Azərbaycan ilə Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq

 imkanlarının daha da genişləndirilməsi yolları müzakirə edilmişdir

 

Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr üzrə dövlət katibi, Azərbaycan Respublikası hökuməti və Macarıstan Respublikası hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto ilə görüşmüşdür.

Energetika Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanmış, qədim tarixə və mədəniyyətə malik iki dost ölkənin əməkdaşlıq üçün daha böyük perspektivlərə malik olduğu xatırladılmışdır.

Tərəflər Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi yollarını müzakirə etmişlər.

Energetika naziri N.Əliyev bildirmişdir ki, enerji sahəsində əməkdaşlıq Azərbaycan-Macarıstan münasibətlərinə yeni təkan verəcəkdir. Hər iki ölkənin enerji şirkətləri arasında sıx əməkdaşlıqdan məmnunluğunu vurğulayan N.Əliyev bunun ümumi Macarıstan-Azərbaycan əlaqələrinin inkişafına müsbət təsir göstərməkdə olduğunu qeyd etmişdir. Bildirmişdir ki, eyni zamanda, Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində, xüsusilə "Cənub qaz dəhlizi" ilə bağlı uğurlu əməkdaşlıq edir. Yaxın illərdə Macarıstan ilə Azərbaycan arasında xüsusilə qaz sahəsində əməkdaşlığın yeni formalarının yaranacağına ümidlər böyükdür.

Diqqətə çatdırılmışdır ki, zəngin təbii ehtiyatlara malik olan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, eyni zamanda, region ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq uğurludur. Azərbaycan nefti artıq bir neçə ildir ki, Avropa bazarlarına çıxarılır və qazla bağlı təşəbbüslərin də eyni səviyyədə uğur gətirəcəyinə əminik.

Respublikamızın sürətli iqtisadi inkişafının şahidi olduğunu bildirən P.Siyarto Macarıstanın bütün beynəlxalq tədbirlərdə daim Azərbaycanın yanında olduğunu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan etmişdir.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.3.