Avrasiyanın gələcəyinə dəyərli elmi baxış

 

Bu gün bütün istiqamətlərdə olduğu kimi, ictimai-siyasihumanitar elmlər sahəsində də Azərbaycanın inkişafı mühüm nailiyyətlərlə müşayiət olunmaqdadır. Bu, hər şeydən əvvəl ölkəmizin sivilizasiyalararası dialoq məkanı kimi tanınmasında və bütün dünya ölkələri tərəfindən Azərbaycanın siyasi, mədəni, dini tolerantlıq nümunəsi kimi qəbul olunmasında öz təsdiqini tapır. Milli elmi-humanitar düşüncəmiz Azərbaycanı türk dünyasının, türk dünyasını isə planetar həyatın bir hissəsi və hərəkətverici qüvvəsi kimi görməyə, qavramağa imkan verən münasibətləri aktuallaşdırmağa səy göstərir. "Ümumbəşəri zəncir"də sivilizasiyalararası münasibətləri "türk halqası ilə" möhkəmləndirməyə çalışan bu yeni metodoloji kontekstin önə çıxarılması bu gün həm bizim üçün, həm də bütün dünya üçün olduqca vacibdir. Bu baxımdan, yenicə çapdan çıxmış "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanı sərgiləyən uğurlu bir nümunə hesab etmək olar.

Tanınmış alim, fəlsəfə doktoru Cavanşir Feyziyevin uzun illər ərzində apardığı elmi axtarışların nəticəsi olan bu tədqiqat əsərini Avrasiyanın gələcəyinə dəyərli elmi baxış kimi qiymətləndirmək olar. Hələ əsərin əlyazmasını oxuyarkən Cavanşir Feyziyevin çağdaş dövrümüzdə türk dünyasının qarşılaşdığı və gələcəkdə də üzləşə biləcəyi problemlər barədə düşüncələri, təklif etdiyi çıxış yolları və irəli sürdüyü model məni çox təsirləndirdi. Müəllifin mənsub olduğumuz müqəddəs bir dünyanın - türk dünyasının keçmişibugünü barədə dərin bilgiyə malik olmasından çox məmnunluq keçirdim.

Həqiqətən də son dərəcə sürətlə dəyişən, gözlənilən və gözlənilməz risklərlə dolu dünyada yaşayırıq. Qərbin siyasət dəhlizlərində formalaşdırılıb meydana buraxılan "qloballaşma", "inteqrasiya", "insan haqları", "demokratiya", "beynəlxalq hüquq normaları" barədə qulaqbatırıcı çağırışlar dünyanı ağzına alıb gedir. Kifayət qədər güclü hərbi-iqtisadi potensialı olmayan ölkələr bu çağırışların, daha doğrusu, supergüclərin xüsusi məqsədlərlə yeritdiyi siyasətin yedəyində getməyə məhkumdurlar. Dünyanı dəfələrlə bölüşdürmüş və yaşadığımız planetin, o cümlədən Şərqin sərvətlərini öz ölkələrinə toplamış böyük dövlətlər "qloballaşma" və "inteqrasiya" siyasətinin cilovunu öz əllərində saxlayırlar. "İnsan haqları", "demokratiya", "beynəlxalq hüquq normaları" barədə çağırışlar isə supergüclərin dünyanın müxtəlif bölgələrini öz təsir dairəsində saxlamaq üçün düşündükləri, həm də zahirən çox cəlbedici olan vasitələrdən başqa bir şey deyildir. Dünyanı bəzən ədalət, beynəlxalq hüquq normaları deyil, ədalətsizlik və güc idarə edir. Bəs qalan xalqlar, o cümlədən yenicə müstəqilliyə qovuşmuş türk dövlətləri üçün çıxış yolu nədədir?! Belə bir taleyüklü sualın tarixi dəlillərə söykənərək elmi əsaslarla cavablandırılması baxımından Cavanşir Feyziyevin böyük məmnuniyyətlə oxuduğum bu əsəri çox qiymətli bir tədqiqatdır. Müxtəlif elmi dərgilərdə və mətbuatımızda tez-tez çap olunan elmi-publisistik məqalələri ilə böyük maraq doğuran fəlsəfə doktoru Cavanşir Feyziyevin "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı əsəri də məhz belə araşdırmalardan biridir.

