük təcrübə əldə edib, beynəlxalq ictimaiyyətin etibarını qazanıb. Digər tərəfdən, Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz, eləcə də qonşu region olan Mərkəzi Asiya nəinki Avrasiya məkanında, bütövlükdə qlobal miqyasda siyasi, iqtisadi, humanitar, təhlükəsizlik və digər sferalarda beynəlxalq əməkdaşlığın, inteqrasiyanın gerçəkləşməsi baxımından olduqca mühüm strateji əhəmiyyətə malikdir. Bu region uzaq Şərqi Qərbi Avropa ilə birləşdirən mühüm tranzit olmaqla bərabər, özünün iqtisadi imkanlarına, davamlı inkişafına görə də ayrı-ayrı dövlətlərin və şirkətlərin diqqətini cəlb edir. Bütövlükdə, Azərbaycanın uğurlu beynəlxalq siyasi, iqtisadi əlaqələri Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının sabitliyinə və inkişafına töhfədir. Eyni zamanda, Azərbaycan üçün beynəlxalq tərəfdaşlarla münasibətlərdə bərabərhüquqluluq, qarşılıqlı hörmət prinsipləri böyük əhəmiyyətə malikdir.

Bu səbəbdən də Dünya İqtisadi Forumunun 2014-cü il sammitində Azərbaycan bir sıra nəhəng şirkətlərdən tərəfdaşlıq təklifləri almışdır. Belə qənaətə gəlmək olar ki, budəfəki forumun Azərbaycan üçün ən mühüm nəticələri ölkənin beynəlxalq iqtisadi nüfuzunun artmasına və müxtəlif sahələrdə yeni tərəfdaşlıq imkanlarının meydana çıxmasına səbəb olacaq.

 

Azərbaycan.-2014.- 26 yanvar.- S.1.