Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Yanvarın 28-də Bakıda Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın ərzaq sənayesi naziri Giyom Qaro ilə görüşmüşdür.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə  kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunmuşdur.

Nazir Heydər Əsədov Fransanın Avropanın keyfiyyətli ərzaq istehsal edən qabaqcıl ölkələrindən biri olduğunu və Azərbaycanın Fransa ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulamışdır. Heydər Əsədov xüsusilə torpaq alqı-satqı sahəsində və kooperativlərin yaradılmasında Fransanın qabaqcıl təcrübəsinin öyrənilməsini, bu ölkənin Azərbaycanda öz tədqiqatlarının və ticarət əlaqələrinin genişləndirilməsini vacib saydığını bildirmişdir. Həmçinin adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğu diqqətə çatdırılmışdır.

Nazir Heydər Əsədov iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Fransanın Kənd Təsərrüfatı, Ərzaq Sənayesi və Meşə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanmasını və Fransanın "Aqrimer" texniki yardım agentliyi tərəfindən ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına texniki yardımın göstərilməsi imkanlarının araşdırılmasını təklif etmişdir.

Giyom Qaro 2014-cü ildə Fransa ilə Azərbaycan münasibətlərində daha çox nailiyyətlər əldə olunacağına əminliyini bildirmişdir. O, qida sənayesində təcrübə mübadiləsinin aparılması, heyvandarlıq sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi, treninqlərin keçirilməsi və digər məsələlərə dair təkliflər irəli sürmüşbunun dövlətlərarası və şirkətlərarası səviyyələrdə həyata keçirilməsinin mümkünlüyünü diqqətə çatdırmışdır. Giyom Qaro nazir Heydər Əsədovu Fransaya səfərə dəvət etmişdir.

Görüşdə Fransanın ölkəmizdəki səfiri Paskal Mönye iştirak etmişdir.

 

Azərbaycan.-2014.- 29 yanvar.- S.3.