Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan mətbuatının yaydığı məlumata münasibət bildirmişdir

 

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan mətbuatının Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi barədə yaydığı məlumata münasibət bildirmişdir.

XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev yanvarın 29-da keçirdiyi mətbuat konfransında demişdir ki, Xocalı soyqırımının tanınması və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin ABŞ-da ifşa olunması fonunda erməni lobbisi primitiv üsullara əl ataraq Los Anceles Şəhər Şurasında bəyanat tipli belə qətnamə qəbul etdirməklə, əslində, öz uğursuzluğunu etiraf etmişdir.

E.Abdullayev vurğulamışdır ki, bu sənədin qəbulu erməni lobbisinin şəhər şurasına siyasi və maliyyə təzyiqləri hesabına mümkün olmuşdur. O demişdir: "ABŞ-ın mövqeyi aydındır. Rəsmi Vaşinqton Dağlıq Qarabağı dövlət kimi qəbul etmir, Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini tanıyır. Bu, ABŞ-ın rəsmi mövqeyidir".

E.Abdullayev xatırlatmışdır ki, bir müddət əvvəl erməni lobbisi ABŞ-ın Haylend Şəhər Şurasında da buna bənzər qərar qəbul etdirmişdir. Bu absurddur. Çünki ABŞ "Dağlıq Qarabağ" adlı "respublika" tanımır. Elə bunu əsas gətirərək Haylend Şəhər Şurasının üzvü Codi Skot həmin məsələyə kəskin etirazını bildirmiş, şəhər, qəsəbə və kənd şuralarının da ABŞ-n rəsmi mövqeyinə uyğun addım atmalarının vacibliyini vurğulamışdır.

XİN-in mətbuat katibi bildirmişdir ki, indiyədək ABŞ-ın müxtəlif ştatları Xocalı soyqırımı və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 18 qətnamə qəbul etmişdir. Los Anceles Şəhər Şurasının qondarma "Dağlıq Qarabağ respublikası"nın "müstəqilliyi"nin tanınması haqqında qətnamə qəbul etməsi erməni lobbisinin çarəsiz cəhdləridir.

Son günlər erməni silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozmasına münasibət bildirən E.Abdullayev demişdir ki, Ermənistan tərəfi bu hadisələrlə əslində, dünya ictimaiyyətini çaşdırır, eyni zamanda, öz vətəndaşlarını yanlış məlumatlandırır. Amma bütün gərginliyin əsas səbəbi odur ki, Ermənistan Azərbaycan ərazilərini işğal etmişdir və rəsmi Yerevan qeyri-konstruktiv mövqe nümayiş etdirir.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 30 yanvar.- S.2.