TANAP - Azərbaycan qazının Türkiyədən keçən yolu

 

TANAP - Trans Anadolu Qaz Boru Kəməri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə etdiyi böyük beynəlxalq layihədir. TANAP üzrə Hökumətlərarası Saziş 2012-ci ilin iyun ayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmışdır. Bir neçə ay sonra isə  Azərbaycanın dövlət başçısı həmin sazişi qanunla təsdiqləmişdir.

Ümumiyyətlə, indiyədək "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ilə bağlı Azərbaycan və Türkiyə bir sıra hökumətlərarası sənədlər imzalamışlar. Bunlar Azərbaycanın təbii qazının Türkiyəyə satışını, onun ərazisi ilə tranzitini, eləcə də Avropaya ötürülməsi üçün qardaş ölkədə müstəqil boru kəmərinin tikilməsini özündə ehtiva edir.

TANAP Azərbaycan qazının Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək önəmli bir layihədir. Bu layihənin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi Azərbaycanın çox mühüm nailiyyətlərindən biridir. Təsadüfi deyil ki, TANAP qısa müddət ərzində böyük dəstəyə malik oldu. Onu dünyanın aparıcı ölkələri birmənalı şəkildə dəstəklədilər, beynəlxalq qurumlar da eyni dərəcədə bəyəndilər. Prezident İlham Əliyev bu barədə demişdir: "Deyə bilərəm ki, tarixi hadisə baş vermişdir - biz TANAP layihəsinin təməlini qoymuşuq. Bu layihənin təşəbbüskarı Azərbaycan olmuşdur. Ən böyük maliyyə yükünübiz öz üzərimizə götürmüşük. Bununla bərabər, bütün riskləri, bütün texniki riskləri Azərbaycan öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən bütün layihələrin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin tikintisi və bərpası layihələrinin təşəbbüskarı olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihəsinin təşəbbüskarı olmuşuq. TANAP layihəsinin də təşəbbüskarı məhz Azərbaycandır. Bizim bu sahədəki liderliyimiz gözəl nəticələrə gətirib çıxarıb. Biz nəinki ölkəmizi inkişaf etdiririk, eyni zamanda, inkişafımız bölgəyə də müsbət təsir göstərir, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün bizə imkan yaradır. Təsadüfi deyildir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış sənədlərdə Azərbaycan bu sahədə çox önəmli və həlledici tərəfdaş kimi göstərilir".

TANAP-ın çəkilməsi üçün qərarın verilməsi o demək idi ki, Türkiyə Xəzər hövzəsi və Orta Asiya təbii qazının bu ölkənin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihələrini həm özünün, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından dəstəkləyir. Bu dəhliz enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılmasında mühüm əhəmiyyət daşıdığı üçün Azərbaycan üçün xüsusilə önəmlidir.

Bəs TANAP-ın quruluşu necə olacaq? Məlum olduğu kimi, bu kəmər "Cənub Qaz Dəhlizi"nin bir hissəsini təşkil edəcək. O, başlanğıcını Türkiyənin şərq sərhədində genişləndirilmiş Cənubi Qafqaz Boru Kəmərinin çıxış məntəqəsindən götürəcək. TANAP ölkənin 20-dən çox  iri bölgəsinin, o cümlədən Ərdahan, Qars, Ərzurum, Gümüşhanə, Ankara və Bursanın ərazisindən keçəcək. Təxminən 1900 kilometr məsafə qət edən TANAP Türkiyənin qərb sərhədində TAP-la (Trans Adriatik Qaz Boru Kəməri) birləşəcək.

"Şahdəniz-2"dən  hasil olunacaq qazın Türkiyədəki istehlakçılar üçün nəzərdə tutulmuş həcmi, yəni, ildə 6 milyard kubmetr mavi yanacaq 56 düymlük boru xətti vasitəsilə Əskişəhərə nəql ediləcək, eləcə də Trakyada yerləşən ikinci çatdırılma məntəqəsinə ötürüləcək. Əskişəhərdə boru kəmərinin diametri daralaraq 48 düym olacaq.

