Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir

 

Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında akademiyanın A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir.

Əvvəlcə dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə institutun direktoru, Milli Məclisin deputatı, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov açaraq Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 22 noyabr tarixli sərəncamını xatırlatmış, görkəmli ictimai-siyasi xadimin həyatı, ədəbi, siyasi fəaliyyəti haqqında söhbət açmışdır. Bu sərəncamın xüsusi əhəmiyyətini vurğulayan və dövlət başçısının tariximizin öyrənilməsinə  ayırdığı diqqət və qayğını yüksək qiymətləndirən natiq qeyd etmişdir ki, Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, böyük mütəfəkkiri, siyasətçi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) (1918-1920) banilərindən biri olmuşdur.

Y.Mahmudov AXC-nin tarixinə nəzər salmış, M.Ə.Rəsulzadənin xalqımız qarşısındakı xidmətlərindən danışmışdır. Nəzərə çatdırılmışdır ki, çoxəsrlik dövlətçilik tariximizdə AXC-nin müstəsna yerirolu vardır. M.Ə.Rəsulzadə başda olmaqla Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Məmməd Yusif Cəfərov, Xəlil bəy Xasməmmədov kimi bizim o zamankı milli mücahidlərimiz Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini yazmışlar. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mühüm tədbirlər həyata keçirilmişdir. Milli istiqlalçılarımızın səyləri nəticəsində yeni dövlətçilik ənənələrimiz dirçəlməyə başlamış, türk islam dünyasında ilk demokratik parlament formalaşmış, insanların demokratik hüquq və azadlıqları bərqərar olunmuş, Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər seçki hüququ verilmişdir. 1918-ci il mayın 28-də Tbilisidə - keçmiş Qafqaz canişininin iqamətgahında Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının iclası keçirilmişuzun müzakirədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlaliyyət Bəyannaməsi qəbul edilmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixində M.Ə.Rəsulzadənin xüsusi xidmətləri olmuş, görkəmli ictimai-siyasi  xadim ömrünün sonunadək öz məsləkinə, məqsədinə, ideologiyasına sadiq qalaraq ədəbi, siyasi-publisistik fəaliyyətini İran, Türkiyə, Almaniya və Avropanın digər ölkələrində davam etdirmişdir.

Y.Mahmudov M.Ə.Rəsulzadəni dövlətçilik ənənələrinə sadiq ideoloq, məfkurəçi, ictimai-siyasi xadim, publisist kimi xarakterizə etmiş, onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" şüarını xatırlatmışdır.

Diqqətə çatdırılmışdır ki, ümummilli liderimiz Heydər Əliyevin tapşırığına əsasən ikicildlik "Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası" hazırlanmış və onun təkmilləşdirilməsi istiqamətində mühüm işlər gedir. Yaxın vaxtlarda ensiklopediya yeni kütləvi tirajla çap olunacaqdır.

Qeyd edilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin daha dərindən öyrənilməsi üçün AMEA-nın Tarix İnstitutunda şöbə yaradılmış, bu istiqamətdə Dehli, Paris, Moskva, Sankt-Peterburq, London, İstanbulAnkaradan çoxlu sənədlər gətirilmişdir.

Sessiyada Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyəti ilə bağlı "XX əsrin əvvəllərində M.Ə.Rəsulzadənin siyasi baxışlarının formalaşması", "M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi", "M.Ə.Rəsulzadənin parlament fəaliyyəti" və s. mövzularda məruzələr dinlənilmişdir.

 

Azərbaycan.-2014.- 28 yanvar.- S.5.