Gənclər və idman naziri Sabirabadda vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Yanvarın 28-də gənclər və idman naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir.

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında keçirilən qəbulda 40-a yaxın vətəndaşın müraciəti dinlənilmişdir.

Müraciətlərin təqribən yarısı Olimpiya idman komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər məsələlərlə bağlı olmuşdur.

On beşdən artıq müraciət Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin, sahibkarlara güzəştli kreditlərin verilməsi,  gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması məsələlərini əhatə etmişdir. Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olmuşdur.

Bəzi müraciətlər yerindəcə həllini tapmış, araşdırılması tələb edilən məsələlər isə nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.3.