Akademik Ramiz Mehdiyevin «Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri» əsəri Litva dilinə tərcümə edilmişdir

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" adlı əsəri Litva dilinə tərcümə edilmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, əsərin tərcümə olunmuş variantının bir hissəsi Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü ilə Litvanın populyar www.slaptai.lt portalında "Azerbaidzanieci genocido realijos" başlığı ilə yerləşdirilmişdir.

Əsəri Litva dilinə tanınmış tərcüməçi, ədəbiyyatşünas və publisist, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev tərcümə etdirmişdir. Tərcüməçi tərəfindən yazılmış ön sözdə litvalı oxuculara akademik Ramiz Mehdiyevin həyatı və yaradıcılığı haqqında məlumat verilmişdir.

Akademik Ramiz Mehdiyev 2000-ci ildə yazdığı "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" əsərində 20 Yanvar faciəsinin tarixi, milli, dinigeosiyasi köklərini dərindən araşdırıb üzə çıxarmış, qanlı hadisələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlılığını və prosesləri müxtəlif aspektlərdə geniş təhlil edərək mühüm elmi ümumiləşdirmələr aparmışdır.   

Əsərlə tanış olan litvalı siyasətçilər və tarixçilər akademik Ramiz Mehdiyevin bu əsərini 20 Yanvar faciəsinin tarixinin doğru-dürüst işıqlandırılması sahəsində mühüm elmi hadisə kimi qiymətləndirmişlər. Onlar hesab edirlər ki, geniş tarixi kontekstdə qələmə alınmış əsər öz elmi-tarixi məziyyətləri ilə yanaşı, Azərbaycan tarixinin, eyni zamanda, ən yeni dövr ümumdünya tarixinin öyrənilməsi baxımından mühüm elmi mənbədir.

Xatırladaq ki, Litva xalqı azadlıq istəyən dinc əhaliyə qarşı sovet hərbi təcavüzünün nə olduğunu öz təcrübəsindən yaxşı bilir. Belə ki, Bakıda baş vermiş 20 Yanvar hadisələrindən bir il sonra - 1991-ci ilin yanvarında litvalılar da qanlı Vilnüs hadisələrini yaşamışlar. Hər iki xalqın eyni aqibətlə üzləşməsinə baxmayaraq, indiyədək Litva dilində 20 Yanvar faciəsini elmi-tarixigeosiyasi planda belə yığcam şəkildə və dərindən təhlil edib açıqlayan əsər yox idi. Bu baxımdan akademik Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri" əsərinin Litva dilinə tərcümə edilib yayılması Litvada azərbaycanşünaslığa verilmiş əhəmiyyətli bir töhfədir.

Litvalı mütəxəssislərin fikrincə, geniş oxucu kütləsi akademik Ramiz Mehdiyevin bu əsəri ilə Litva dilində tanış olduqdan sonra Azərbaycan xalqının tarixi taleyinə daha yaxından bələd olacaq və Ermənistan-Azərbaycan münasibətlərində həm keçmişdə baş vermiş hadisələrin, həm də hazırda gedən mürəkkəb proseslərin əsl mahiyyətini dərindən öyrənmək imkanı əldə edəcəklər.

Litva ictimaiyyətinin marağını nəzərə alaraq, əsərin yaxın zamanlarda Litva dilində tam şəkildə nəşr edilməsi planlaşdırılır.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 31 yanvar.- S.2.