Türk dünyasının problemlərinə həsr olunmuş çoxsaylı əsərlərin əhəmiyyətini qeyd etməklə yanaşı, mən bu kitabın müstəsna dəyərini onda görürəm ki, burada Türk Dövlətləri Birliyi ideyası ilk dəfə olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülür. Hər bir suveren türk respublikası - Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və onların müasir inkişaf səviyyələri, eyni zamanda, digər dövlətlərin ərazisində buya digər statusda yaşayan türk toplumları haqqında tarixi əlaqəli şəkildə gərəkli informasiyalar verilir. Kifayət qədər geniş kontekstdə və çoxspektrli yanaşmada türk dünyasının birliyi bütövlükdə müasir beynəlxalq həyatın aktual problemi kimi qaldırılır.

Fikrimcə, müəllifin uğurla əsaslandıra bildiyi başlıca imperativ belədir: Avrasiya geopolitikasını tarixən yaradan türklər olmuşdur, bu gün onu yaşadan da türklərdir və gələcəkdə də türklər olmalıdır! Məhz bu kontekstdə müəllif Türk Dövlətləri Birliyi ideyasını bütün türk dünyası üçün böyük önəm daşıyan vahid strateji istiqamət kimi dəyərləndirir. Kitabda bu ideya türk dünyasının tarixi-siyasi inkişafının məntiqi nəticəsi kimi irəli sürülür. Doğrudan da, türk dünyası özünün əzəli vətənində - Avrasiyanın özəyində bənzərsiz bir sivilizasiyanın elə möhtəşəm tarixi təməlini yaradıb ki, bu təməl üzərində Türk Dövlətləri Birliyini yaratmaq uzun əsrlər kərpic-kərpic tikilən binanın son qatını tamamlamaq kimi labüddür.

Müəllifin analitik şərhləri türk dünyasının inkişafının dolğun tarixi mənzərəsini gözlərimiz önündə canlandırır. Cavanşir Feyziyevin araşdırması bir daha sübut edir ki, türklər həqiqətən də Avrasiya quruculuğunun memarıdırlar. Türk dövlətçiliyinin genezisini diqqətlə araşdıran tədqiqatçı göstərir ki, tarixdə bəlkə də ilk dəfə türklər Millət və Dövlətin identifikasiyasını yaradıblar. Tarix boyu hər bir türk eli, türk etnosu vahid bir toplum - dövlət halında birləşib, mədəni tərəqqiyə və siyasi-hərbi qələbələrə qovuşub. Bütün bu proseslərdə dövlət quruculuğunun başlıca şərti olan dövlətçilik şüuru formalaşıb. Türk sivilizasiyasının ən böyük qüdrəti isə geniş Avrasiya məkanında bir-biri ilə etnosiyasi varisliyi, genealoji bağlılığı olan türk dövlətlərinin getdikcə inkişaf edərək imperiyalara ("cahan dövlətlərinə") çevrilməsi prosesində üzə çıxır. Bu tarixi təkamülün əsas istiqamətlərini və dönüşyaradıcı məqamlarını həssaslıqla analiz edən Cavanşir Feyziyev göstərir ki, Avrasiyada türk etnocoğrafiyasının getdikcə genişlənməsi, türk xalqları və dillərinin diferensiasiyası həm də özünəqayıdışın labüd prosesləri ilə müşayiət olunmuşdur. Bu gün həmin diferensiasiya yenidən inteqrasiyaya dönmək zərurəti almışdır.

