İqtisadiyyatın şaxələndirilməsi daha sürətli inkişaf üçün zəmin yaradır

 

Keçən il Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun iştirakçısı, Rusiyada çıxan "Nevskoye vremya" qəzetinin baş redaktoru Andrey Petrov vətəninə qayıtdıqdan sonra ölkəmiz haqqında təəssüratını rəhbərlik etdiyi mətbu orqanın oxucuları ilə bölüşərək yazmışdır: "Azərbaycanda heyrətamiz dəyişikliklər baş vermişdir. Biz dinamik inkişaf edən iqtisadiyyat, cəmiyyətin bütün təbəqələrini əhatə edən rifah və xidmətlər, elmin və mədəniyyətin inkişafına yatırılan sanballı investisiyalar, nəzərəçarpan dünyəvilik gördük. Əgər bir ölkə "Piano Beltman" kimi dünya şöhrətli markanı yığıb istehsal edirsə, modern incəsənət muzeyi yaradırsa, nanotexnologiyaların  inkişafına sərmayə yatırırsa, turizm infrastrukturunu intensiv inkişaf etdirirsə, deməli, bu ölkə  gələcəyə baxır".

Təbii ki, bu tərəqqi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji kursun ölkə rəhbəri İlham Əliyevin başçılığı ilə uğurla həyata keçirilməsi ilə bağlıdır. Bütün sahələri əhatə edən dövlət proqramlarının reallaşması deyilənlərə zəmin yaradıb. Azərbaycan iqtisadiyyatı getdikcə şaxələnir. Nəticədə iqtisadiyyatın neft amilindən asılılığı azalır. Bununla belə, karbohidrogen ehtiyatlarının ixracı, emalı ölkə iqtisadiyyatında çox mühüm yer tutmaqda və maliyyə resurslarımızı artırmaqdadır. Uğurlu neft siyasəti nəticəsində bu gün Azərbaycan maliyyə imkanlarını genişləndirir və dünya iqtisadiyyatında mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyev ölkədə aparılan siyasətin mahiyyəti və nəticələri barədə demişdir: "Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillik dayanır. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq, Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyil. Bu barədə daha danışmağa dəyməz. Çünki bu, aksiomdur. Təsəvvür edin, əgər iqtisadi müstəqilliyimiz olmasaydı, bizə hansı qərarları qəbul etdirərdilər. İqtisadi müstəqillik, güclü ordu potensialı, cəsarətli, birmənalı siyasət, milli maraqlarımızın qorunması - bu amillər bizi problemlərdən qoruya bildi".

Enerji təhlükəsizliyi hər bir ölkənin sosial-iqtisadi inkişafında həlledici amillərdəndir. Buna görə də bütün ölkələr öz enerji təhlükəsizliyinin maksimum təmin olunmasına çalışır. Təbii mənbələrə malik olmayan dövlətlər isə özlərinə bu sahədə etibarlı tərəfdaş axtarırlar. Bu əlaqələr qurulduqca, iqtisadi əməkdaşlıq qarşılıqlı mənafelər əsasında inkişaf etdikcə strateji tərəfdaşlıq yaranır. Əlaqələr genişləndikcə təchizatçı və tranzit ölkənin nüfuzuiqtisadi qüdrəti də artır. Azərbaycan belə ölkələrdəndir. Neft-qaz sektoruna aid uğurla reallaşan müxtəlif beynəlxalq səviyyəli layihələr ölkə iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlığa zəmin yaradıb. Dövlət başçısı yürüdülən siyasətin müsbət nəticələrini qeyd edərək demişdir: "Bizim siyasətimiz, addımlarımız, xoş niyyətimiz və xarici siyasətimizin əməkdaşlıq üzərində qurulması bizə dostlar düşərgəsi qazandıra bilmişdir. Təsadüfi deyildir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına 155 ölkənin dəstəyi ilə üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir, müstəqil Azərbaycanın böyük uğurudur". 

İxrac olunan karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqla yanaşı, ölkədə qeyri-neft sahəsinin də inkişafında mühüm rol oynayır. Həmin sektorun güclü ixrac potensialı real iqtisadiyyatın  bütün sahələrinə aid zəruri layihələrin reallaşmasını şərtlərindəndir. Bu da iqtisadiyyatın getdikcə şaxələndirilməsinə, digər sahələrin də ixrac potensialının daim güclənməsinə zəmin yaradır. Hər bir sahədə layihələr müvafiq dövlət proqramları vasitəsilə həyata keçirilir. İcra mexanizmi olduqca dəqiq və elmi-praktik baxımdan əsaslandırıldığına görə nəticələr çox uğurludurbu proses getdikcə dərinləşir. Yerlərdə potensial hərtərəfli öyrənilir, müvafiq layihələr icra olunur və beynəlxalq standartlara uyğun məhsul istehsal edilir.

Dünya bazarında gedən proseslərin inkişaf meyilləri, onların mahiyyəti, ölkənin iqtisadi potensialı, sənaye sahələrində bazarların məhsul və keyfiyyət təklifi daim nəzərə alınır. Bu qarşı tərəfin də marağındadır. Çünki dövlətlərarası ticari əlaqələrin çoxşaxəliliyi həmin ölkələrin də sosial-iqtisadi inkişafına təsir edən mühüm amillərdəndir.

