İtaliyanın «İnformazione» xəbər portalında Bakıda keçiriləcək

 birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir

 

İtaliyanın "İnformazione" xəbər portalında 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilmişdir.

Yazıda Azərbaycanın paytaxtı Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının açılış mərasiminə 500 gün qalması ilə bağlı məlumat verilir. Qeyd olunur ki, Azərbaycan paytaxtında bütün Avropa xalqlarını birləşdirəcək möhtəşəm idman tədbiri keçirmək üçün yüksək səviyyəli hazırlıq işləri aparılır. Bu həftədən başlayaraq "Bakı-2015" Təşkilat Komitəsi Avropanın 49 Milli Olimpiya Komitəsinə idman növlərinin təsnifatı ilə bağlı məlumatı göndərməyə başlayacaqdır.

Diqqətə çatdırılır ki, Avropa Oyunlarının proqramında yeddi idman növündən az olmamaq şərti ilə 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün təsnifat xarakterli yarışlar olacaqdır. Bunlar velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və çimərlik voleyboludur. Proqrama digər idman növlərinin də əlavə edilməsi gözlənilir.  Yarışlarda 5 min 400-dən artıq idmançının iştirakı nəzərdə tutulmuşdur.

Məqalədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüAvropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin, Azərbaycanın gənclər və idman naziri, "Bakı-2015" Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovun, "Bakı-2015" Əməliyyat Komitəsinin baş əməliyyat rəhbəri Cim Şerin fikirlərinə də yer verilmişdir. Vurğulanmışdır ki, şübhəsiz, Azərbaycan bütün Avropanın heyran qalacağı əzəmətli bir idman yarışı təşkil edəcəkdir.

Yazıda, həmçinin "Bakı-2015" Avropa Oyunları ilə bağlı ətraflı məlumat da öz əksini tapmışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.informazione.it/c/FE6D6FA2-5BD6-428C-97BE-93F0AD00D272/Baku-2015-celebra-i-500-giorni-rimasti-all-inizio-degli-storici-primi-Giochi-Europei

 

 

 

Maqsud DADAŞOV,

AzərTAc-ın xüsusi müxbiri

Roma

Azərbaycan.-2014.- 31 yanvar.- S.5.