Müəllif türk sivilizasiyasının arxitektonikası üzərində incələmələrini davam etdirərək diqqəti belə bir mühüm cəhətə yönəldir ki, sistem bütövlüyünə malik olan türk sivilizasiyası özünün bütün komponentləri ilə orqanik bir harmoniyaya malikdir. Burada köklü ənənələri olan maddi və mənəvi mədəniyyət sanki tarix boyunca bir-birinə ideya ötürə-ötürə inkişaf edib. Türk varlığının təcəssümü olan, "Milli Vəsiyyətnamə" adlandırılan Orxon-Yenisey daş yazılı abidələri Göy Türk imperiyasının (552-745-ci illər) yenilməz dövlətçilik ruhunu, sarsılmaz milli yetkinliyini bütün əzəməti ilə əks etdirir. "Türk" adını tarixdə ilk dəfə dövlət adına yüksəldən Göy Türk imperiyası Avrasiyanın ən uzaq nöqtələrini birləşdirərək öz dövrünün qüdrətli dövlətləri olan Çin, Sasani, Bizans imperiyaları ilə diplomatik münasibətlər qurub. Belə bir davamlı prosesdə türk siyasi mədəniyyəti dövlət quruculuğu ənənələrini daha da inkişaf etdirərək, özünün türkçülük ideologiyası kimi fundamental dünyagörüşü sistemini ərsəyə gətirib. Monoqrafiyada bu ideologiya təməli üzərində təşəkkül tapan türkçülük hərəkatı, onun əsas nümayəndələrinin fəaliyyəti və yaradıcılığı ətraflı şəkildə nəzərdən keçirilir. Bu hərəkatın ictimai-fəlsəfi və ideya-siyasi cərəyanları araşdırılır, böyük türk birliyi uğrunda mübarizənin ideoloji əsasını təşkil edən türkçülük hərəkatının siyasi-humanistik mahiyyəti üzə çıxarılır.

Bəzi Qərb filosofları sivilizasiyaların toqquşmasından yazır və bunun labüdlüyünü sübut etməyə çalışırlar. Bu kitabda isə Cavanşir Feyziyev Qərb siyasi-kulturoloji dünyagörüşünün müasir dövrdə meydana gətirdiyi "toqquşdurucu" nəzəri paradiqmasına qarşı özünün əks-arqumentini irəli sürürçox dəqiq tarixi faktlarla fikirlərini sübuta yetirir. Müəllifin fikrincə, tamamilə fərqli genezisə və özünəməxsus arxetipik keyfiyyətlərə malik olan türk sivilizasiyası ilə islam sivilizasiyasının bir-birinə qaynayıb-qarışması buna ən yaxşı sübutdur. Türkislam orduları müəyyən tarixi situasiyalarda savaş meydanlarında üz-üzə gəlsə də, bu, türkislam sivilizasiyalarının toqquşmasına gətirib çıxarmamışdır. Əksinə, onlar tarixdə görünməmiş sintezləşmə prosesinə daxil olaraq bir-birini qidalandırmış, daha da inkişaf etdirmış və gücləndirmişlər. Nəticədə Şərqdə dünyanın ən əzəmətli türk hökmranlıqlarının əsası qoyulmuştürk-islam imperiyaları bütün orta əsrlərin tolerantlıq nümunəsini, sivilizasiyalararası münasibətlərin zəngin praktikasını yaratmışlar. Bu baxımdan tədqiqatçı, haqlı olaraq, gerçək türk tarixini təhrif edən yanlış mövqeləri alt-üst edərək göstərir ki, əslində türklərin siyasi-mədəni missiyası tarixən sivilizasiyaları ziddiyyətə gətirməkdən deyil, yaxınlaşdırmaqdan və harmonikləşdirməkdən ibarət olmuşdur. Məhz belə bir tarixi missiya ilə türklər Böyük İpək yolu diplomatiyasının əsasını qoymuşlar. Türk dövlətləri və imperiyaları Böyük İpək yolunun genişlənib böyüməsini təmin etmiş, uzun bir tarixi zaman müddətində ona nəzarəti öz əllərində saxlayaraq, Avrasiya ölkələrinin ticarət və əməkdaşlıq münasibətlərinə bir nizam gətirmişlər. "Tarixdən doğulan Gələcək" perspektivini düzgün müəyyən edən müəllif günümüzün həqiqətini belə ifadə edir: "Müasir beynəlxalq həyatda Böyük İpək yolunun yenidən aktuallaşması dünya inkişafının tarixi qanunauyğunluğudur: bu o deməkdir ki, yenidən Böyük Siyasətə qayıdan türk dünyasının çağdaş Avrasiyanın siyasi, iqtisadi, mədəni həyatında rolu aktuallaşır. Böyük İpək yolunun tarixi qoruyucuları olan türklər bu gün onun qurucuları missiyasında çıxış edirlər".