Azərbaycan hazırda dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Son 10 il ərzində ölkə ÜDM-in adambaşına düşən həcmində 3, qeyri-neft sektorunda isə 2,7 dəfə artıma nail olunmuşdur. Bu sahədə göstərici 2003-cü ildə  889 ABŞ dolları civarında idisə, 2012-ci ildə   8,4 dəfə artaraq 7491 ABŞ dollarına çatmışdır. Ölkə  iqtisadiyyatının neft sektorundan asılılığının minimum həddə endirilməsi istiqamətində aparılan siyasət nəticəsində real sektor güclü inkişaf etmiş və qeyri-neft sektorunun məhsulları 4,5 dəfə artmışdır.

Müasir Azərbaycan iqtisadiyyatı bazar prinsipləri əsasında qurulub. Bu ictimai-iqtisadi formasiyada dünya iqtisadiyyatına inteqrasiya zəruri fəaliyyət sahəsidir və həmin yönümdə proses yüksələn xətlə inkişaf edir. Belə ki, xarici ticarətin liberallaşdırılması istiqamətində dövlətin gördüyü səmərəli tədbirlər kompleksi bu sahədə də davamlı nailiyyətlər qazanmasına səbəb olub. Son 10 ildə xarici ticarət dövriyyəsi 8,8, o cümlədən idxal 5,6, ixrac isə 11 dəfə artmışdır. Göründüyü kimi, ixrac idxalı 2 dəfəyə qədər üstələyir, bu isə sürətli inkişaf və məhsulların dünya bazarında rəqabətədavamlılığının göstəricisidir.

Son 10 ildə iqtisadiyyatın inkişaf etdirilməsinə diqqət bir an da olsun zəifləməyib, müxtəlif sosialinfrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat (131,9 milyard ABŞ dolları) həcmində investisiya yönəldilib. Əsas məqam ondadır ki, bu istiqamətdə də yerli sərmayə qoyuluşu daim artır. Belə ki, hazırda göstərilən məbləğin 50,6 faizi daxili mənbələrin  payına düşür. Bu dövrdə istifadə olunan investisiyaların 40,7 milyard manatı neft-qaz sektorunun, 69,1 milyard manatı (63 faizi) isə qeyri-neft sahələrinin və maliyyə bazarının inkişafına yönəldilib. Əgər 2003-cü ilin rəqəmlərinə diqqət etsək görərik ki, 10 ildə ölkəmizdə ümumi investisiya qoyuluşu çox sürətlə - 5,1 dəfə, o cümlədən qeyri-neft sektoruna yönəldilmiş investisiyalar 14 dəfə artmış, 2012-ci ildə isə rekord həddə - 25,8 milyard ABŞ dollarına çatmışdır. Bu göstərici həm MDB məkanında, həm də digər ölkələrlə müqayisədə ən yüksək göstəricidir. Qəbul edilmiş regionların inkişafı dövlət proqramları və digər müvafiq sahələrə dair proqram və sənədlər real iqtsadiyyatda çoxşaxəli inkişafı davamlı etmişdir.

Sosial-siyasi sabitlikdə, hərtərəfli inkişafda ən mühüm amillərdən biri ərzaq təhlükəsizliyinə nail olmaqdır. Azərbaycan ən mühüm strateji məhsulları özü istehsal edərək ərzaq təhlükəsizliyini təmin etmişdir. Hazırda ərzaq təhlükəsizliyini daha da möhkəmləndirmək və güclü ixrac potensialına malik olmaq üçün bitkiçilik və heyvandarlıq davamlı inkişaf etdirilir, ərzaq  məhsulları ilə özünü təminetmə səviyyəsi daim yüksəlir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilmiş güzəştli kreditlər bu sahədə ilbəil dinamik inkişafın artımına zəmin yaradan amildir. Görülən bu tədbirlərin nəticəsində son 10 ildə kənd təsərrüfatı məhsulları istehsalı 1,5 dəfə artmışdır. Sərmayə qoyuluşu da ilbəil çoxalır.

Beləliklə, Azərbaycan çoxşaxəli iqtisadiyyata malik ölkələrdəndir. Neft-qaz sektoruna aid transmilli layihələr ölkənin real iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, olduqca geniş regional əməkdaşlıq üçün də möhkəm zəmin yaradıb. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin müvəffəqiyyətlə istismara verilməsi ilə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı mühüm rol Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) qaz kəmərləri layihələrinin tikintisində də əsas tərəfdaş olmasınada imkan yaratmışdır.

Dünyada qlobal iqtisadi və maliyyə böhranının fəsadları davam edir. Lakin bu, Azərbaycanda davamlı inkişafa mane ola bilməmişdir. Dövlət başçısı uğurların düşünülmüş siyasət və xalqımızın  istedadı və zəhməti nəticəsində qazanıldığını bildirərək demişdir: "Biz hər şeyi düşünülmüş şəkildə edirik, iqtisadi siyasətimizi elə aparırıq ki, bu siyasət dayanıqlı inkişafa xidmət göstərsin. İldən-ilə artan valyuta ehtiyatlarımız, açılan yeni yerləri, sosial müdafiə məsələlərinin həlli bizim müstəqilliyimizin nə qədər güclü olmasını göstərir".

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 29 yanvar.- S.4.