Redaksiyada görüş

 

Dünən Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri İrfan Siddiq redaksiyamızın qonağı olmuşdur.

Görüşdə qarşılıqlı əlaqələrin hazırkı səviyyəsi, ikitərəfli əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. Baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov diplomatın xahişi ilə ölkəmizdə mətbuat və söz azadlığının indiki vəziyyəti barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, ölkə Konstitusiyası əsas insan hüquq və azadlıqlarına zəmanət verir. Qanunvericiliyin müddəaları real həyatda da tətbiq edilir. Bu gün ölkədə mətbuat və söz azadlığı tamamilə təmin edilmişdir. Hələ 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə mətbuatda senzura nəzarəti ləğv edilmişdir. 10 ildən çoxdur ki, Mətbuat Şurası fəaliyyət göstərir. Bu təşkilatın idarə heyətində  həm iqtidaryönlü, həm müxalif medianın, həm də müstəqil KİV-lərin nümayəndələri təmsil olunurlar. Eyni zamanda dövlət başçısı yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondu fəaliyyət göstərir. Ölkə əhalisinin 75 faizi internet istifadəçisidir. Başqa sözlə, hər bir jurnalistin, hər bir vətəndaşın öz fikrini sərbəst ifadə etməsi üçün lazımi şərait yaradılmışdır.

Baş redaktor vurğulamışdır ki, bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının ölkəmizdə insan hüquqlarının, o cümlədən söz azadlığının pozulması barədə iddiaları qeyri-obyektiv xarakter daşıyır və reallığı əks etdirmir. Həmin təşkilatlar hesabatlarını hazırlayarkən bir dəfə də olsun Mətbuat Şurasının nümayəndələri ilə görüşüb fikir mübadiləsi aparmırlar. Ona görə də onların mövqeyini ciddi qəbul etmək lazım gəlmir.

Söhbət zamanı Azərbaycanla Birləşmiş Krallıq arasında müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığın inkişafından məmnunluq ifadə edilmiş, xüsusilə energetika sahəsində tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Görüş iştirakçıları bu əməkdaşlığın hələ uzun illər davam edəcəyinə ümidvar olduqlarını bildirmişlər. 

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.3.