Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Yanvarın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki səfiri Zoran Vayoviç  ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələlər müzakirə edilmişdir.

General-polkovnik Zakir Həsənov Serbiyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunması istiqamətində göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirmişdir.

Səfir ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulamış, Serbiyanın daim Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd etmişdir.

 

Azərbaycan.-2014.- 31 yanvar.- S.2.