Avrasiya geopolitikasının tarixi inkişafında türk dövlətlərinin rolu həlledici əhəmiyyət daşıdığından tədqiqatçı bu problemi daha geniş kontekstdə araşdırır. Bu xüsusda elmi-nəzəri ədəbiyyatın və siyasətçilərin təqdim etdiyi polemikaya fəal şəkildə qoşulur. Öz mövqeyini inandırıcı dəlillərlə sübuta yetirir. Müəllifin analitik-tənqidi şərhində Rusiya tərəfindən gündəmə gətirilən neoavrasiyaçılığın birtərəfli mahiyyəti, eyni zamanda Qərbin Avrasiya siyasətindəki imperialist mövqeyinin kökləri açılır. Bu gün qlobal siyasətdə Avrasiyanın inkişaf perspektivinə münasibətin dəyişməsi zərurəti, Asiya - Avropa münasibətlərinin inkişafına Türk Dövlətləri Birliyinin verə biləcəyi geopolitikgeostrateji imkanların kifayət qədər etibarlı və təminatlı olması fikri əsaslandırılır. Avrasiyanın "Türk konsensusuna" bu regionun geopolitik təhlükəsizliyinin başlıca şərti kimi önəm verilir.

Türk Dövlətləri Birliyi ideyasının beynəlxalq aləm üçün hansı əhəmiyyət kəsb etməsinə diqqəti yönəldən müəllif bir sıra maraqlı nəticələrə gəlib çıxır. Müəllifin qənaətinə görə, müasir dövrümüzdə dünya dövlətlərinin ümummilli, regional, linqvistik, dini, sivilizasion əsaslarda daxili inteqrasiyaya girməsi və bu inteqrasiyanın uzunmüddətli perspektivdə onların siyasiiqtisadi maraqları ilə uzlaşması birlik yaratmanın çox ciddi təminatına çevrilir. Türk Dövlətləri Birliyitürk dövlətlərinin daxili inteqrasiyasının labüd proseslərində və bu proseslərin qlobal inteqrasiya "orbitinə" daxil olması şəraitində beynəlxalq siyasətin zərurətinə çevrilir və beynəlxalq hüququn qanunları ilə yaradılmaq imkanına malikdir. Bu imkan suverenliyin milli maraqları ilə dövlətlərarası münasibətlərin universal hüquqi prinsiplərini uzlaşdıran müttəfiqləşmə siyasətinin nəticəsi olaraq həyata keçirilə bilər.

Müəllif belə bir reallıqdan çıxış edir ki, əgər XX əsrdə Avrasiyanın qərbində Avropa Birliyinin təşəkkülü buradakı daxili inteqrasiyanı başa çatdırmışdısa və bu birlik beynəlxalq həyatda çox mütərəqqi dönüşlərə səbəb olmuşdusa, XXI əsrdə ondan da böyük zərurətlə Avrasiyanın türk geopolitik regionunda Türk Dövlətləri Birliyinin yaradılması mümkündür. Bu birlik xüsusi olaraq Asiyanın taleyi ilə bağlı beynəlxalq siyasi sistemdə güclü transformativ prosesləri stimullaşdıra bilər. Avropa BirliyiTürk Dövlətləri Birliyi - Avrasiyanın siyasi-sivilizasion bütövləşməsi tarixinin fenomenal hadisəsi kimi sözün əsl mənasında Asiya və Avropanı kontinental qütbləşmədən gerçək inteqrasiyaya və əməkdaşlığa yönəldən həlledici transformasiyanın başlanğıcı olardı. Belə bir situasiyada Avrasiyada hansısa bir hegemonun dominantlıq etməsi, hansısa bir dövlətin mütləq üstünlüyü praktiki olaraq mümkün olmazdı. Türk geopolitik regionunda Avropa Birliyinə alternativ olan, lakin onunla ziddiyyətə gəlməyən Türk Dövlətləri Birliyinin reallaşması bütövlükdə Avrasiya quruculuğu layihəsini vahid qlobal siyasi məkan çərçivəsində başa çatdıra bilərdi.

Cavanşir Feyziyev həmin ideyanın konseptual əsası, mötəbər qaynağı kimi öz xalqlarının milli iradəsini həyata keçirən müstəqil türk dövlətlərinin siyasi liderlərinin mövqelərinə, həmin dövlətlərin səyi ilə son iyirmi ildə qəbul edilmiş birgə bəyannamələrə, çoxsaylı dövlətlərarası sənədlərə istinad edir. Təsadüfi deyil ki, müəllif özünün kitabına türk dünyasının tanınmış simalarının - Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, İlham Əliyevin, Abdullah Gülün, Nursultan NazarbayevinAlmazbek Atambayevin türk birliyi haqqında fikirlərini epiqraf seçib.

