Sənayenin inkişafı yeni mərhələyə qədəm qoyur

 

 

2014-cü il "Sənaye ili"dir

 

Bu gün Azərbaycanda iqtisadiyyatın inkişaf etməkdə olan əsas sahələrindən biri sənayedir. Müxtəlif sənaye məhsulları istehsalını özündə birləşdirən bu vacib sahə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində hələ ötən əsrin 70-80-ci illərindən inkişaf yoluna çıxarılmışdı. Məhz o illərdən başlayaraq ölkəmizdə sənayeləşmə prosesi vüsət almış, yüzlərlə müəssisə inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdı.

Müstəqilliyimizin bərpasının ilk illərində baş verən proseslər iqtisadiyyatın bütün sahələri kimi, ölkəmizdə sənayenin də tənəzzülünə səbəb olmuş, vaxtilə yaradılmış potensial məhv olmuşdu. Məhz Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra sənayedəki tənəzzülü dayandırmaq, aradan qaldırmaq və makroiqtisadi proseslərə təsir edə bilən tədbirlərin həyata keçirilməsinə başlanıldı. Əsas diqqət bazar münasibətlərinə söykənən təsərrüfatçılıq sisteminin yaradılmasına, sənaye müəssisələrinin özəlləşdirilməsinə yönəldildi və nəticədə sənayenin bir çox sahələrində irəliləyişlər müşahidə olundu. Xüsusən neft sənayesinin inkişafı qeyri-neft sahələrinin və sənayenin ayrı-ayrı istiqamətlərinin yüksəlişinə təkan verdi. Sabitliyin bərqərar olunması, normativ-hüquqi bazanın formalaşdırılması, əlverişli biznes mühitinin yaradılması, iqtisadi islahatlar həm də Azərbaycana xarici kapitalın axınını sürətləndirdi. Bunun da nəticəsində sənayedəki tənəzzül tədricən aradan qalxmağa başladı. Kimya, metallurgiya, elektroenergetika, meşə, yüngül, yeyinti və digər emal sənaye sahələrində artım müşahidə olundu.

Ulu öndərin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsi və dövrün çağırışlarına uyğun zənginləşdirilməsi ölkə iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsinə yol açmışdır. Nəticədə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurmuşbu gün ölkədə dayanıqlı, sabit iqtisadi sistem formalaşmışdır. Təsadüfi deyil ki, Azərbaycan dünya iqtisadiyyatını sarsıtmış böhranlı vəziyyətdən minimum itkilərlə çıxa bilmişdir.

Ölkə iqtisadiyyatında baş verən köklü dəyişikliklər sənayedən də yan ötməmişdir. Yeni neft strategiyasının uğurla həyata keçirilməsi, sənaye sahələrinin, xüsusilə qeyri-neft sənayesinin şaxələndirilməsi, yeni müəssisələrin yaradılması bu sahənin inkişafını şərtləndirmişdir. Ölkə iqtisadiyyatının neft sənayesindən asılılığının azaldılması və dayanıqlı inkişafının təmin edilməsi üçün aparılan dövlət siyasəti, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası ilə bağlı görülən işlər və bu sahədə aparılan digər tədbirlər ölkədə neft sektoru ilə yanaşı, qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin daha da inkişafına zəmin yaratmışdır. Beləliklə, ötən 10 ildə yeni məhsul növlərinin istehsalı, innovasiya xarakterli texnologiyaların tətbiqi baş vermiş, yeni müəssisələr yaradılmış, mövcud müəssisələrin istehsal potensialı artırılmışdır.

Ötən illərin statistik yekunlarına diqqət yetirdikdə sənaye istehsalının həcminə görə ilbəil xeyli artdığını görürük. Azərbaycanda 2003-cü ildə 4982 milyon manatlıq sənaye məhsulu istehsal olunub. Sənaye məhsulunun həcmi 2005-ci ildə 9309, 2006-cı ildə 15544, 2007-ci ildə 22496, 2008-ci ildə 29773, 2009-cu ildə 22564, 2010-cu ildə 27978 milyon manat təşkil edib. 2012-ci ildə bu rəqəm 34565 milyon manat təşkil edib.

Ümumiyyətlə, ölkəmizdə sənaye məhsulunun artımı daha çox mədən sənayesinin payına düşsə də, Azərbaycan hakimiyyətinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq emal sənayesinin ümumi istehsalda payı getdikcə yüksəlir. Son illərdə qida məhsullarının, neft-kimya məhsullarının, sementin, metal məmulatların, məişət cihazlarının, avtomobillərin istehsalı davamlı olaraq artmaqdadır. Təbii ki, emal sənayesinin artımında yeni yaranan müəssisələrin böyuk rolu var. Yeni sənaye müəssisələrinin işə düşməsi ilə yanaşı, təqdirəlayiq haldır ki, sənayenin artımı həm də mövcud müəssisələrdə istehsalat prosesinin genişlənməsi və məhsul istehsalının çoxalması sayəsində baş verib.

Fərəhlə qeyd etməliyik ki, Azərbaycanda kosmos və hərbi sənaye yaradılıb. Ötən il ilk peykini fəzaya qaldıran Azərbaycan kosmik klubun üzvüdür. Hazırda ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində mühüm işlər görülür və yaxın gələcəkdə daha böyük uğurların qazanılacağı şübhəsizdir. Kosmik sənayenin inkişafı Prezident İlham Əliyevin müasir, güclü və ən yeni texnologiyalara sahib olan Azərbaycan konsepsiyasının reallaşmasının tərkib hissəsidir.

Son illərin ən böyük uğurlarından biri isə hərbi sənayenin inkişafıdır. Bu gün ölkəmiz nəinki özünün daxili imkanları hesabına Silahlı Qüvvələrin maddi-texniki təchizatının mühüm bir hissəsini həyata keçirir, həmçinin hərbi sənaye məhsullarını xaricə ixrac edir. Artıq Azərbaycanda istehsal olunan müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 900-ü ötüb.

Yanvarın 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev sənaye istehsalının artırılmasının vacibliyinə toxunmuş, bu istiqamətdə konkret istiqamətləri göstərmişdir. "Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət verilməlidir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir" - deyən Prezident İlham Əliyev 2014-cü ili Azərbaycanda "Sənaye ili" elan edib.

Prezident İlham Əliyevin "2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsi haqqında" 10 yanvar tarixli sərəncamında ölkədə sənayenin inkişafına nəzər salınır və qeyd olunur ki, son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsulları istehsalının həcmi 2,7 dəfə artmışdır. Sərəncamda deyilir ki, hazırkı mərhələdə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, o cümlədən mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması zəruridir.

Sərəncama əsasən, "Sənaye ili" elan edilməsinə dair tədbirlər planı və "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" hazırlanacaq. Bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərin reallaşması Azərbaycan sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı olacaq, rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılmasına, sənayenin infrastruktur təminatının yaxşılaşdırılmasına böyük töhfələr verəcək.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2014.- 28 yanvar.- S.1.