Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Cəlilabadda cənub bölgəsindən olan vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.

Yanvarın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabad Olimpiya İdman Kompleksində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləmişdir. Vətəndaşların müraciətləri əsasən təhsil sahəsindəki məsələlərlə bağlı olmuşdur.

Qəbula gələnlər TQDK-nın sədrinə növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklər, qəbul qaydalarında tətbiq olunan yeniliklər, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət imtahanları, buraxılış və monitorinq imtahanları və digər məsələlərə dair rəy və təkliflərini bildirmişlər.

Bəzi vətəndaşların komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

 

 

AzərTAc

Azərbaycan.-2014.- 31 yanvar.- S.4.