Avropa istehlakçılarına çatacaq ildə 10 milyard kubmetrdən çox qaz isə TAP-ın Yunanıstan sərhədindəki giriş məntəqəsinə birləşən 48 düymlük boru kəməri vasitəsilə nəql ediləcək.

TANAP-ı dərhal dəstəkləyənlərdən biri də "Şahdəniz" yatağının işlənməsi layihəsinin operatoru və Cənubi Qafqaz Boru Kəmərinin texniki operatoru BP şirkəti oldu. Şirkətin yaydığı mətbuat açıqlamalarının birində deyilir: " TANAP dünyada ən mühüm strateji kəmərlərdən biridir.  Onun şərq ucunda dünyanın ən iri qaz yataqları var - Azərbaycan və Yaxın Şərq, onun qərb ucunda isə dünyanın ən iri bazarlarından biri var - Avropa. TANAP bu ikisini birləşdirən mühüm bir layihədir və ona görə də BP və digər şirkətlər bu layihəni və onun operatoru olan ARDNŞ-nin planlarını dəstəkləyirlər".

Xatırladaq ki, TANAP layihəsinin operatoru ARDNŞ-dir. Layihədəki pay bölgüsünə aid ilkin variantda 80 faiz ARDNŞ-, qalan 20 faiz isə Türkiyənin BOTAŞ şirkətinə məxsus idi. Sonrakı mərhələlərdə BP şirkəti ARDNŞ-dən 12 faiz pay aldı.

Keçən il dekabrın 17-də Bakıda "Şahdəniz-2"nin yekun investisiya qərarı verilərkən Türkiyənin energetika təbii sərvətlər naziri Taner Yıldız TANAP-dakı paylarını 30 faizədək artırmaq niyyətində olduqlarını söylədi. Dekabrın sonunda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirdi ki, Azərbaycan Prezidentinin göstərişi ilə Türkiyə tərəfinin TANAP-dakı payı 10 faiz artırılıb 30 faizə çatıb.

Beləliklə, hazırda layihənin səhmdarları ARDNŞ (58 faiz), BOTAŞ (30 faiz) BP-dir (12 faiz).

Lakin ARDNŞ hələ əvvəllər, yəni, 80 faiz paya malik olduğu vaxt bəyan etmişdi ki, payın 51 faizini özündə saxlamağı planlaşdırır. Qalan 29 faizini BP, "Statoyl" "Total" şirkətlərinə təklif etmişdi. Göründüyü kimi, həmin 29 faizdən 12-sini BP, 10-unu isə BOTAŞ aldıqdan sonra ARDNŞ-nin sata biləcəyi 7 faiz payı qalır.

TANAP-ın səhmdarları 2014-cü ilin ikinci rübündə kəmərin təməlini qoymaq fikrindədirlər. Onun 2018-ci ildə istismara verilməsi gözlənilir. Layihənin dəyərinin 10-11 milyard ABŞ dolları təşkil edəcəyi nəzərdə tutulur.

Prezident İlham Əliyev TANAP-ın Azərbaycanın maraqlarına hərtərəfli xidmət edən bir layihə olduğuna inamını belə ifadə edir: "TANAP layihəsi regional çərçivədə artıq qəbul edilir. Çox şadam ki, biz indi tərəfdaş ölkələrlə bu layihənin icra edilməsi üçün konkret tədbirlər görürük... Bu layihənin icrası bizim uzunmüddətli inkişafımızı təmin edəcəkdir. Vaxtilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin layihəsi ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycanı irəliyə aparan layihə kimi təqdim edilmişdir. Bu gün biz bunun gözəl bəhrələrini görürük. TANAP layihəsi bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi bir vasitə olacaqdır. Bu layihənin icrası üçün güclü iradəmiz vardır. Bu, birinci növbədə, lazım olan məsələdir. Eyni zamanda, texniki imkanlarımız vardır. Əvvəlki layihələrin icrası nəticəsində əldə edilmiş maliyyə imkanlarımız vardır. Beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlığımız da artır bu, gözəl tarixə malikdir".

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2014.- 25 yanvar.- S.4.