Novxanıda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş elmi praktik konfrans keçirilmişdir

 

Yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin  banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Abşeron rayonunun Novxanı kəndində görkəmli şəxsiyyətin anadan olmasının 130 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşkilatçılığı ilə "AF Hotel Aqua-Park"da keçirilən tədbiri AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov açaraq Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan tarixində, xüsusilə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolundan və digər tarixi faktlardan danışmışdır.

Elmi-praktik konfransda M.Ə.Rəsulzadənin mühacirət həyatı, siyasi publisistikası, xalqımızın milli şüurunun formalaşmasında rolu kimi mövzularda məruzələr dinlənilmiş, geniş fikir mübadiləsi aparılmışdır.

Tədbirdə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə çıxış edərək sovet rejimi dövründə onun ailəsinin başına gətirilən müsibətlərdən danışmışdır. O,  babasının xatirəsinə göstərilən ehtirama, görkəmli şəxsiyyətin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd edildiyinə görə minnətdarlığını bildirmişdir.

 

Azərbaycan.-2014.- 31 yanvar.- S.5.