Azərbaycan ilə UNESCO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalanıb

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfəri çərçivəsində yanvarın 24-də UNESCO-nun mənzil qərargahında təşkilatın baş direktoru İrina Bokova ilə görüşmüşdür.

XİN-in  mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-UNESCO əlaqələri və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Azərbaycanın UNESCO ilə əlaqələrə xüsusi önəm verdiyini deyən Elmar Məmmədyarov ötən il iyulun 18-də ölkəmiz ilə bu qurum arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinin münasibətlərin daha da gücləndirilməsində mühüm rol oynadığını vurğulamışdır.

İrina Bokova Azərbaycanın UNESCO-ya göstərdiyi diqqətə görə minnətdarlığını bildirmiş, ölkəmizin təşkilatın qlobal missiyasına dəstək verməsinin və onun işinə daha fəal cəlb edilməsinin təqdirəlayiq hal olduğunu diqqətə çatdırmışdır. O, UNESCO ilə əlaqələrin inkişaf etdirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolunu xüsusi vurğulamışdır.

Görüşdə Elmar Məmmədyarov və İrina Bokova Azərbaycan ilə UNESCO arasında Gənc Peşəkar Əməkdaş Proqramının təsis edilməsi haqqında saziş imzalamışlar.

Saziş Azərbaycanın gənc mütəxəssislərinin UNESCO Katibliyində çoxtərəfli mühitdə fəaliyyət göstərməsinə və beynəlxalq təcrübə toplamasına imkan yaradacaqdır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 26 yanvar.- S.5.