Müəllif türk dünyasının daxili əlaqələrinin dərinləşməsinə, türk dünyasının özünün siyasi-coğrafi məkan olaraq beynəlxalq sistemdə zəruri konfiqurasiya almasına kömək edən tendensiyaları araşdırır və haqlı olaraq Azərbaycanla Türkiyə arasındakı çoxəsrlik tarixi əlaqələri və bugünkü müttəfiqliyi "türk dünyasını inkişaf etdirən münasibətlərin cazibə mərkəzi" kimi mənalandırır.

Cavanşir Feyziyev Türk Dövlətləri Birliyinin yaradılması prosesini uğurla başa çatdıracaq başlıca fəaliyyət istiqamətlərini həm ümumi kontekstdə, həm də analitik tərzdə təhlil edərək suveren türk respublikalarının vahid humanitar siyasətinin həyata keçirilməsi zərurəti üzərində dayanır. Doğrudan da ideologiya, mədəniyyət, elm, təhsil, ədəbiyyat, incəsənət, mətbuat sferasında müasir zaman üçün ortaq dəyəryaratma praktikasının genişlənməsi və dərinləşməsi türk dünyasında humanitar münasibətlərin inkişafının önəmli şərtlərindəndir.

Kitabın son bölümü "Türk Dövlətləri Birliyinin strategiyası" problemi ilə bağlıdır. Tədqiqatçı müstəqil türk dövlətlərinin milli strategiyalarının üzvi vəhdətindən təşəkkül tapa biləcək ümumi strategiyanın əsas prinsiplərini müəyyən edir. Milli, ümumtürkdünya parametrləri üzrə quruluş alan geostrateji platformanın əhəmiyyətini üzə çıxarır. Bu əsərdə Cavanşir Feyziyev müasir dünyada baş verən proseslərin aparıcı tendensiyalarını, zəruri dəyişmələri motivləşdirən amilləri analiz edərək beynəlxalq münasibətlərin inkişafında Türk Dövlətləri Birliyinin rolunun nədən ibarət olacağını göstərir. Müasir qlobal siyasi proseslərin gedişini, dünya inkişafının dialektikasını,  Ən Yeni Tarixdə yönəldici və hərəkətverici siyasi qüvvələrin optimal konfiqurasiyasını və dövrümüzün çağırışlarına müvafiq olaraq türk dünyasının "Türk Dövlətləri Birliyi" ilə özünütəsdiq zərurətini nəzərə alsaq, müəllifin bu paradiqma ideyasındakı "rasional toxumu" belə dəyərləndirmək olar: XXI əsr - Təklərin deyil, Müttəfiqlərin əsri olacaq!

Müəllif elmi axtarışlar apararkən müxtəlif dillərdə olan çoxsaylı ilk mənbələrdən və elmi ədəbiyyatdan zəngin faktik materialları nəzərdən keçirmiş, saf-çürük etmiş, dərin analitik təhlillər aparmış və gələcəyə istiqamətlənmiş elmi nəticələr çıxarmışdır. Fikrimcə, müəllifin müxtəlif Qərb dillərində olan elmi ədəbiyyatı elmi-tədqiqat dövriyyəsinə daxil etməsi onun çox böyük uğurudur. Böyük məmnunluqla oxuduğum və "Ön söz" yazdığım "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" monoqrafiyasını mən elmimizin mühüm uğuru hesab edirəm. Yeri gəlmişkən, kitabın elmi redaktoru müasir milli fəlsəfə elmimizdə öz dəst-xətti ilə seçilən görkəmli filosof professor Fərman İsmayılovdur.

Sonda qeyd edim ki, bu əsəri oxumaqla türk dünyasının tarixini - dünənini, bugününü və sabahını yaşamaq, Böyük Türk Ruhunun əzəmətini duymaq mümkündür. Bu qiymətli əsərin qardaş türk xalqlarının dillərində də nəşr edilməsi, düşünürəm ki, ümumtürk oxucuları üçün dəyərli töhfə olardı.

 

 

 

Yaqub MAHMUDOV,

əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı

Azərbaycan.-2014.- 25 yanvar.- S.6.